Kamran Quliyev: "Min şükür ki, gəlib bu vəziyyətə çıxmışıq"

Cari mövsümün ən böyük sensasiyasını araşdırmalı olsaq, heç şübhəsiz ki, ilk ağıla gələn “Sumqayıt”ın tarixi qələbəsi olacaq.

 

Ölkə Kubokunun yarımfinalına vəsiqə uğrunda yolda Çempionlar Liqasının qrup mərhələsində oynamış “Qarabağ”ı turnirdən kənarlaşdırmaq həqiqətən qəhrəmanlıq idi.

 

Sportinfo.az xəbər verir ki, "kimyaçılar” ardıcıl ikinci mövsümdü çempionatın ilk yarısını 4-cü pillədə bitirirlər.

 

 

Göründüyü kimi, “Gənclik şəhəri” təmsilçisi mövsümün ilk yarısını yetərincə uğurlu bitirməyi bacarıb.

 

Bəs, klubun prezidenti Kamran Quliyev necə, komandasının qış fasiləsinə gedən yoluna necə qiymət verir? Klub rəhbəri ilə söhbətimizə də məhz bu mövzudan başladıq (sport24.az).

 

“Qarabağ”da nə qədər ciddi itkilər olsa belə, bu, futbolçularımızın əməyini qətiyyən kiçiltməməlidi"

- Yayda yetərincə uğurlu transfer çalışmaları apardığımızı demək olar. Təbii ki, həmişə bunu planlaşdırırdıq. Ancaq heç də həmişə istəyimiz alınmır.  Hesab edirəm ki, hazırda heyətimiz əvvəlki mövsümlərlə müqayisədə qarşıya daha yüksək vəzifələr qoymaq üçün kifayət qədər rəqabətədavamlıdı. Hamıya məlumdu ki, çempionatımızda komanda sayı çox deyil - cəmi 8. Kiməsə elə gəlirsə ki, əvvəl “4-lüy”ə düşmək çətin idisə, indi asandı, yanılır. Çünki istənilən halda, avrokuboklara vəsiqə verən yer 4-dü. Belə deyək ki, ilk 2 yeri çıxmaq şərtilə, 3-cü pillədən sonadək rəqabət yetərincə ciddidi. Turnir cədvəlində ilk 2 yeri tutan komandalar – “Qarabağ”la “Qəbələ” Azərbaycanın ən güclü klublarıdı. Bu, aydın məsələdir və oturub müzakirə etməyin mənası yoxdu. Bu 2 klub təkcə heyətinə görə yox, infrastruktura, maliyyə dayaqlarına görə hamıdan üstündü. Düşünürəm ki, komandamız yay fasiləsində yaxşı transferlər etdi. Ötən mövsüm də qış fasiləsinə 4-cü pillədə yollanmışdıq. Onda bizə daha çətin idi. Bu mövsüm isə hesab edirəm ki, qış fasiləsində ən yaxın izləyicilərimizdən daha böyük fərqlə irəlidə yollanmalı idik. İndi 5-ci pillədən 4 xal irəlidəyik və bunu böyük fərq saymıram. Bəzi məqamlarda xoşagəlməz anlarımız, heç-heçələrimiz olmuşdu. Bu, ilk dövrədə “Keşlə”ylə oyun idi ki, onlara qalib gəlməli idik. Elə oyunlar oldu ki, üzücü məğlubiyyətlərimiz oldu. “Qəbələ”yə böyük hörmətimin olmasıyla yanaşı, qeyd etməliyəm ki, bu komandayla oyunda qol şanslarımız daha çox idi. Bir qapıya oynayırdıq. “Qəbələ” səviyyəli komandadı və bir qol imkanını dəyərləndirərək qalib gəldi. Qışadək istədiyimiz xalları toplaya bilməsək də, narazı adam təsiri bağışlamaq da istəmirəm. Hazırda 4-cü yerdə olmağımızdan razıyam. Əlbəttə, futbolçularımız ölkə kubokunun yarımfinalına çıxmaqla bizə xoş sürpriz etdilər. Özü də klubumuzun tarixində ilk belə nəticədi. Kimə qalib gəldiklərini isə yaxşı bilirsiniz. Bu haqda da ətraflı danışmağa lüzum yoxdu. 

 

- Sözsüz ki, kimə qalib gəlməyiniz məsələsinə toxunmalıyıq. Bəzən möcüzələr olur. Yəqin ki, siz də razılaşarsınız ki, bu, kiçik möcüzə idi...
- Dediyiniz mümkündü.

 

- Çünki “Qarabağ” elə səviyyədə komanda deyil ki, ona iki dəfə qalib gələ biləsən...
- Bu oyundan danışırıqsa, gəlin unutmayaq ki, “Qarabağ” sentyabrdan dekabradək çox gərgin qrafikdə oynayıb. Bu da Azərbaycan futbolu üçün idi. Komanda Çempionlar Liqasının qrupuna düşməklə ölkəmizə tarixi nəticə qazandırdı. Gərgin qrafik haqda hansısa ingilisə danışsam, güləcək. Çünki İngiltərə Premyer Liqasında yeni il ərəfəsində 3 gündən bir oyunlar keçirilir. Bu, onlar üçün normaldı və ingilislər eyni zamanda 4 turnirdə yarışırlar. Bunlardan 3-cü daxili yarışlarıdı, 1-di də Avropa. Aydın məsələdir ki, “Qarabağ”ın qrafiki yetərincə sıx idi. Üstəlik, heyətlərində ciddi itkilər vardı. İki aparıcı futbolçusu Riçard Almeydayla Dino Ndlovu zədə üzündən oynamırdı. Bədavi Hüseynovun neçə vaxtdı zədəli olduğunu hamımız bilirik. Rəşad Sadıqov isə heç də ideal formada deyildi. Nəticənin bilavasitə asılı olduğu iki futbolçu həmin gün heyətdə yox idi. Ancaq ilk matçda onlar vardı və hər biri qələbədə müəyyən pay sahibi oldu. Xatırlayırsınızsa, “Qarabağ”la Bakı Olimpiya Stadionunda da matçımız olmuşdu və onda da Almeydayla Ndlovu oyunun taleyini həll etmişdi. Ancaq o, çempionat idi, kubok tam fərqli yarışdı. “Qarabağ”da nə qədər ciddi itkilər olsa belə, bu, futbolçularımızın əməyini qətiyyən kiçiltməməlidi. Komandamız meydançaya qələbəyə çox yaxşı köklənərək çıxmışdı. İlk oyun çox çətin şəraitdə keçmişdi. Meydança yaxşı idi, ancaq çox güclü külək əsirdi. Hətta külək üzündən “CBC Sport”un şərhçisinin səsi eşidilmirdi. Bu matçda Rəşad Eyyubovun ifasında çox gözəl qolla hesabı aça bldik. Həmin qol bizə ümid verdi. Çünki elə də planlaşdırırdıq ki, səfərdə "Qarabağ"a qol vursaq, mərhələ şanslarımız olacaq. Sonda elə də oldu. Sumqayltda güclü azarkeş dəstəyimiz və futbolçularımızda ağlasılmaz motivasiya vardı. Uşaqlar başa düşdülər ki, “Qarabağ”a qarşı oynamaq, onu keçmək olar. “Qarabağ”ın daxili yarışlarda nə vaxt 2 top fərqiylə uduzduğunu xatırlamıram. Olubsa, çoxdan olub. 

 

- Çempionatda "Qəbələ"yə 0:2 hesabı iə uduzub....
- Bəli, ötən mövsümdə. Gəlin, bizi “Qəbələ”ylə müqayisə etməyək. “Qarabağ”la oyunda daha çox qol şansımız oldu. Parlaq qələbə qazandıq, həmin gün bizim üçün möhtəşəm gecə idi. Ən maraqlısı, bizim üçün ən xoş olan bilirsiniz nədi? İki oyunun nəticəsinə görə hesabda biz üstün idik. Yəni ümumi hesab bərabər olsun, səfər qolu sayəsində mərhələ adlayaq, belə şey olmadı. Üstəlik, “Qarabağ”la gərgin oyunları 4 gün ərzində keçirdik. Özü də güclü rəqibə qarşı ciddi müqavimət göstərərək sonda qalib olduq. Təbii ki, bu, bizim üçün tarixə düçəcək bir oyundu. Bu, çox xoşdu. İndi şansımız var ki, kuboku qazanmaq uğrunda mübarizə aparaq.

 

- Hesab edirsiniz ki, “Sumqayıt”ın kubokun sahibi olması realdı?
- Bəli, niyə də yox?! Özü də unutmayaq ki, kuboku qazanmağımız bizə Avropa Liqasına birbaşa vəsiqə verəcək.

 

"Uğurun sirrindən danışırıqsa, hər şey komandada atmosferdən başlayır"

 - “Bakılı oğlanlar”ın hər il konsertləri keçirilir. Onların birində belə sual verilmişdi ki, 8 gün dalbadal səhnədə çıxış etmək enerjisini hardan alırsınız? Bəhram Bağırzadə irəli qaçaraq cavab verdi ki, Respublika Sarayının kassalarından. Bəlkə sizin uşaqlar da qələbəni “Sumqayıt”ın kassasında görürdülər ki, yaxşı mükafat olacaq və buna görə inanılmaz əzmkarlıq vardı?
- Uğurun sirrindən danışırıqsa, hər şey komandada atmosferdən başlayır. Fərqi yoxdu, hara gəlirsiniz, qapını açanda ab-havanın yaxşı olduğunu görürsünüzsə, hər şey də bundan başlayır. Düşünürəm ki, bizdə ab-havayla bağlı heç kim şikayətlənmir. Həmişə demişik ki, klubda sağlam ab-hava var. Bu da uğurun əsas səbəbidi. İkincisi, bizdə yaxşı korpus var - inzibatçıdan başlayaraq baş məşqçiyədək və yaxud əksinə. Həmin Bəhramı çox yaxşı tanıyıram. Kassada nə qədər böyük pullar olsaydı belə, Bəhramın, İmanov qardaşlarının, mərhum Anar Məmmədxanovun istedadı olmasaydı, belə bir komanda yaratmasaydılar, heç kim onları sevməzdi, kassaya 1 manat belə verib konsertə gəlməzdi. Bəli, korpusumuz çox yaxşıdı. Elə insanlar ki, diqqət mərkəzində olmurlar, kölgədə qalırlar, ancaq əməkləri böyükdü və futbolçularımız yalnız öz peşəkar öhdəliklərini yerinə yetirmək, futbolla məşğul olmaq üçün hər gün səylə çalışırlar. Ən vacibi, stadiona çıxanda olan atmosferdi. Hər ev oyunumuza təxminən 2 min azarkeş gəlir. Onların səndən yalnız bir istəyir var – “Qarabağ”ı keçmək! “Qarabağ” Azərbaycan üçün o qədər böyük komandadı ki, hazırda “1 nömrə” sayılmağa haqq edir, buna layiqdi. Kiçik böyüklə vuruşanda, həmişə kiçiyə azarkeşlik edirsən. Digər idman növlərində bu, daha çox göz qabağında olur. Məsələn, tennisdə. 

 

- Yəni hamı qarşılaşmada autsayderə azarkeşlik edir... 
- Bəli, “Qarabağ”la cütlükdə autsayder idik. Bu, heç müzakirə olunmur. Autsayder güclüyə 3 elə zərbə vurdu ki, dueli kənardan izləyənlərə - azarkeşlərə çox xoş oldu. Bəli, oyunadək futbolçulara mükafat vəd etdik. Ancaq futbolçu üçün maddi qazancdan əlavə prinsipial qazanc da var. Yəni “mən “Qarabağ”a qalib gəldim” kimi motivasiya. Həmin şeyi ki, “Atletiko” bacarmadı. Antuan Qrizmann “Qarabağ”a qol vura bilmədi, ancaq Amil Yunanov, Kamal Mirzəyev, Rəşad Eyyubov bunu reallaşdıra bildi. Özü də baxımlı qollara imza atdılar. Məgər bu, azdı? Meydana çıxırsan, deyirsən ki, “Qarabağ”a qol vuracam və bunu da gerçəkləşdirirsən. Onu da nəzərə alaq ki, “Qarabağ”ın əsas qapıçısı İbrahiç Şehiçə. Həmin Şehiçə ki, "Atletiko"ya qarşı oynamışdı. Həmin Şehiç ki, Çemponlar Liqasının bir həftəsində ən yaxşı seçilmişdi. “Sumqayıt” isə Şehiçə 4 gündə 3 qol vurur. Bu, azdırmı? Əksinə, bu, yaddaqalan məqamdı. Bu tarixi nəticəni qazanandan sonra mükafatdan həzz alırsan. Bir məqama da diqqət yetirək. Ötən mövsüm xatılrayırsınız ili necə bərbad başa vurduq... Həmin “Qarabağ”a həmin 1/4 finalda 2 dəfə böyük hesabla uduzduq - səfərdə 0:4, evdə 2:6. İki oyuna 10 top buraxdıq. “Qarabağ”da həmin futbolçulardı, bunu da nəzərə alaq. Məgər “Qarabağ” ötən mövsümlə müqayisədə nə dərəcədə dəyişib ki?

 

- Əksinə, güclənib...
- Yalnız iki futbolçu ilk dəqiqələrdən oynayırdı - Donald Gerye ilə Pedro Enrike. Bir vaxtalar “Qarabağ” yeni ilimizi korlamışdı. Deyə bilmərəm ki, biz də onların yeni ilini korladıq. Çünki “Qarabağ”ın elə ili olmuşdu ki, hər kəs həsəd aparar. Sadəcə, qış fasiləsində yaxşı əhval-ruhiyyədə yollanmağa layiq idik və bunu da həyata keçirdik. Bilirəm ki, bütün azarkeşlər komandayla fəxr edir. Ancaq indi yarıyoldayıq. Sonrasına baxarıq.

 

"Samir Abasov “Atletiko”da Dieqo Simeonenin dərsini oxuyanda, həm də onun dərsini keçdi"

- “Sumqayıt”ın uğurunun çəkisini artıran bir məqam da odur ki, hər iki oyunda baş məşqçisi olmadı. Məlumdu ki, Samir Abasov “Qarabağ”la kubok matçları zamanı PRO kateqoriyasıyla bağlı “Atletiko”nun düşərgəsində idi. Bəli, komandanı oyunlara əsas köməkçisi Seymur Rəhimov çıxarmışdı. Ancaq o, Abasov deyil. Həmin anlarda klub rəhbəri olaraq bir narahatçılığınız vardımı ki, çox güclü rəqiblə matçda baş məşqçinin yoxluğu öz mənfi təsirini göstərə bilər?
- Samir Abasov PRO kateqoriyasının vacib tərkib hissəsi olan praktikanı keçməsi səbəbiylə olmamağı komandamıza ancaq və ancaq mənfi təsir edə bilərdi. Ancaq şükürlər olsun ki, onun səfəri cəmi 1 həftə çəkdi. Abasov daim əlaqədə olub, oyun qabağı bütün məsələləri köməkçisiylə müzakirə edib. Bir söz deyim ki, Samir müəllim özünə köməkçi seçəndə, elə edib ki, onu layiqli əvəzləsin. İnsan xəstələnə və ya başqa səbəbdən komandadan kənarda qala bilər. Baş məşqçi həmişə etibar edə bildiyi insanları özünə köməkçi götürür. Kim hansı səviyyədədi, bir Allah bilər. Ən azından onlar müttəfiqdirlər, futbola baxışları oxşardı. İnanın ki, Samir Abasov “Atletiko”nun düşərgəsində 1 yox, 3 həftə olsaydı da, problem yaranmayacaqdı. Məsələni ab-havaya gətirib çıxarıram. Burda vahid yumruq kimi işləyən bir kollektiv var. İnzibatçılardan tutmuş baş məşqçiyədək. Orda zarafatdan savayı başqa söhbətlər ola bilməz. Samir Abasovun bu qələbədə bilavasitə, birbaşa payı böyükdü. Seymur Rəhimov onun köməkçisi, həmkarı, silahdaşıdı. İnanmıram ki, onların iştirakı olmadan qələbənin şahidi ola bilərdik. Həkimlərin də, fizioterapevtin də - hamının orda payı var. Samir Abasov həmin anda “Atletiko”da idi. Hardasa bir bağlılıq var (gülür). 

 

- Həmin “Atletiko” “Qarabağ”a iki oyunun heç birində qalib gələ bilmədi, ancaq "Sumqayıt" baş məşqçisiz bunu bacardı...
- Gəlin bunu deyək ki, Samir Abasov “Atletiko”da Dieqo Simeonenin dərsini oxuyanda, həm də onun dərsini keçdi. Dedi ki, gör, “Qarabağ”a qalib gələ bilirəm, ona yolunu göstərirdi. Yəqin ki, Simeoneyə bunun sirlərini açırdı. (gülür).

 

"Legionerlərlə bağlı siyasətimizi dəyişmək bizim üçün ya çox tezdi, ya da çox gec"

- Artıq yarımfinaldasınız. Qarşıda “Keşlə”ylə 2 oyun var. Sonra mümkün final, titul və avrokuboklar. Qış fasiləsinədək gördüyümüz komandanın heyəti bu vəzifələri yerinə yetirməyə yetərlidimi?
- Məncə, deyil. Hesab edirəm ki, qısa skamyamız var. İndi 2 təcrübəli futbolçunu komandamıza cəlb etdik. Bir də fikrimizcə, çox perspektivli gənc oyunçunu. Fikrimcə, Elnur Abdulalyevlə Nicat Qurbanovu geniş təqdim etməyə ehtiyac yoxdu. Üstəlik, Elnur yarımfinalda rəqibimiz olan “Keşlə”dən, yenidən qurulan komandadan gəlib. Onların çox ambisiyalı rəhbərliyi var, bunu hamımız bilirik. “Keşlə”nin yeni baş məşqçisi var və hər şeyə ağ səhifədən başlayırlar. Onlara uğurlar arzulayıram. Yalnız bizimlə matçlardan başqa. Rəqibimiz adlı-sanlı komandadı. Ancaq biz onlardan qorxmuruq, bu, dəqiqdi. “Qarabağ”ı məğlub edən bu futbolçular “Keşlə”dən qorxmamalıdırlar, qorxamayacaqlar da. Allah bizi zədələrdən qorusun. Təbii ki, heyəti gücləndirməyimiz lazım idi. Bunu da etdik. Düzdü, tam istədiyiniz, planlaşdırdığımız kimi olmadı. Ancaq hər şey bizdən asılı deyil. Bildiyiniz kimi, daxili transfer bazarında məhdudiyyətlər var, komanda yalnız yerli futbolçulardan təşkil olunub. 

 

- Legionerlərin cəlb olunması “Sumqayıt”ın planlarında da yoxdu?
- Bəli. Yerli futbolçularla işləyirik. Siyasətimizi dəyişmək bizim üçün ya çox tezdi, ya da çox gec. Ola bilər ki, klubun nə vaxtsa infrastruktur, maliyyəsində çox böyük ambisiyaları olacaq, onda siyasəti dəyişmək məsələsinə baxa bilərik. Ya da çox gecdi və tutduğumuz yolla irəliləməkdə davam etməliyik. Məncə, son 2 ildə bizdə heç də pis alınmır. Keçən mövsüm bir ayağımızla avrokuboklarda idik, indisə mövsümün cəmi yarısı keçdiyini nəzərə almalıyıq. Ötən mövsüm sona 3 tur qalmış “Zirə”ylə matçda son saniyələrdə penaltidən buraxdığımız qolla avrokuboklara vəsiqəni əldən verdik. “Qəbələ”dən icarəyə görüdüyüümüz Ülvi İsgəndərov əvəzedicilərin çempionatında bombardirdi. İndi onu U-21 yığmamızın təlim-məşq toplanışına cəlb ediblər. Fikrimcə, baş məşqçi Rəşad Sadıqovu onu elə-belə götürməyib, sınaqdan keçirmək istəyir. Həmişə “vuran ayaq”larla bağlı problemimiz olub. Heyətimiz indi də geniş deyil, ancaq mövsümün ilk yarısıyla müqayisədə futbolçularımızın sayı bir az artıb. Bununla belə, yenə azdı. Belə demək olar ki, hər mövqeyə 1,5 futbolçumuz var, iki deyil. Bizdə uzunmüddətli zədələr olub. Cavid Tağıyevin hələ “Zirə”yə evdə 2:1 hesabı ilə qalib gəldiyimiz oyundan zədəsi vardı. Bu matç hələ noyabrda olub və ondan sonra çoxlu, dalbadal qarşılaşmamız olub.  Onu demək istəyirəm ki, Cavid uzun müddət buraxmalı oldu. Tağıyevin yoxluğu bizim üçün ciddi itki idi. O, “Neftçi” və “Zirə”ylə matçları çox yaxşı keçirdi. Yenicə özünü xatırlatmağa başlayırdı ki, zədə onu yenə geri saldı. Ümid edirik ki, bütün ölkə gec-tez Cavidə bel bağlayacaq. Hər kəs Tağıyevin potensialına bələddi. O, “Zaltsburq”a qalib gələn “Qarabağ”ın heyətində oynamış futbolçudu. Elə bir adam zəif futbolçu ola bilər? Ancaq görünür hardasa boşluğa yol verib. Unutmayaq ki, Cavidin hələ 25 yaşı var. Fizioloji göstəricilərini də nəzərə alsaq, hələ rahat-rahat 7-8 il yüksək səviyyədə futbol oynaya bilər.

"Ümid edirəm ki, “Neftçi”ylə mübarizəmiz sonadək davam edəcək"

- Necə düşünürsünüz, “Avropa qapıları”nı açmaq hansı cəbhədən daha realdı: çempionat, yoxsa kubok?
- Hər ikisində mübarizə aparacağıq. Arxamızda zəngin avrokubok təcrübəsi olan komandanın nəfəsini hiss edirik. Ancaq həmin “Neftçi” heyət baxımından bir az təcrübəsizdi. Təcrübəli baş məşqçisi var. Tərlan Əhmədov Böyükağa Hacıyevin rəhbərliyi altında, onun əsas köməkçisi kimi Avropa Liqasının qrup mərhələsində iştirak edib. Ancaq həmin heyətdən “Neftçi”də heç kim qalmayıb. Neçə ildi idman jurnalistikasındasınız, yaxşı bilirsiniz ki, ad, 5 faiz də olsa rol oynayır. Ancaq “Neftçi”dən qorxmuruq. Sizə bir statikstika deyim ki: “Neftçi”ylə son 7 oyundan yalnız 2-də yenilmişik. Qalan 5 matçın 4-də qalib gəlmişik. Yəni “Neftçi”ylə son vaxtlar yaxşı oynayırıq. O başqa məsələ ki, indi yaxşı baş məşqçisi var, heç də pis futbolçu seçiminə malik deyillər. Ola bilər ki, qış fasiləsində də güclənsinlər. Ümid edirəm ki, “Neftçi”ylə mübarizəmiz çempionatın sonunadək davam edəcək. Onu da nəzərə alaq ki, bu komanda kubokda da rəqibimizdi. Ola bilər ki, 4-cü yeri tutaq, ancaq kuboku qazanmadığımızdan avrokuboklardan kənarda qalaq.


 

- Təzadlı hal da odur ki, indi 4-cü yer Avropa Liqasına vəsiqəyə zəmanət vermir...
- Tamamilə doğru qeyd etdiniz. “Qarabağ”ı keçdik. Kubokda “Qəbələ” var və onlar, çox güman çempionatı ilk “3-lük”də bitirəcək. Sadəcə, çox şey özümüzdən asılıdı. Çoxları belə deyir ki, futbolçuları kökləmək lazımdı. Bunu kim etməlidi? Baş məşqçi, komandada olan ab-hava, klubdakı işlər futbolçuları qələbəyə kökləyir.  Bütün bunlar zəncirvari bir-birinə bağlıdı. Çoxları elə düşünür ki, suyu futbolçuya gec versən də problem deyil. Sudu da, içəcək. Yox, onu da vaxtında vermək lazımdı. Yaxud çoxları fikirləşir ki, təlim-məşq toplanışına Antalyaya getdinsə, bu, yetər. Yetmir! Antalyada o ab-havanı yaratmalısan, yoxlama oyunları üçün müvafiq rəqibləri tapmalısan, futbolçuların vitaminləşmə prosesini düzgün həyata keçirməlisən. Futbolçuları düzgün fiziki, mənəvi planda hazırlaşdırmalısan ki, çempionatın sonunadək hazır olsunlar. Bu, artıq baş məşqçiyə aid olan məsələdi. Bir şeyi də diqqətinizə çatdırım. Bu il çempionatın sonunda bəzi futbolçular oruc tutacaqlar. Bu, ilk çempionatdı ki, Ramazan ayı başlayanda çempionat davam edəcək. Biz isə azərbaycanlı futbolçularla oynayırıq. Böyük ehtimalla, oruc tutan futbolçularımız olacaq. Onlara bunu qadağan edə bilmərik. Ümumiyyətlə, heç kim heç kimə nəyisə qadağa edə bilməz. Futbolçu özü seçim edəcək. Ona görə bütün amilləri əvvəldən nəzərə almaq lazımdı. Hər şey Allahın əlindədi. Uğur qazanmağa çalışacağıq.


 

- Döyüş kənardan hər zaman asan görünür. Ancaq “Sumqayıt”ın məhz bu il parlamasının arxasında damcı-damcı topladığı əvvəlki mövsümlərin də zəhməti dayanır...


- Elədir ki, var. Bəzi adamlar fikiləşir ki, “Sumqayıt” hazır kadrlar üzərində qurulmuş komandadı. Belə düşünənlərə heyfsilənirəm. Çünki Bəxtiyar Həsənalızadə, Xəyal Nəcəfov kimi gənc futbolçuları biz özümüz yetişdirmişik. Hər ikisi Premyer Liqada xeyli sayda oyun keçirib. Xəyalın 2017-ci ilin dekabrın 19-da 20 yaşı tamam oldu, Premyer Liqada artıq 50-dən çox oyunu var. 


"Sumqayıt"da stabil sponsorluq, maddi dəstək var"

- Komandanın müsbət tərəflərini qeyd etdiniz. Bəs mənfi? İlk yarıda nədən narazı qaldınız?
- Boşa verdiyimiz xallar. Allahın qədəridi. Min şükür ki, gəlib bu vəziyyətə çıxmışıq. Şükürlər olsun ki, çox stabil sponsorumuz var.  Maliyyə stabilliyi olmasa, klubun yaşaması çox çətindi. Maliyyə stabilliyinin nə demək olduğu “İnter”də gördük də. Qeyri-sabitlik klubun “belini qırdı”. Bizdə stabil sponsorluq, maddi dəstək var. Yaxşı olardı ki, daha çox xal yığardıq. Kifayət qədər xal toplamamışıq. İndi ən yaxın izləyicimizlə xal fərqi 4-dü. Planımızda isə 6 olması idi. Əlbəttə, azarkeşlərin soyuqda kənarda durub baxmağı yaxşı hal deyil. Təbii ki, bunu görürük. İnanırıq ki, nə vaxtsa bu məsələ həll olunacaq. Bildiyiniz kimi, iki yeniyetmə futbolçumuz artıq Premyer Liqada debüt edib. Bunlar 2001-ci təvəllüdlü futbolçulardı.


 

- Bəli, Səbuhi və Rüfət Abdullazadələr. Özü də qohumdurlar - əmiğolanları...
- Bəli, əmiuşaqlarıdı. Əmilərini də tanımırıq, atalarını da (gülür). Ancaq özləri yaxşı uşaqlardı. Atalarına minnətdaram, tərbiyəli uşaqlar böyüdüblər. Özü də məktəbi yaxşı oxuyan uşaqlardı. Çox maraqlı şeydi. Səbuhi əlaçıdı. Bu, meydanda da hiss olunur, başı yaxşı işləyir. Gələcəkdə ondan bəlkə Qara Qarayev çıxa bilər. Yaxşı dayaq yarımmüdafiəçisidi. Rüfət hücumameylli yarımmüdafiəçi - Vidadi Rzayev tipdə bir futbolçudu. İstənilən an “partlaya” bilər. Düzdü, onların bu futbolçuların səviyyəsinə gəlib çıxmaları üçün illər lazımdı. Onların işi hələ qabaqdadır. Allah eləsin ki, karyeraları uğurlu olsun.

 

- Bəxtiyar “Sumqayıt” yaranandan buradadı...
- Elədi. 25 yaşı var, Premyer Liqada 100-dən çox oyun keçirib. Futbolçu var ki, neçə illərdi bizim heyətdədi – Vurğun Hüseynov. 5 ildi “Sumqayıt”da oynayır. Azərbaycanın ən güclü mərkəz müdafiəçilərindən biridi. Bizdə ənənə var ki, heyət stabil olsun. Bizdə elə şey yoxdu ki, 1 il keçdi, gəlin, heyəti dağıdaq, yenisini yığaq. Futbolçuların çoxu neçə ildi bizimlədi. Digər klublarda oynayan, ancaq bizim üzə çıxardığımız o qədər futbolçu var ki... Ancaq bəzi fikirlər səslənir ki, “Sumqayıt”ın öz yetirməsi yoxdu.  Biz öz yetirmələrimizi hazırlayırıq. Aydın məsələdi ki, 2001-ci il təvəllüdlü oyunçularımız hələ futbolda heç nə etməyiblər. Onlar bunu edəcəklər, ya yox, bunu Allah bilir. Ancaq insanda cəsarət olmalıdı ki, “Keşlə”ylə matçda Rüfəti buraxsın. Bəli, Səbuhini “Kəpəz”lə meydana buraxanda hesab 3:0 idi. O, “Sabah”la kubok matçında elə oyun göstərdi ki, birmənalı matçın ən yaxşısı idi. Mən buna cavahdehəm. Düzdü, “Sabah” Divizion təmsilçisidi və ölçü vahidi deyil, ancaq onların heyətində təcrübəli futbolçular oynayırdı. Səbuhi belə oyunçulara qarşı nə istəyirdi, edirdi. 85 faiz dəqiq ötürmələri vardı. Hər şey onun üzərində qurulurdu.    


"İki yeni meydançamız olacaq, yeni tribunaların quraşdırılması məsələsini bu il qaldıracağıq"

- İnfrastrukturla bağlı məsələlərə toxunmaq istərdik. Gözlənilirdi ki, stadionunuzda yeni tribunalar olacaq. Və yaxud “Sumqayıt” başqa stadiona köçməyi planlaşdırırdı. İşlər hansı mərhələdi?
- İndi yalnız təsdiq olunan məsələlər haqda danışa bilərik. Təsdiq olunan isə odu ki, növbəti mövsümdə təbii ot örtüklü meydançamız olacaq. “Kapital Bank Arena”da qazonun dəyişdirilməsiylə bağlı AFFA-ya müraciətimizə müsbət cavab verilib və assosiasiyamızın dəstəyilə bunu həyata keçirəcəyik. Stadionumuzun arxasında təbii örtüklü meydançamız olacaq ki, bu da məşq üçün nəzərdə tutulacaq. AFFA-nın meydançalarla bağlı bir proqramı var – “GROW-2020”. Daha bir meydançamız olacaq ki, bu, bütün komandalarımız üçün nəzərdə tutulacaq. Söhbət indiki süni örtüklü əsas meydançamızdan gedir. Əsas komanda ancaq fors-major hallarda orda məşq edəcək. Meydançalara cavabdeh şirkət hava şəraiti ilə əlaqədar bizə tövsiyə etsə ki, təbii örtüklü meydanlarda məşq etməyək, sünidən istifadə edəcəyik. Süni meydançada oynayan komandalarla, məsələn, “Zirə”, “Keşlə”ylə matçlara hazırlığı orada keçirəcəyik. Bu, kiçik, ancaq vacib amildi.  Bizim akademiya da həmin meydançada məşq edəcək. Ancaq onların daha çox imkanı olacaq. Əvvəl hamı onu gözləyirdi ki, Samir Abasovun komandası, əvəzedicilərimiz – Elbrus Məmmədovun komandası nə vaxt məşqi bitirəcək. İndisə boşluq olacaq. Əvəzedicilərimizi də bəzən təbii ot örtüyünə buraxacağıq. Bu, qazonun durumundan asılı olacaq.


- Bəs tribunalar?
- Bu haqda heç nə deyə bilmərəm. Ümid edirəm ki, bu məsələni cari ildə qaldıracağıq. İl isə yeni başlayıb. Hamımız istəyirik ki,  ev oyunlarımızda azarkeşlər tribunalarda daha çox yer alsın. Onlar buna layiqdi, çünki sadiq azarkeşlərimiz var. Bunun üçün arenada lazımı şəraitin olması lazımdı. İstəmirik ki, azarkeşlərimiz oyunlara stadionun kənarından baxsın.  Çalışamalıyıq ki, onlara maksimal şərait yaradaq. Bu, ən azı normal şərait olmalıdı.

 

Tarix: 12 Yanvar 18:48    Oxunub: 462    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 May 2018
25 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.