“Neftçi”də subaylara “komendant saatı" tətbiq olundu

“Neftçi” 2017-ci ildə ilk oyununu yanvarın 14-də keçirəcək.

 

Sözügedən komanda "Keşlə” ilə qarşılaşacaq. İsmət Qayıbov adına təlim-məşq bazasında olacaq yoxlama oyunu saat 15:00-da başlanacaq.

 

Yanvarın 17-dən etibarən Türkiyədə keçiriləcək təlim-məşq toplanışı çərçivəsində nəzərdə tutulan hazırlıq görüşlərindən birində isə rəqib dəyişib. "Neftçi” yanvarın 25-də Odessa "Çernomorets”i ilə deyil, Sofiya "Slaviya”sı ilə üz-üzə gələcək.

 

“Neftçi” Antalyadakı təlim-məşq toplanışı çərçivəsində yanvarın 22-də Rusiyanın "SKA-Xabarovsk”, 25-də Rumıniyanın "Konkordiya”, 27-də isə Rusiyanın "Krılya Sovetov” klubları ilə də qarşılaşacaq.

 

Bakılılar bu yoxlama görüşlərindən çox şey gözləyir. Axı komandanı sezonun ikinci yarısında olduqca məsul oyunlar gözləyir.

 

Kubokda yarımfinala qalıblar. Üstəlik, Premyer Liqada medal qazanmaq şansını özolərində saxlayıblar. Antalya səfəri göstərəcək ki, «ağ-qaralar» bu ağır imtahana nə dərəcədə hazırdı.

 

Hər hazırlıq dönəminin iki başı var – biri seleksiya, biri nizam-intizam. Tərlan Əhmədov hər iki spektr üzrə dayanmadan çalışır. O, cari qış fasiləsində artıq 10 futbolçunu yola salıb.

 

Boliviyaya yollanan Uqo Barqasdan öncə 9 nəfər - Pavel Dreksa, Rahil Məmmədov, Aqşin Qurbanlı, Fəhmin Muradbəyli, Məqsəd İsayev, Maksim Vaylo, Təyyar Məmmədov, Tərzin Cahangirov və Edson Kastilyo ilə yolları ayırıb. 

 

Təcrübəli mütəxəssis komandadaxili məsələlərə də ciddi diqqət yetirir. «Beton intizam» yaradıb. «Neftçi»nin Azərbaycan klubları içində ilk dəfə Avropa Liqasına vəsiqə qazanmasına böyük qatqıları olmuş Əhmədovun həyata keçirdiyi yenilik çox maraqlıdı.

 

O, ailə həyatı qurmayan bütün yerli futbolçulara «komendant saatı» tətbiq edib. Belə ki, subay oyunçular bazada yerləşdirilib. Onlar gündəlik məşqlərdən sonra naharı burda etməli, hara gedirlər getsinlər, saat 23:00-dan gec olmamaq şərtilə bazaya dönməlidilər.

 

Qoyulan vaxtdan 1 dəqiqə gec qayıdanlar cərimələnirlər. Əhmədov bunu təsadüfən fikirləşməyib. Gənclərin gecə həyatına meyl salmasının, asudə vaxtını boş yerə xərcləməsinin qarşısını almaq üçün.

 

SPORTİNFO.AZ

Tarix: 12 Yanvar 14:12    Oxunub: 408    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Yanvar 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.