"Ailəni çörəksiz qoymuşam, görsəm ki, AFFA məni bağışlamır..."

Dekabrın əvvəlində oyunların futbol nəticələrinin manipulyasiyasında təqsirləndirilərək futboldan ömürlük uzaqlaşdırılan Mirhüseyn Seyidovla Nizami Hacıyevə “İnter”lə “Neftçi”də işləmiş metodist-məşqçi Ağakişi Mehdizadə də qoşuldu.

 

Araşdırmalar nəticəsində hələ ki adları çəkilənlərin günahı sübuta yetirilsə də, Qurban Qurbanovun yığma mövzusundakı mətbuat konfransında AFFA-nın baş katibi Elxan Məmmədov açıqlamasında dalğanın davamının gözlənildiyini gizlətməmişdi.

 

Sportinfo.az xəbər verir ki, hələlik bu üç nəfərdən başqa günahkar tapılmayıb.

 

Hər üçünə apellyasiya şikayəti vermək imkanı yaradılmışdı ki, günahkarlar bu hüquqdan istifadə etdi. Yəni özlərini müdafiə edəcək qeydlərini, ya da bağışlanmaları üçün xahişlərini ağ vərəqə həkk etdilər.

 

Üstündən bir aya yaxın vaxt keçsə də, hələ ki bir xəbər yoxdu. Cəzalarının yüngülləşdirilib-yüngülləşdirilməyəcəyi bilinmir. Şanslar az görünsə də, yox deyil. 


Maraqlıdı, futbol üzünə həsrət qalanlar nə edir? Başlarını nə ilə qatırlar? Nəyə ümid edirlər? Apellyasiya şikayətlərindən səs-soraq olmadığını görüb, yenidən AFFA-nın inzibati binasına üz tutmaq niyyətləri var?

 

Nizami Hacıyevlə danışmaq mümkün olmadı. Daha doğrusu, daim əlaqə saxladığımız nömrəsinə artıq neçə vaxtdı zəng çatmır. Yaxınlarından əldə etdiyimiz məlumata görə, Hacıyev ümidini Allaha və AFFA-dakıların insafına bağlayıb. Vaxtını ailəsi və dost-tanışı ilə keçirir, bəzən yığışıb həvəskar səviyyədə futbol oynayırlar.

 

Bağışlanacağına ümidi az olsa da, futboldan əlini üzməyib. Mirhüseyn Seyidov da davamlı zənglərimizi cavabsız qoydu. Əvəzində göndərdiyi mesajla müəyyən məlumat vermiş oldu:

 

“Bakıda deyiləm, bir az uzaqdayam. Ona görə zəngə cavab verə bilmədim. Hələ ki xəbər-ətər yoxdu. Mən də hamı kimi oturub gözləyirəm. Gözləyirəm, inşallah, yaxşı olar. Qərarla bağlı hansısa yenilik olsa, hamının xəbəri olacaq”. 

Futbol ictimaiyyətinin “Bobo” kimi tanıdığı Ağakişi Mehdizadə isə hələ də özünə gələ bilmir. Ürəyi doludu, sadəcə, qulaq asıb, başa düşəni yoxdu (Futbol+): “Evdəyəm, qızımla oynayıram, cizgi filmlərinə baxıram. Başqa nə edəcəm?

 

Hərdən məşq edib başımı qatıram. Apellyasiya şikayətinə yanvarda cavab verəcəklərini demişdilər. Hələ ki səs-soraq yoxdu. Oturub gözləməkdən başqa çarəm yoxdu. Futboldan ömürlük uzaqlaşdırılmışam. Ola bilsin, qərar isti başla verilib.

 

Mən oyun almamışam, satmamışam. Yeganə səhvim nəyisə bilib deməməyim olub. Buna görə bu cür cəzaya layiq görülməyim ağır deyilmi? Cəzalanmalıyam, mütləqdi. Amma ömürlük cəza çox ağırdı. Sanki bir nəfəri öldürənlə hadisəni kənardan izləyən hal şahidinə eyni cəza verilir.

 

Bir aydan çoxdu kənarda qalmışam. Evdə işsiz oturub gözləyirəm. Futbolçuların videoroliklərini düzəldirəm, ordan 3-5 manat qazanıram. O da daimi gəlir yeri deyil. Heç olmasa, cəzamın müddətini azaltsınlar, bir az təskinlik tapım. Apellyasiya şikayətinə cavab verməsələr, yaxın günlərdə özüm AFFA-ya baş çəkəcəm.

 

Görsəm ki, bağışlamırlar, yeganə əlacım ölkəni tərk etmək olacaq. Gedib başqa yerdə bir iş tapıb işləyərəm. Yeganə ümidim cəza müddətinin azaldılmasınadı. Ailəni çörəksiz qoymuşam. Razıyam, lap 5-6 ay pulsuz işləyim, amma hansısa işlə məşğul olum.

 

Evdə otururam, ürəyim partlayır. İndiyə qədər çalışdığım klublarda rəhbərliyin, məşqçilərin, futbolçuların işimlə bağlı narazılığı olmayıb. Sadəcə, bir dəfə lazım olmayan yerə başımı soxdum, sonu da belə oldu. İnşallah, yaşımı, ailə vəziyyətimi və işə olan sevgimi nəzərə alıb, cəzamı yüngülləşdirərlər. Allahdan istəyim budu”.

Tarix: 12 Yanvar 00:20    Oxunub: 530    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Yanvar 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.