Ziya Məmmədovun “Delfin”li dönüşü, yoxsa imitasiya... OLAYLI "BAKI"

Sabiq nəqliyyat naziri Ziya Məmmədovla keçmiş şəriki  Hafiz Məmmədov arasında maliyyə çəkişməsi barədə yeni məlumatlar var.

 

Məlumdu ki, bir müddət öncə “Delfin” hotelin təsisçisi olan “Delfin” MMC məhkəməyə müraciət edib. MMC 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsində “Hafka”nın “Bakı”ya qarşı iddia qaldırıb.

 

Klubun bazası hotelə bitişik sahədə yerləşir və həmin sahə sabiq nazirin ailəsinə məxsus olub. MMC klubun onların xüsusi mülkiyyətində olan sahədən çıxarılmasını tələb edib. Paytaxt təmsilçisi də qarşılıqlı iddia verərək, həmin torpaq sahəsi üçün ödədiyi pulun geri qaytarılmasını istəyib.

 

Məhkəmə “Delfin”in iddiasını təmin edərək, klubun həmin ərazini tərk etməsinə qərar verib. H.Məmmədjovun iddiası isə rədd olunub və ona hər hansı məbləğdə pulun ödənilməsi nəzərdə tutulmayıb.

 

Bundan sonra “Bakı” yuxarı instansiya məhkəməsinə müraciət edərək qətnamədən şikayət edib. İşə yanvarın 9-da Bakı Apelyasiya Məhkəməsinin hakimi Valeh Ağayevin icraatında baxılıb. Bu dəfə də qərar dəyişdirilmədən qüvvədə saxlanılıb.

 

“Delfin” MMC keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu, iş adamı Anar Məmmədovun şirkətlərindən biri olub.  Bu MMC “Garant Holdinq”in tərkibinə daxil idi. “Bakı” isə Hafiz Məmmədovundu.

 

Məmmədovların “Delfin”inin  “Bakı”nı “udması” dərhal medianın yenidən diqqətini çəkib. Amma ortada cavabsız olan xeyli suallar var ki, onun ən əsası “Delfin” MMC ilə bağlıdı. Bu MMC-nin Məmmədovların nəzarətində olmadığı barədə çoxsaylı xəbərlər var.

 

O səbəbdən Məmmədovların yenidən siyasi səhnəyə məhkəməni udmaqla qayıtması şübhəlidi. Bir ay öncə “Bakı”nın 11 hektarlıq ərazisi 15 milyon manata satışa çıxarılıb. Bu satışın da arxasında A.Məmmədovun, yoxsa başqa birinin olduğu bilinmir.   


Məhkəmə qərarından sonra “Bakı” stadionu tərk etməli, yeni sahiblərinə verməlidir. Məsələ ilə bağlı “Bakı”nın icraçı direktoru Yaşar Seyidov bir neçə gün əvvəl mediaya müsahibəsində deyib ki, onlar bu məsələlərə qarışmırlar:

 

“Biz bu məsələlərə qarışmırıq. Bilmirik bu xəbərlər hardan çıxıb, necə yayılıb? O proseslərdən bizim məlumatımız yoxdu. Yerimizdəyik və məşqlər də davam edir. Bilirsiniz ki, burda ”İsgəndər Cavadov Bakı Futbol Akademiyası" fəaliyyətini davam etdirir. Bu məhkəmə işi ilə bağlı bizə heç kim təlimat verməyib". 


“Bakı” vaxtilə iki dəfə Premyer Liqanın qalibi olub, Azərbaycanı bir neçə dəfə avrokuboklarda təmsil edib. Maliyyə sıxıntısı yaşayan paytaxt təmsilçisi hazırda AFFA-nın bayrağı altında keçirilən aşağı yaş qrupları üzrə liqalarda “İsgəndər Cavadov Bakı Futbol Akademiyası” adı ilə təmsil olunur.


H.Məmmədovla sabiq nazirin münasibətlərinin bu səviyyədə pozulmasının səbəbi  barədə  müxtəlif  iddialar var. Məlumdu ki, “Bank of Azerbaijan” əvvəllər “Garant Holdinq”in tərkibində fəaliyyət göstərib. 2013-cü ilin yanvarında Anar Məmmədov bankın səhmlərinin 81 faizinə sahib olub.

 

Həmin ildən sonra isə bank səbəbi göstərilmədən Hafiz Məmmədovun nəzarətinə verilib. 2014-cu il mayın 22-də isə Hafiz Məmmədov Müşahidə Şurasının sədrliyindən, qohumları isə Müşahidə Şurasının üzvlüyündən uzaqlaşdırılıb. 2015-ci ilin dekabrında “Bank of Azerbaijan” ASC müflis olduğunu elan edib.

 

“Bank of Azerbaijan”ın hazırda borcluları arasında keçmiş nəqliyyat nazirinin şirkətləri və yaxın adamları var. Bildirilir ki, Z.Məmmədovun ailə şirkəti olan “Garant-Holdinq”in tərkibində olan müxtəlif şirkətlər bankdan 5 milyon dollar və elə o qədər də manat kredit götürüblər.

 

Habelə keçmiş nazirin oğlu Anar Məmmədov özünün nəqliyyat şirkəti üçün bankdan 4 milyon dollar kredit götürüb ki, onlar da hələ qaytarılmayıb. Ümumilikdə “Bank of Azerbaijan”ın geri qaytarılmayan kreditlərinin 160 milyon dollar civarında olduğu bildirilir.

 

Keçmiş nazirin oğlu ilə iş adamı arasındakı konfliktin  “Lans” üstündə başlandığı barədə də mediada xəbərlər vardı. Hafiz Məmmədovun 20 milyon avroya aldığı Fransa klubun səhm paketini A.Məmmədovun cəmi 2,5 milyon avroya sahiblənmək üçün H.Məmmədovun imzasını saxtalaşdırdığı üzə çıxmışdı. H.Məmmədov qalmaqallı bəyanatla çıxış edərək bildirmişdi ki, o, sözügedən müqaviləyə imza atmayıb və “Lans”ın səhmlərinin başqa investora keçməsinə dair heç bir hüquqi razılaşma yoxdur.


Bildirilir ki, şərikliyin pozulmasından sonra H.Məmmədovun borclarını qaytarmaq işinə Məmmədovları qatması qarşı tərəfi qəzəbləndirib. Tərəflərin məhkəmədə çəkişməsinin səbəbləri sırasında bu amilin də rolu olduğu deyilir.  Daha bir maraqlı sual da var: Ziya Məmmədovun arxasındakı və ya onun “Delfin”inə sahiblənmiş sirli adam(lar) kimdi? (“YM”).


«Bakı»nın baş katibi  Zəka İbrahimov dünən Sportinfo.az-a bildirib ki, məkhəmə prosesi ilə bağlı iddialar əsassızdı: «Məhkəmə olsaydı, bizə xəbər verilərdi, hüquqşünas və vəkillərimiz həmin prosesdə iştirak edərdi.

 

Orda bizdən heç kim olmayıb. Proses keçiriləndə hər iki tərəfin nümayəndəsi məhkəməyə dəvət olunur. Bunlar hamısı bir neçə ay əvvəl baş verib. Yayda işə baxılmamış qalmışdı. Yenə deyirəm, «Bakı»nın bazadan çıxmaq söhbəti yoxdu. Klubumuz buranı tərk etməyəcək».

Tarix: 11 Yanvar 11:00    Oxunub: 322    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Yanvar 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.