"Bu cür komandaya heç kimin arxa durmaması insanı incidir"

"Xəmsə”nin baş məşqçisi Arif Vəliyev Azərbaycan Futzal Federasiyasının “facebook” səhifəsinə müsahibə verib.

 

Sportinfo.az xəbər verir ki, Vəliyev futzal üzrə Yüksək Liqada mövsümün geridə qalan hissəsini dəyərləndirib:
 

Başa çatan 2 dövrə ilə bağlı ümumi təəssüratlarınızı bilmək istərdik.
- Bu mövsümdə komandalar gərgin mübarizə aparırlar. Bu da əvvəlki illərlə müqayisədə komandaların maddi imkanlarının yaxşı olmasından, nəticədə heyətlərini gücləndirməsindən xəbər verir. Əksər komandaların güc nisbəti bir-birinə yaxındı. Elə komandalar var ki, maddi durumları daha güclü olmağa və yaxşı nəticə qazanmağa imkan versə də, onlar qış fasiləsinə qədər zəif çıxış və nəticələrlə yadda qaldılar. Fikrimcə, EKOL və “Neftçi” dövrələrarası fasilədən maksimum istifadə edəcək və güclənmək üçün işlər görəcəklər. Cari mövsümün debütantlarından olan “Marafon Futsal” əla heyət yığıb və gözləniləndən də yaxşı çıxış edir. Ancaq çempionatda EKOL və “Neftçi” kimi təcrübəli komandaların olduğunu nəzərə alsaq, ikinci dövrənin daha gərgin keçəcəyi aydındı. “Xəmsə”yə gəldikdə, qış fasiləsinə sonuncu pillədə yollandıq. Bu indiyə qədər istər böyük futbolda, istərsə də futzalda qazandığımız ən pis nəticədi. İndiyə qədər belə zəif çıxış etməmişdik. Bu da komandanın maddi durumu ilə bağlıdı. “Xəmsə” 2014-cü ildən komanda üzvlərinin öz hesabına yaşayır. Çempionatda sponsoru olmayan yeganə komandayıq. İmkansızlıq üzündən oyunları 5-6 futzalçı ilə keçiririk. İkinci “dördlüy”ümüz yoxdu. Belədə 40 dəqiqə mübarizə aparmaq mümkün deyil. Təsadüfi deyil ki, bəzən fasiləyə 2 top fərqi ilə üstün yollandığımız oyunları sonda məğlub başa vururuq. Çünki gücümüz çatmır, yoruluruq və bu da rəqiblərin işinə yarıyır. 

Komandadan kimlər göndəriləcək və hansı oyunçular heyətə cəlb ediləcək?
- Hazırkı heyətimizi qorumağı düşünürük. Düzdü, bir neçə oyunçumuza digər komandalardan təkliflər gəlib. Ancaq biz ən azı bu məhdud heyətimizdən kiminsə ayrılmasını istəmirik. Ola bilər, gələn dəvəti qəbul edən olsun. Artıq həmin oyunçunu saxlamağa maddi durumumuz imkan verməyəcək. Heyətə yeni oyunçu dəvət etmək üçün də müəyyən maaş ayırmalıyıq. Bizim isə buna imkanımız yoxdu. Hazırkı heyətimizdə yer alanlar təmənnasız oynayırlar. Hansısa qurum cüzi miqdarda maddi yardım göstərsə, nəticələrimiz yüksək olacaq. Ümidimizi itirməmişik. Sponsor tapmasaq belə, Mehdiabad qəsəbəsini sona qədər layiqincə təmsil etməyə çalışacağıq. 

Fasilə müddətində hazırlıq planları müəyyənləşibmi?
- Bir məsələni qeyd edim. 2014-cü ildən bəri Birinci Liqada 3-cü, Yüksək Liqada isə 4-cü yeri tutmuşuq. Ancaq bu illər ərzində heç vaxt mütəmadi məşqlər keçməmişik. Çünki belə bir şəraitimiz olmayıb, indi də yoxdu. Uşaqlar fərdi qaydada hazırlaşıblar, öz dost-tanışları ilə birgə keçirilən oyunlarda iştirak ediblər. Ancaq oyundan bir gün əvvəl bir yerə toplaşıb, necə oynayacağımızı kağız üzərində izah etmişik. Bu dəfə də vəziyyət dəyişməyib. Yəni bu qədər çətinliyə baxmayaraq, komanda keçirdiyi bütün oyunlarda sona qədər müqavimət göstərib, təslim olmaqla barışmayıb. Biz oyunlar vaxtı topun tez-tez meydandan çıxmasına və vaxt udmağımıza, dincəlməyimizə də razı olmamışıq. Ona görə bizim iştirakımızla keçən oyunlar adətən tez başa çatır. Yəni təmiz oynamağa çalışırıq. Bu cür komandaya heç kimin kömək etməməsi, arxa durmaması insanı mənən incidir. 

Arxada qalan 2 dövrənin birinci və ikinci “5-liy”nə kimləri daxil edərdiz?
- Oyunları izləyənlər bilir ki, “Araz” güclü heyətə malikdi. Ona görə də seçim edərkən digər komandaların oyunçularına üstünlük verdim. İstədim azərbaycanlı oyunçulardan qurum heyəti. Birinci komandam belə olacaq: Rövşən Hüseynli (“Araz”), Elçin Zeynalov (“Xəmsə”), Renat Sultanov (“Marafon Futsal”), Faiq Əliyev (“FK.İD.Futsal”), Samir Həmzəyev (EKOL). Digər komandanı isə bu şəkildə qurardım: Kesra Mehdipour (“Marafon Futsal”), Rüfət Balakişiyev (“Neftçi” İK), Namiq Məmmədkərimov (EKOL), Rasif Səfiyarov (“Marafon Futsal”), Nihad İsmayılov (“FK.İD.Futsal”).

Tarix: 10 Yanvar 13:12    Oxunub: 510    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 İyul 2018
19 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.