Azərbaycanda “qızıl zibil qutusu”na atılmalı futbolçular

“İnter”in hücumçusu ötən ilin ən pis futbolçusu seçilib.

 

Xeyr, o, Bakı «İnter»inin şinelini daşımr.

 

O, «Neftçi» və «Qarabağ»dan ötrü yolunu iki dəfə Bakıdan salmış Milan «İnter»inin şərəfini qoruyur. Əgər buna və beləsinə «şərəf qorumaq» demək mümkünsə.

 

Qabriel Barbosa yerli mətbuatın rəyinə əsasən, İtaliyada keçən ilin ən pis futbolçusu hesab edilib. 21 yaşlı gənc “qızıl zibil qutusu” mükafatı na layiq görülüb.

 

Braziliyalı “İnter”ə 2016-cı ildə, “Santos”dan 33,5 milyon avro qarşılığında transfer edilib. Milan təmsilçisinin onun üçün ödədiyi yüksək məbləğə rəğmən, Qabiqol bu komandada özünü sübut edə bilməyib.

 

O, “İnter”də heç 1 oyunda əsas heyətdə şans qazanmayıb. Hazırda isə icarə əsasında "Benfika"da top qovur.

 

Yəqin ki, bir neçə ildən sonra Azərbaycana da gəlib çıxacaq. Bu adı ki belə gənc yaşında «qazanıb», güman etmirəm ki, Avropanın aparıcı klubları xidmətində maraqlı ola. İki-üç ilə heç ortabablar tərəfindən də xatırlanmayacaqlar.

 

Barbosa buralara gəlib çıxmamış “qızıl zibil qutusu” mükafatının yeni, Azərbaycan variantını işləməliyik.

 

Tətbiqinə çox gecikmişik. Ziyanın yarısından qayıtmaq da faydalıdı, qoy, biri də bizdə olsun, bzimkilərdən biri alsın. Bizimkilərdən biri olmasa da, legionerlərdən kimin payına düşür-düşsün.

 

Niyə də yox?! Niyə? Yox? O qədərdilər ki…

 

Azərbaycana axışan legionerlərin sayı ilbəil azalır. Hamısı pulun azalmasındandı. Gəl ki, səviyyəsizlərin sayı azalmır ki azalmır! 100 legioner edirsə, 90-nın yeri zibil yeşiyidi. O «qızıl zibil qutusu» da onlara çoxdu. İçinə girsələr, yaxud başları üzərinə qaldırsadar, qudurarlar. Ələ su tökməyə yaramayan bu avara sürüsünə «qızıl teşt»in qulpunu da göstərmək lazım deyil. Yenə lap pis qudurarlar.

 

Hər ilin sonunda Azərbaycanda müxtəlif sahələr, kateqoriyalar üzrə yalançı sorğular, saxta araşdırmalar keçirilir. Ən müxtəlif miqyasda.

 

Futbolda da belədi. 12 ay fil qulağında yatanlar, izi-tozu, nə iş görməsi bilinməyən məxluqlar dekabrın soyuğu pəncərədən içəri sboylananda, qəfil dik atılırlar və yadlarına düşür ki, belə bir şey etmək lazımdı: tez-bazar, əlüstü bir sorğulamaya əl bulayırsan, xoşuna gələn, işin keçən adamları «n» sayda nominasiyalara bölürsən, qalib elan edirsən, 2 manatlıq kağız parçasını uzadırsan ona, olursan yaxşı oğlan. Bu qədər bəsit!


İşini yaxşı görən klublar, klub rəsmiləri, məşqçi və futbolçular olduğu kimi, işini pis görənlər də var. «Qızıl»sız zibil qutunu haqq edənlər niyə layiq olduğu «mükafat»ı almasın axı? «Bağ elə, bostan belə» vədləri ilə xaricə çıxıb, 3-5 ay sonra əli ətəyindən uzun geri dönən milli üzvlərini, 15-20 min manat maaş alıb, klubuna 15-20 manatlıq xeyir verməyənlərə, əmi-dayı zəngi ilə adını Premyer Liqanın iştirak ərizəsinə saldıranlara, yalandan mətbuatda reklam kampaniyası aparıb axırda özünü ucuz satanlara niyə layiq olduqları yeri göstərməyək ki?

 

Az olub ki, hansısa özünü tanımayan futbolçu jurnalistə hücum çəksin, təhqir etsin, hədyan-hədyan danışsın? Belələrinin əlinə bugündən etibarən zibil qutusu vermək barədə düşünməsək, inanın, sabah cüməlimizin başına çıxacaq, hələ bu azmış kimi, minnət də qoyacaqlar.

 

ELNUR

Tarix: 10 Yanvar 12:24    Oxunub: 556    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyun 2018
18 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.