Ziya Məmmədovla Hafiz Məmmədovun “Bakı” üstündə məhkəməsi nə yerdə qaldı?

Keçmiş nəqliyyat naziri Ziya Məmmədovla iş adamı, “Bakı”nın prezidenti Hafiz Məmmədov arasında ərazi mübahisəsi davam edir.


Bir müddət öncə Z.Məmmədovun oğlu Anar Məmmədova məxsus “Delfin” otelin təsisçisi olan “Delfin” MMC məhkəməyə müraciət edib.


MMC 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsində kluba qarşı iddia qaldırıb. Biləcəri qəsəbəsində yerləşən baza otelə bitişik sahədə yerləşir və həmin sahə sabiq nazirin ailəsinə məxsus olub.

 

A.Məmmədov klubun onların xüsusi mülkiyyətində olan sahədən çıxarılmasını tələb edib. H.Məmmədov da qarşılıqlı iddia verərək, həmin torpaq sahəsi üçün ödədiyi pulun geri qaytarılmasını istəyib. 


Məhkəmə “Delfin”in iddiasını təmin edərək klubun həmin ərazini tərk etməsinə qərar verib. Tanınmış iş adamının iddiası isə rədd olunub və ona hər hansı məbləğdə pulun ödənilməsi nəzərdə tutulmayıb.


Bundan sonra “Bakı” yuxarı instansiya məhkəməsinə müraciət edərək, qətnamədən şikayət edib. İşə Bakı Apellyasiya Məhkəməsinin hakimi Valeh Ağayevin icraatında baxılıb. Bu dəfə də qərar dəyişdirilmədən qüvvədə saxlanılıb.


Paytaxt təmsilçisinin baş katibi Zəka İbrahimov bugünlərdə saytımıza açıqlamasında bildirmiişdi ki, yayılan məlumatlar həqiqətəuyğun deyil.

 

Sitat: «Bizə oxşar məzmunda bir məktub yayda gəlmişdi. Onda klubumuzun hüquqşünasları və vəkilləri konkret dəlilləri hazırladı və məhkəməyə təqdim etdi.  


Həmin sənədlərdə dəqiqliyi ilə göstərilirdi ki, bu ərazinin «Delfin»ə heç bir aidiyyatı yoxdu. O dövrün nazirlərinin imzasıyla torpağın sənədləri alınıb və «Bakı»nın balansına keçirilib.
 
Klub olaraq heç bir qanun pozuntusuna yol verilməyib. Məhkəmənin nümayəndələri təqdim etdiyimiz sənədləri nəzərdən keçirdi və gördü ki, «Bakı»nın gətirdiyi dəlillər daha tutarlıdı. Ovaxtdan bəri heç bir proses keçirilməyib.
 
Bu məhkəmə söhbətinin hardan çıxmiası və niyə məhz indi mətbuata ötürülməsi çox maraqlıdı. Axı bizə gələn məktubun üstündən 6-7 ay ötüb və yaydan bəri heç bir məhkəmə olmayıb.
 
Görünür, «Bakı»nın hələ də yaşaması yenə kimlərisə bərk narahat edir və bilmirlər kluba necə zərbə vursunlar. Çünki son vaxtlar «Bakı»nın fəaliyyətində canlanma yaranıb. «Bakı»nın öz yoluyla getməsi, görünür ki, bəzi-bəzi adamların yuxusunu qaçırıb.
 
Bazanı kimlərəsə təhvil vermək müzakirə mövzusu deyil. Hafiz Məmmədov vaxtilə bura kifayət qədər vəsait xərcləyib, Azərbaycanda ən böyük futbol bazasını yaradıb. «Delfin»in rəhbərliyində təmsil olunanlar iddia edir ki, onlara məxsus ərazi daha böyükdü.
 
Göstərdikləri yer əsas stadionun düz ortasına düşür. Halbuki 4 il öncə bazanın bir hissəsini özləri bölüblər və hasar çəkiblər. Əvvəllər eyniadlı otelin yerləşdiyi istiqamətdən düz stadionunun arxa tərəfinədək.
 
İndi isə əsas meydançanın yarısının da onlara aid olduğunu iddia edirlər. Bizdə olan sənədlərdə isə nazirlərin möhür və imzası var ki, bu torpaq «Bakı»ya məxsusdu.
 
Görürlər ki, baza yerindədi, son vaxtlar burda təmir gedir, çatışmazlıqlar aradan qaldırılır, akademiya işləyir - düşüblər vəlvələyə. Bazadan çıxmaq fikrimizdə yoxdu, olmayacaq da!».


Bu gün mətbuatda yayılan xəbərlərlə əlaqədar yenidən İbrahimovla əlaqə saxladıq, bildirdi ki, köhnə xəbərlər təkrar «dövriyyəyə buraxılıb:

 

«Məhkəmə olsaydı, bizə xəbər verilərdi, hüquqşünas və vəkillərimiz həmin prosesdə iştirak edərdi. Orda bizdən heç kim olmayıb. Proses keçiriləndə hər iki tərəfin nümayəndəsi məhkəməyə dəvət olunur.

 

Bunlar hamısı bir neçə ay əvvəl baş verib. Yayda işə baxılmamış qalmışdı. Yenə deyirəm, «Bakı»nın bazadan çıxmaq söhbəti yoxdu. Klubumuz buranı tərk etməyəcək».

 

SPORTİNFO.AZ

Tarix: 10 Yanvar 11:00    Oxunub: 267    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Yanvar 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.