"Komanda zəifləməyəcək, güclənəcək - Gedənlərin yeri görünməyəcək"

Futzal üzrə Azərbaycan milli komandasının və “Araz” klubunun üzvü Xətai Bağırov AFF-nın mətbuat xidmətinə müsahibə verib.

 

Sportinfo.az həmin müsahibəni təqdim edir:

 

İki dövrə ilə bağlı “Araz”ın çıxışını necə dəyərləndirirsən?
- Əgər fasiləyə zirvədə yollanmışıqsa, deməli, istəyimizə nail olmuşuq. “Neftçi” ilə birinci dövrədəki oyuna yaxşı hazırlaşmamışdıq. Buna görə də, xal itkisi ilə üzləşdik. Qalan oyunların hamısında qalib gəlmişik.

 

“Neftçi” ilə oyunda yaxşı hazırlaşmamağın, yoxsa saymazyana yanaşmanın güdazına getdiz?
- Yaxşı hazırlaşmamışdıq. Əvvəlki turda qırmızı vərəqə alıb cəzalı duruma düşən, zədə üzündən oyunu buraxan oyunçularımız var idi. Bu amillər təsirini göstərdi.

 

“Araz” üçün bu məsafə bir nəfəsə qət edildi?
- Nəyi demək istədiyini anladım. Heç nə asan olmadı. Çətinlik çəkdiyimiz oyunlar da oldu. Əvvəlki kimi rahat oynaya bilmirik. Məsələn, keçən il əksər oyunlarda 10-15 dənə qol vururduq, indi buna az nail oluruq. Olanda belə, oyun birtərəfli keçmir. Komandalar bu il yaxşı hazırlaşıblar. Bu da nəticələrdə özünü göstərir.

 

Hansı komandanı güc baxımından “Araz”a yaxın hesab edirsən?
- Bu, komandanın oyuna hazırlaşmağından asılıdı. Məsələn, “Neftçi” bu mövsümü yaxşı keçirmir, amma bizimlə oyunda əla çıxış etdi, nəticə də qazandı. Halbuki ikinci pillədə yer alan “Marafon Futsal”dı və hər iki oyunda onları udmuşuq. Yenə deyirəm, burda əsas məqam oyuna hazırlıqla bağlıdı.

 

Turnir cədvəlinin bu şəkildə qurulacağını düşünürdünmü?
- Gözlədiyim kimi deyil. Birincisi, özümüz 100 faizli nəticə qazanmamışıq. EKOL-un, “Neftçi”nin üst sıralarda yer alacağını düşünürdüm, ancaq debütant “Marafon Futsal” onları qabaqladı. Halbuki “Marafon Futsal”dan bu nəticəni gözləmirdim. Bu cür olmağı onu göstərir ki, çempionatda rəqabət artıb. Yeni gələn komandalar yarışa maraq qatıb. İstədim iştirakçı komandaların sayı 10 olsun, tura yaxşı hazırlaşaq və bunun UEFA Kubokundakı çıxışımıza müsbət mənada təsiri olsun. Həm də meydana çıxan zaman rəqibin təhlükəli olduğunu hiss edirsənsə, deməli, matç gərgin və maraqlı keçəcək. Bunu hiss etdirəcək komandaların sayının çox olmasını istərdim.

 

Hazırkı səviyyənin təsiri hiss olunurmu?
- Cari mövsümdəki gərginlik, oyunlarda sürətin bir qədər artmasını hiss etdik. Düzdü, “Araz” ilk dəfə mübrizəni bu mərhələdə dayandırdı. Ancaq çempionat zamanı ciddi hazırlıq keçməyimizin bəhrəsini meydanda hiss edirdik. 

 

Avropa çempionatının final mərhələsinin oyunlarına qısa vaxt qalıb. Əvvəlcə rəqiblərlə bağlı fikrini öyrənmək istərdik.
- İspaniyadan başlayım. Çempionatın ən güclü komandası bizimlə bir qrupa düşüb. Dəfələrlə Avropa, dünya çempionu olublar. Yəni onlar hansı çempionata qatılırsa, o yarışın favoritidirlər. Fransanın timsalında ilk dəfə bir komanda birinci mərhələdən final oyunlarına qədər yüksəldi. Deməli, bu ciddi siqnaldı. Xorvatiya kimi komandanı udublar. Halbuki Xorvatiya hər zaman bizi incidən rəqib olub.

 

Bu dəfə qrup oyunlarına nisbətən zəif rəqiblə başlaycaqsınız. Təqvimin bu cür qurulmasını üstünlük saymaq olarmı?
- Qrupdan çıxmaq məsələsini birinci oyunda həll etmək olar. Bunu etdikdən sonra İspanlarla oyuna yaxşı hazırlaşmaq mümkündü. Məncə, məsələni ilk oyunda həll etməliyik.

 

Əvvəlki illərlə müqayisədə millinin bir qədər zəif təsir bağışladığı fikri ilə razılaşırsan?
- Milli zəif deyil. Hər şey hazırlıqdan asılı olacaq. Bayaq “Neftçi” nümunəsini elə-belə çəkmədim. İranda keçirilən turnir də göstərdi ki, oyuna lazımi qaydada hazırlaşan komanda məqsədinə də çatır.

 

Yeri gəlmişkən, fasilə müddətində “Araz” 3 braziliyalı futzalçı ilə yollarını ayırdı. Bu komandanın zəifləməsinə səbəb ola bilərmi?
- Komanda zəifləməyəcək, əksinə güclənəcək. Gedənlər yaxşı oyunçulardı, ancaq hazırkı heyətimizdə onları əvəzləyəcək futzalçılarımız var. Onların yeri görünməyəcək.

Tarix: 8 Yanvar 17:12    Oxunub: 361    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 İyul 2018
19 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.