“Azərbaycanda uşaq futbolunun inkişafına qətiyyən inamım yoxdur” - LAYİHƏ

(əvvəli ötən yazıda)

 

- Bir ara AFFA klublara idman direktoru göndərirdi. Onda demişdim ki, bu layihə çox uğursuz olacaq. Çox keçmədi, ideya fiaskoya uğradı və fikrim təsdiqini tapdı. Havayı yerə 2 milyon manata yaxın pul göyə sövruldu. 900 min manat pul Berlin Futbol Məktəbinə xərcləndi. Əvvəl pul çox idi, hara gəldi, sərf edilirdi. İndisə federasiyanın imkanları əvvəlki kimi deyil. Bu gündən danışırıqsa, uşaq futbolunun inkişafını mümkünsüz görürəm. Bəlkə 5-10 ildən sonra AFFA-ya başqa təfəkkürdə fərqli adamlar gələr, deyə bilmərəm. Reallıq budu ki, indi düzələn iş deyil. Ümumi götürsək, uşaq futbolunun inkişafı hazırda onsuz da total şəkildə olan deyil. Mərhələli formada nəsə eləmək mümkündü. Misal üçün, 5 illik büdcə təsdiq edib gedirik Şirvana. Orda əvvəlcə şəhərin futbol həyatına, regionun sosial durumuna, stadionun məkanına, futbola marağın səviyyəsinə baxmaq lazımdı, bəlkə doğrudan da futbol üçün çox mühüm bölgədir, yaxud əksinə. İlk 5 ildə infrastruktur, şərait, avadanlıq, stadion, təbliğat, sosial və reklam layihələri, ümumi qrafik və sairə texniki məsələləri həyata keçirib sistemi qurursan, konkret cədvəl formasına otuzudurursan. 5 il bunun üçün yetərli vaxtdı. İkinci müddətdə isə artıq uşaq futbolunun inkişafına başlayırsan. Bunu eyni anda bütün ölkə üzrə, yəni, kütləvi şəkildə eləsək, əlbəttə, həm pul çatdırmaq olmaz, həm də inkişafa nail olmaq mümkünsüzdü. Nəzər alaq, futbol milyonlar tələb edən sahədir. Başqa istənilən ölkədən fərqli olaraq, Azərbaycanda futbol biznes sahəsi deyil. Özəl şirkətlər, ayrı-ayrı sahibkarlarla futbolu ancaq bir yerə qədər apara bilərik, bunu gürcülər də anladılar. Ona görə Gürcüstan hökuməti ölkə səviyyəsində futbola nəzarət eləməyə başladı. Bizim kimi regionlarda futbol gəlir gətirmir, bu, faktdır. Rusiyanın özündə futboldan pul qazana bilmirlərsə, digər postsovet ölkələrindən danışmağa dəyməz heç.

 

 

“Berlin Futbol Məktəbi biabırçı layihə idi”
Layihəmizin ötən həftəki qonağı Ramiz Hacıyev təklif etdi ki, hər il dövlət büdcəsindən rayonların sosial-iqtisadi inkişaf proqramı çərçivəsində hər zonaya 2-3 milyon manat pul ayrılır, bunun müəyyən bir qismini, məsələn 200 min manatını həmin regionun uşaq futboluna yönəltmək olar. Emin, səncə, bu nə dərəcədə effektiv olar?
- Açığı, pulun rayonun icra hakimiyyətinə köçürülməyinin özü bir problemdir. Şübhə edirəm ki, dövlət büdcəsindən ayrılan maddi vəsait son mənzilə tamamən gedib çatacaq. Daha sivil formanı seçmək lazımdır. Ramiz müəllimi şəxsən tanımıram, dediklərini oxuyub çox təsirləndim, ancaq fikrini dəstəkləyirəm. Bu məbləğ 250 min də ola bilər. Amma burada əsas nədir, strukturun düzgün olmaması. Söhbət konkret Şirvandan gedirsə, orada Uşaq Futbol Məktəbi yaradılmalıdır, direktor yox, oraya baş menecer təyin edilməli və struktur qurulmalıdır. Direktor bir qədər köhnə təfəkkürdür. O pul dövlətdən 3-4 əllə yox, birbaşa həmin məktəbin hesabına köçürülməlidir. Bundan sonra isə konkret və real iş görülməlidir, yeyinti, AFFA-dakıların qohum-əqrəba, tanış-biliş prinsiplərinə birmənalı şəkildə qarşı çıxmaqla. Tam peşəkar kadr cəlb olunmalıdır. Lazımdırsa, normal əmək haqqı müqabilində Bakıdan ora məşqçi də aparmaq olar. Bilirsiz, belə layihələr xeyli vaxt aparan işdir, lakin çox incə-həssas məqamlardan ibarətdir. Işə qeyri-peşəkar yanaşma sistemi avtomatik olaraq məhv edir. Misal çəkim, Vətən Futbol Məktəbi bir müddət əvvəl Rövşən Babayev, Müşviq Qəmbərov, Fərrux İsmayılov kimi futbol adamlarını cəlb etmişdi komandalara.  Nə oldu? Qısa zaman keçməmiş, Rövşən Babayev ayrıldı, Müşviq Qəmbərov da getdi...Niyə? Çünki əvvəldən vəd olunan sözlərin heç birinə əməl edilmədi, yaxud kimlərsə onların “torba”sını tikdi. Belə şey olar? Dövlətdən maliyyələşən, Təhsil Nazirliyinin balansında olan bir futbol məktəbində belə özbaşınalıq varsa, rayonlarda yaradılan və yaxud yaradılacaq uşaq futbol məktəblərinə, ümumiyyətlə, ikiqat nəzarət olunmalıdır. Bunlar hələ paytaxtın ortasında olanlardır. Dövlətin maddi vəsaiti hesabına saxlanılan məktəb bu günlə yaşamamalıdır, konkret bir neçə illik büdcə-layihəsi qoymalıdır ortaya, planlarını göstərməlidir. 1-2 ilə nəticə vermək mümkün deyil. AFFA-nın rüsvayçı Berlin Uşaq Futbol Məktəbini xatırladım, 1 milyon manat pul xərcləndi, ortaya bir dənə uşaq çıxmadı. Azərbaycanda normal bir dənə uşaq futbol məktəbi olmaya-olmaya gedib Almaniyada hansısa futbol məktəbi açmağın özü biabırçılıqdır, bu,heç. O ki qaldı, orda uşaq yetişdirmək...Belə şeyləri görə-görə gəlirik, ona görə Azərbaycanda uşaq futbolunun inkişafına qətiyyən inanmıram. Bu ölkənin milli komandasının bazası yoxdur, nədən danışırıq biz? O qədər pullar havaya xərcləndi, əsas milli komanda üçün bir dənə normal baza tikilmədi. Yasamalda daha çox mitinq meydanı kimi tanınan “Məhsul” stadionu var, şəhərin mərkəzində, çox da yaxşı yerdədi. AFFA oranı götürüb əl gəzdirib baza edə bilməz? Yaxud indiyə qədər edə bilməzdi? Sabah məni çağırıb iş versələr belə, yenə də uğur qazana bilmərəm. Çünki dəvət olunanda verilən vədlərə əməl etmirlər. Ara yerdə camaata göstərəcklər ki, hə, bu da Emin Abbasov, boş-boş danışırdı, iş verdik, heç nə bacarmadı.hərçənd ki, sənin-mənim işim bu problemləri sadəcə işıqlandırmaq, aidiyyatı üzrə qurumların diqqətinə çatdırmaqdır.

 

Uşaqlıdan futbolun içindəsən, bir müddət də “Qarabağ”ın akademiyasında baş koordinator işləmisən. Oradakı işin hansı səbəbdən çox çəkmədi?
- Onu deyim ki, 8 yaşımdan 20 yaşıma qədər müxtəlif komandalarda bir çox tanınmışlarla futbol oynamışam. Azərbaycan səviyyəsində bizim yaş nəsildən yeganə məşhur futbolçu Rəşad Sadıqov oldu. Rəşadla Vaqif Paşayevin rəhbərliyi altında çıxış etmişik. İkinci dərəcəli hakimlik vəsiqəm də var, sadəcə, bu istiqamətə heç vaxt marağım olmayıb. Əslində, “Qarabağ”dan mənə 2-3 istiqamətdə təklif var idi, sektoru özüm seçdim. Çünki a-dan z-yə qədər olan məsafəni lap başdan öyrənməyə üstünlük verirəm. Ona görə uşaq futbolunu seçdim ki, təcrübəm daha çox olsun. Gəldiyim  gün “Qarabağ”da təşkilati və digər aspektlərdə ciddi problemləri gördüm. Birinci iclasda fikrimi bildirdim ki, buraya gəlmişəmsə, çox şey dəyişməlidir. Əgər dəyişməyəcəksə, deməli, burada olmayacam. Uşaq futbolunda olan ümumi problem aşağı-yuxarı “Qarabağ”da da var idi. Onda məşq eləmək üçün normal stadion da yox idi, ümumi komanda hələ “Tofiq Bəhramov”dan istifadə etmirdi. Zaman keçdikcə, şəxsi görüşlərimi ortaya qoydum. Bu planlarımı həyata keçirmək üçün kifayət qədər vəsait tələb olunurdu. Belə başa düşdüm ki, rəhbərlik həmin dönəm üçün o maliyyəni yatırmaq iqtidarında deyil. Və beləcə bunun mənim görmək istədiyim iş olmadığını anlamağa başladım. Rəhbərliyə yaxınlaşıb ərizəmi yazdım, sağollaşıb çıxdım. Əsas problemlər, mənə görə, məşqçilərin sosial vəziyyətinin yaxşılaşdırılması, inventarların daha çox olması, stadion məsələsinin həll edilməsi və s. bu kimi çatışmazlıqlar idi. “Qarabağ”ın uşaq futbolunu “Qəbələ” səviyyəsində görmək istəyirdim. Bir neçə dəfə Nail Kərimovla (“Qəbələ” akademiyasının direktor müavini-red) da görüşüb söhbət etmişdim. Hətta fikir verirdim ki, bəzi valideynlərin də gözü qalıb “Bakı”da, “Qəbələ”də. Çünki ən primitiv çatışmazlıqları deyirəm, stadion, yataqxana və bu kimi texniki problemlər çox idi. Bunu həzm edə bilmirdim, fikirləşirdim ki, burada işləyirəmsə, “Qarabağ”da da o şərait olsun, heç bir uşağın gözü başqa yerdə qalmasın.

 

 

İnfrastrukturdan söz düşmüşkən, bu gün azyaşlı uşaqların süni meyndaçalarda məşq etməsi nə dərəcədə düzgündür, bəlkə effekti daha yaxşıdır?
- Ümumi götürsək, süni örtüklü meydançalar birmənalı şəkildə  zərərlidir. Düzdür, burada örtüyün keyfiyyət məsələsi də rol oynayır. Misal üçün, süni örtüklər bir neçə növ olur. Bu yaxınlarda dünyanın ən yaxşı uşaq məktəblərindən sayılan “Ayaks”ın akademiyasında qərar çıxardılar, 3-cü növ süni ot örtüyündən bir daha istifadə olunmayacaq. Mən indi dəqiq deyə bilmərəm, bizdəki süni meydançalar hansı kateqoriyaya uyğundur, standartlara cavab verir-vermir. Amma istənilən halda balaca uşaqların fiziki olaraq tam yetişmədiyini, immunitet zəifliyini nəzərə alsaq, süni örtüyün ziyanlı olduğunu başa düşərik. Əgər süni örtük məsləhətli olsaydı, dünyanın aparıcı çempionatları, böyük yarışlar təbii meydançalarda keçirilməzdi.

 

Azərbaycanda müstəqillik dönəmindən bu yana futbolçu yetişdirməkdə konkret sabitlik yoxdur. Bunun səbəblərindən biri kimi mentaliteti də göstərmək olar?
- Bunu mentalitetə bağlamazdım. Sadəcə, indi şərtlər, sosial vəziyyət, durum, həyata baxış, düşüncə tərzi - bir sözlə, hər şey dəyişib. Futbolun özünün də köklü formada dəyişdiyini nəzərə alsaq, bugünkü yaşam tərzində futbolçular mütləq təhsil almalıdırlar. Futbolu artıq ayaqla yox, sözün elmi mənasında başla oynamaq zamanıdır. Bu, birmənalı şəkildə belədir. Zaman dəyişir, dövr dəyişir, usta futbolçu həmişə var, olacaq da. İstedadlı futbolçu hər zaman var, yetişir. Bizdə də zaman-zaman kifayət qədər istedadlı futbolçular yetişib. Çox uzağa getmirəm, Nazim Süleymanov, Vidadi Rzayev, Yunis Hüseynov, Mahmud Qurbanov və bir neçəsinin adını çəkə bilərəm.  Problem ondadır ki, dünyada Pelenin yolunu bu gün Neymar, Maradonanı Messi davam etdirir, bizdə isə Nazim Süleymanovun arxasınca gedən bir nəfər tapılmadı. Vidadinin, Yunisin, Mahmudun bir nəfər əvəzi yetişməyib. Bunlar sovet futbol məktəbi keçiblər. Müstəqillik dönəmində ən parlaq futbolçularımız Zaur Tağızadə, Zaur Ramazanov, Rəşad Sadıqov və sonra kim? Heç kim. Geridə qalan bu dönəmdə Əfran İsmayılov, Rauf Əliyev, Araz Abdullayev, Maksim Medvedev və daha bir neçə nəfəri qeydə etmək olar. Nəzərə alaq ki, bunların heç biri əvvəlki dönəmdə yetişənlər qədər parlaq deyil. Və nəhayət, indi. Kimlər yetişir? 2-3 nəfər var indi. Amma artıq onlar da Maksim, Araz səviyyəsində də futbolçu deyil. Yəni ki, bizdə də hər dönəmdə futbolçu yetişir, amma proses əks istiqamətdə hərəkət edir, geriyə doğru.

 

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir
Elvin ƏHƏD

Tarix: 28 Yanvar 16:36    Oxunub: 449    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

27 Aprel 2017
26 Aprel 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.