Azərbaycan güləşçiləri 2017-ci ildə 294 medal qazanıb

2017-ci il də Azərbaycan güləşçiləri Avropa və dünya çempionatları, eləcə də IV İslam Həmrəyliyi Oyunlarında 99 medal qazanıb. 

 

Federasiyanın mətbuat xidmətindən Sportinfo.az-a verilən məlumata görə, medallardan 33-ü qızıl, 29-u gümüş, 37-si bürünc olub. 

 

Ümumilikdə isə Azərbaycan güləşçiləri 294 (94 qızıl, 69 gümüş, 131 bürünc) medal əldə ediblər. Bu medallardan 136-sı yeniyetmə, 51-i gənc güləşçilərin payına düşür.

 

U-23 Avropa və dünya çempionatlarında 16 medal qazanan güləşçilər böyüklərin yarışında isə il ərzində 91 medala sahib olub. İl ərzində əldə edilən medalların 156-nı sərbəst, 102-ni yunan-Roma güləşçiləri qazanıb, 36 medal isə qadın güləşçilərin payına düşüb.

 

Böyüklərin mübarizəsində ilin əvvəlində Dünya Kuboku yarışlarına qatılan sərbəst və yunan-Roma güləşi üzrə yığma komandalar ilk üçlükdə qərarlaşıblar. İranda keçirilmiş yarışları yunan-Roma güləşçiləri ikinci, sərbəst güləşçilər isə üçüncü sırada başa vurub.

 

Serbiyanın Novı Sad şəhərində keçirilən Avropa çempionatında güləşçilər 2 qızıl, 2 gümüş və 3 bürünc medal qazanıblar. Sərbəst və qadın güləşçilər komanda hesabında 2-ci nəticə göstərib. Bakıda təşkil olunan IV İslam Həmrəyliyi Oyunlarını güləşçilər 12 qızıl, 6 gümüş və 5 bürünc medalla başa vurub.

 

Fransanın paytaxtı Parisdə keçirilən dünya çempionatında 1 qızıl və 2 bürünc medal qazanılıb. Sərbəst güləşçi Hacı Əliyevin üçüncü dəfə dünya çempionu adını qazanması ilə Azərbaycanın güləş tarixində yeni səhifə yazılıb.

 

Litvanın Klaypeda şəhərində keçirilən hərbçilərin dünya çempionatında 2 qızıl, 3 gümüş və 6 bürünc medal əldə olunub. Sərbəst güləşçilər komanda hesabında dünya üçüncüsü olub.

 

Macarıstanın Şombateli şəhərində keçirilmiş 23 yaşa qədər güləşçilərin (U-23) Avropa çempionatında 5 qızıl, 1 gümüş və 5 bürünc medal qazanılıb. Medal əyarına görə yunan-Roma güləşçiləri 3 qızıl medalla çempionatı birinci sırada tamamlayıb, komanda hesabında isə yığma Avropa üçüncüsü olub.

 

Polşanın Bıdqoş şəhərində tarixdə ilk dəfə keçirilən 23 yaşa qədər güləşçilərin Dünya çempionatında isə Azərbaycan yığmaları 5 bürünc medal qazanıb.

 

Almaniyanın Dortmund şəhərində keçirilən Avropa çempionatında pəhləvanlar ümumilikdə 3 qızıl, 3 gümüş və 1 bürünc medala sahib olublar. Sərbəst güləşçilər komanda hesabında 2-ci nəticə göstərib.

 

Finlandiyanın Tampere şəhərində keçirilən Dünya çempionatında Azərbaycan yığması 1 qızıl, 1 gümüş və 5 bürünc medal qazanıb.

 

2017-ci il yeniyetmə güləşçilər Bosniya və Hersoqovinanın paytaxtı Sarayevoda təşkil edilən Avropa çempionatında 10 (4 qızıl, 3 gümüş və 3 bürünc) medal qazanıb. 2016-cı ildə olduğu kimi ötən il də sərbəst güləşçilər komanda hesabında ikinci olub.

 

Yunanıstanın paytaxtı Afinada keçirilən Dünya çempionatında da güləşçilər 10 (3 qızıl, 5 gümüş və 2 bürünc) medal qazanıblar. Komanda hesabında isə sərbəst güləşçilər 3-cü nəticə göstərib.

 

Bundan başqa, yığma komandalar 2017-ci ildə iştirak etdikləri digər beynəlxalq turnirlərdə 195 medal qazanıb. Bu medalların 61-nin əyarı qızıl, 40-ı gümüş və 94-nün əyarı isə bürünc olub.

Tarix: 5 Yanvar 13:36    Oxunub: 108    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 Aprel 2018
24 Aprel 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.