27 illik dostu Rəşad Sadıqovu bir az da yaxından tanıtdı

“Futbol+”in 1998-ci ildən başladığı ilin ən yaxşı futbolçusunun seçimində Rəşad Sadıqov doqquz rəqibini qabaqlayıb 1-ci oldu. Bu isə kapitan-məşqçinin 6-cı dəfə ən yaxşı seçilməsi demək idi. Hər ilin sonuncu sayında sorğunun qalibi ilə bağlı müxtəlif yazı və ya müsahibələr dərc etmək artıq ənənə halını alıb. Düzü, bu dəfə Sadıqovun atası Fərhad kişi, ya da qardaşı Kamranla danışmaq istəyirdik. Sadıqovun uşaqlıq illəri, xarakteri, bu illər ərzində başına gələn hadisələrlə bağlı ailə üzvlərinin dilindən eşitmək daha maraqlı olardı. Lakin Rəşad buna imkan vermədi. Dəqiq desək, ilin futbolçusu qismində Mahir Mədətovu gördüyündən, atası və qardaşı ilə müsahibəni məqsədəuyğun saymadı. İşi belə qoya bilməzdik. Rəşada daha yaxın şəxs, uşaqlıq dostu, sirdaşı Tahir Baxşıyevlə danışmağı qərara aldıq. Vaxtilə baksetbol yığmamızın aparıcı üzvlərindən sayılan, hazırda U-20-ni çalışdıran, “Təhsil”də basketbol komandasının baş məşqçisi olan Baxşıyevlə sırf Rəşad Sadıqovdan danışdıq. 
- Rəşad Sadıqov qəzetimizin apardığı sorğuda 6-cı dəfə ən yaxşı futbolçu seçildi. Sorğuda iştirak etsəydin, sən kimə səs verərdin?
- Dostluğu, qardaşlığı kənara qoysaq, mən də Rəşadı seçərdim. Bu da səbəbsiz deyil. Ölkə çempionu oldu, ölkə kubokunu qazandı, Çempionlar Liqasının qrup mərhələsində oynadı. Düzdü, bir az yığmanın işləri düz gətirmədi. Amma yenə də ili onun üçün uğurlu hesab edirəm. 35 yaşında futbol oynamaqla yanaşı, həm də məşqçilik edirdi. “Qarabağ”ın U-19-nun səfərdə “Atletiko”nu məğlub etməsi də sevindirici haldı. Üstəlik, U-21-ə baş məşqçi təyin olundu. Ən çox heyfsiləndiyim “Çelsi” ilə oyundakı qırmızı vərəqədi. Kaş, o vərəqə olmazdı... Digər futbolçuların da əməyini itirməməliyik. Sadəcə, Rəşadın yaşını və uğurlarını nəzərə alıb, onu seçərdim.
- Maraqlıdı ki, özü bununla razılaşmır. İddia edir ki, ən yaxşı adına Mahir Mədətov layiq görülməliydi. 
- “Ən gənc futbolçu” nominasiyası olsaydı, çəkinmədən Mahirin adını deyərdim. 
- 190 respondentdən 71-i onu 1-ci yerə layiq gördüyü halda, özü niyə Mahirin adını çəkir ki?
- Rəşadın xarakteri belədi. O heç vaxt diqqət mərkəzində olmağı xoşlamır. İndiyə qədər adını hansısa şouda görmüsüz? Xeyr! Mümkün deyil! Özünə diqqəti sevmir, üzdə olmaqdan qaçır. O öz işini görür, qiyməti xalq verir. Dediyiniz kimi, respondentlərin çoxu 1-ci pilləyə onu layiq görüb. Deməli, layiqdi. Özü kimi seçir, özü bilər (gülür).
- Neçə ilin dostusuz?
- Uşaqlıqdan, təxminən 27 ildi. 
- Tanışlığınız hardan başlayıb?
- “Drujba” tərəfdə bir məhəllədə böyümüşük. Qonşu olmuşuq. 
- O vaxtdan bu yana Rəşadda dəyişən nə olub, dəyişməyən nə?
- 8 yaşında boyu 120 santimetr idi, indi maşallah, 180 sm-dən çoxdu (gülür).
- Zarafatı kənara qoysaq?
- İstənilən şəxs yaşa dolduqca müəyyən qədər dəyişir. Püxtələşirsən, şəxsiyyət kimi yetişirsən, ailə-uşaq sahibi olursan. Bütün bunlar adamı istər-istəməz dəyişir. Rəşad 10-15 yaşında necə idisə, inanın, bu gün də eyni adamdı. Kəskin mənada dəyişən bir şey yoxdu. Sadəliyi, dost-tanışın yanında olması, təvazökarlığı, böyük-kiçik yerini bilməsi – o vaxtdan belə olub. 
- Özü uşaqlıq illərindən danışanda dalaşqan olduğunu gizlətməmişdi. Hətta bir dəfə “Neftçilər”dəki “söhbətdə” döyüldüyünü də etiraf etmişdi. 
- Nadinclik, dalaşqanlıq insani keyfiyyətlər deyil ki. O yaşda uşaqların 90 faizi belədi. Razılaşın ki, dava etməyən uşağa birtəhər baxırlar. Bizim öz çevrəmiz vardı. Hamımız idmançı uşaqlar idik. Siqaret çəkməz, içki içməzdik. Şahin Məhərrəmov da var idi, boksçu dostumuz. Azərbaycan çempionu olmuşdu, amma idmandan tez uzaqlaşdı. Eldar cüdoyla məşğul olurdu. Buna baxmayaraq, yerimizi bilirdik.
- Məhəllə məhəlləyə, məktəb məktəbə davalara gedirdiz?
- Yox əşi. Elə şeyləri xoşlamırdıq. Hamıyla normal münasibətimiz var idi. Əksinə, idmançı kimi nümunəvi olmağa çalışırdıq. Hamı tanıyırdı deyə, hər imkanda diqqətli olmalıydıq. 
- Eyni məktəbdə oxumusuz?
- Xeyr. Rəşad “34”də idi, mən “42”də. Bir-birinə yaxın məktəblər idi.
- Həmin illərdə Rəşadın nə vaxtsa ölkənin “1 nömrə”si olacağını ağlınızdan keçirirdiz?
- Məhəlləmizdə lider söhbəti yox idi. Məsələn, mən basketbolu tərifləyirdim, Rəşadın futbolu ön plana çəkirdi. Şahin deyirdi boksdan yaxşısı yoxdu, Eldar cüdonu dağ başına qoyurdu. Bir-birimizlə bəhsə girirdik. Özümüzü yox ha, idman növlərini tərifləyirdik. Bununla da hərə öz sahəsində güclü olmağı hədəfləyirdi. Hər şeydən əvvəl əhatəmizdəki dostlarımıza sübut etməliydik. Bütün idman növləri ilə məşğul olurduq. Yığışıb basketbol oynayırdıq, sonra keçirdik futbola, ondan bezəndə böyük tennisə, daha sonra stolüstü tennisə. Tennis topuyla hokkey oynayırdıq. 
- Maşallah, hamınız idmançı uşaqlar olmusuz. O vaxt “vatsap”, “feysbuk” dövrü deyildi. Mobil telefon da hər adamda yox idi. Qızlardan sevgi təkliflərini necə alırdız?
- (gülür) Biz başıaşağı uşaqlar olmuşuq. Ancaq idmanı sevirdik. Dərs oxu, sonra da idmana qaç. Qıza, sevgiyə zaman qalmırdı. 
- Qızlara baxmırdız?
- (ucadan gülür) Sən nəsə təxribatçı suallar verirsən. 
- Hər bir insanın uşaqlığı, keçmişi olub. Burda gizlədəsi nə var ki?
- Bəlkə də kiminsə gizli nəyisə var idi. Amma bunu bir-birimizə demirdik, açıqlamırdıq. Dost olsaq da, aramızda pərdə var idi. 
- Rəşada görə ən çox anası narahat olurdu, yoxsa atası?
- Tək Rəşad üçün yox, ana-atalarımız hamımız üçün narahat olurdu. Amma bilirdilər ki, pis vərdişlərimiz yoxdu. Nə vaxt eyvandan baxsalar, həyətdə oynadığımızı görürdülər. 
- Adətən, atalar işdə-gücdə olur, evə yorğun gəlirlər. Analar daha çox narahat olur. 
- Bircə yeməklə aramız yox idi, futbol, basketbol, tennis. Onda da analarımız eyvana çıxıb, evə çağırırdılar. 
- Geridə qalan 27 il ərzində Rəşadla küsülü qaldığın vaxtlar olub?
- Dəqiq xatırlamıram. Olubsa da, uşaq vaxtı olub. 
- Bu neçə ildə hansısa məğlubiyyətə, zədəyə görə Rəşadın göz yaşlarına hakim ola bilmədiyini görmüsən?
- (fikirləşir) Açığı, görməmişəm. 
- Kimsə divara yumruq vurur, kimi ağlayır, kimi də dava etməyə adam axtarır. Bəs Rəşad hirsini necə soyudur?
- Özünə qapanır, fikir edir, 10-15 dəqiqə dözmək lazımdı. Bir az keçəndən sonra özünə gəlir, söhbət edir. Sadəcə, səssizlik gərəkir. Kin saxlayan adam deyil. 
- Uşaqlıqda yaxın durmayan məhəllə uşaqları arasında əliniz çörəyə çatandan sonra sizə tərəf addım atanlar olub?
- Kənardan olub, amma məhəllə uşaqlarından belələrini görməmişəm. Bizim öz dairəmiz var idi: mən, Rəşad, Eldar, Emin, Şahin, Kamal. Həmişə bir yerdə idik, indiyə kimi də birlikdəyik. Düzdü, Rəşadın işləri, oyunları çoxdu, tez-tez görüşə bilmirik. Məsələn, dünən axşam (srağagün) böyüdüyümüz məhəllədə yığışmışdıq. 
- Futboldan başqa Rəşad ən çox nə ilə maraqlanır? Hobbisi nədi? 
- İkimiz də stolüstü tennisi çox xoşlayırdıq. Hər imkanda tennis oynayırdıq. Böyük tennisə də marağımız vardı. Hə, bilyardı da deyim. Məhəlləmizin yanında bilyard obyekti vardı. Rəşadla həmişə ora gedərdik. 
- 2006-cı ildə Rəşadı basketbola aparmışdın. 
- Rəşad hələ uşaqlıqdan basketbol məşqlərinə yazılmışdı. Məşqçimiz də Sorokin Vladimir Alekseyeviç idi. Məhəllədə özümüz üçün səbət düzəltmişdik, basketbol oynayırdıq. Mən özüm də Rəşadla birgə Vaqif Paşayevin məşqlərində iştirak edirdim, qapıda dururdum. Sonradan hərəmiz bir yol seçdik - mən basketbolun, Rəşad futbolun dalınca getdi.
- Rəşad niyə məhz futbolu seçdi? Boyuna görə?
- Onun əsas məqsədi futbol idi. Hətta gənclərdən ibarət yığmalara dəvət alırdı. Boş vaxtı olanda basketbolla məşğul olurdu. 
- “NTD Servis Devon”da necə peyda oldu?
- 2006-cı il idi, “Kayserispor”dan qayıtmışdı, vaxtında sifariş oluna bilmədi deyə, işsiz qalmışdı. Tam dəqiq yadımda deyil, amma buna bənzər hal yaşanmışdı. Rimas Kurtinaytis gedəndən sonra “NTD Servis Devon” komandası yarandı. Dedim, gəl basketbola, onsuz da futbol oynamırsan. Razılıq verdi və bizə qoşuldu. Çempionatda oynadı, hətta 3 xallıq atışı da olmuşdu, yadımdadı. 
- Necə alınırdı? Futbola qayıtmasaydı, yaxşı basketbolçu ola bilərdi?
- Rəşadda istənilən idman növü üçün bacarıq var idi. Çoxları boyu qabardır, amma boy ən vacib məsələ deyil. O qədər basketbolçular olub ki, 2 metr boyunda, amma lazımi səviyyəyə çatmayıb. Basketbol həm də texnikanı, görmə qabilliyyətini sevir. Fuad Niftəliyev boyda Rəşaddan balacadı. 178 sm boyu var. Rəşadda isə səhv etmirəmsə, 182-183-dü. Sadıqov uşaqlıq illərini sırf basketbola həsr etsəydi, yaxşı basketbolçu olardı. 
- Rəşadın həyatda ən yaxın dostu kimdi?
- Bu suala özü cavab verə bilər. Mənim nəsə deməyim düzgün olmaz. 
- Qurban Qurbanov?
- Qurbanovla çox yaxındı. Hətta Qurban müəllimə böyük qardaş gözüylə baxdığını deyə bilərəm. 
- Əslində bu sualı söhbətə başlayanda verəcəkdim, unutdum. Rəşadın telefon nömrəsi var idi, 050 ??? 14 14. Maraqlıdı ki, səndə də eyni nömrədi, sadəcə, sonluğu 15 15-di. 
- O nömrələri bir yerdə götürmüşdük. Təxminən 7-8 il əvvəl.
- Hədiyyə vermişdilər?
- Yox-yox, pulunu verib almışdıq. 
HƏBİB

Tarix: 3 Yanvar 16:36    Oxunub: 790    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 İyun 2018
19 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.