LAYİHƏ: U-15 Liqası: "Neftçi"nin baş məşqçisinə futbolçularından hədiyyə

Həftəsonu U-15 Liqasında 14-cü turun oyunları keçirildi. 4 oyun şənbə, 3 qarşılaşma isə bazar günü baş tutdu.

 

15 komandanın iştirak etdiyi liqada ilk dövrənin başa çatmasına 1 tur qalmasına baxmayaraq, 14-cü tur 2017-ci ildə sonuncu oldu.

 

15-ci turun oyunları yanvarın 27-28-də keçiriləcək ki, bununla da U-15 Liqasında birinci dövrəyə yekun vurulacaq.

 

«Keşlə» - «Zirə» 2:1

Turun açılışı «İnter Arena»nın 4-cü meydanında oldu. Turnir cədvəlindəki qonşuların, həmçinin 2 eyni səviyyəli komandaların qarşılaşması olduqca maraqlı mübarizə şəraitində keçdi. Matç meydan sahiblərinin hücumları ilə başladı ki, bu da başadüşülən idi. «Keşlə» erkən qol vurmaq istəyirdi. Ümumiyyətlə, qələbə sayəsində meydan sahibləri rəqibi xal hesabında keçəcəkdilər. Onların bu istəyinə rəğmən hesabı qonaqlar açdılar. 7-ci dəqiqədə Vüsal Əliyevin cərimə zərbəsindən qapı önünə göndərdiyi topu Nihat Abbasov başla uzaqlaşdırmaq istəyərkən öz qapısından keçirdi. Qolda «Zirə»nin futbolçusu Gülağa Əsədovun da əməyini qeyd etmək lazımdı. Məhz Gülağa ilə mübarizədə Nihat səhvə yol verdi.

 

Buraxılan qoldan sonra hücumların kəsərini bir qədər də artıran «Keşlə» 2 epizodda Əli Tağıyev və Vaqif Həsənovla qola yaxın olsalar da, Əlinin dabanla, Vaqifin isə başla zərbəsi effektiv alınmadı. Hesabda tarazlıq 19-cu dəqiqədə yarandı. Əlinin ara ötürməsindən sonra qapıçı ilə təkbətək qalan Xəyal İbrahimov fərqləndi.

 

Birinci hissədə daha bir neçə epizodda tərəflər qol vura bilərdilər. Lakin futbolçularda dəqiqlik çatışmadı. İkinci hissədə ərazi üstünlüyü ümumi götürəndə Cəfər Hüseynovun yetirmələrinin tərəfində idi. Hətta hissənin ortalarında, haradasa 6-7 dəqiqə «Keşlə» meydanın özünə aid hissəsində «ilişib qalmışdı». Məhz həmin periodda Gülağa Əsədov 2 dəfə real qol şansını boşa verdi. Birinci epizodda onun zərbəsində dəqiqlik çatışmadı. İkinci halda isə cərimə zərbəsindən «doqquzluğ»a göndərdiyi topu Elmar Əzizov çətinliklə olsa da, qaytara bildi. Xəyal Mustafayevin yetirmələrinin də qol vurmaq imkanları oldu. Bir epizodda Xəyal İbrahimov qapıçının səhvindən istifadə edə bilmədi, başqa bir epizodda isə Emin Nəbiyevin zərbəsi alınmadı.

 

Yekun nəticəni təyin edən qol matçın başa çatmasına 5 dəqiqə qalmış vuruldu. Hümmət Məmmədovdan ötürmə alan Əli Tağıyev 30-35 metrlik reyddən sonra topu qapının uzaq küncünə göndərə bildi – 2:1.

 

Qalan dəqiqələrdə «Zirə»nin hesabı bərabərləşdirmək imkanları var idi. Hətta sonuncu dəqiqədə Gülağa qapıçı ilə təkbətək mübarizədə fərqlənməyə borclu idi. Lakin Elmar diqqətli oyun nümayiş etdirərək komandasının qələbəni əldən verməsinə qoymadı.

 

Qələbə sayəsində «Keşlə» turnir cədvəlində «Zirə» ilə yerdəyişmə etməklə yanaşı 2-ci pillənin sahibi «Vətən»lə xal fərqini 5-ə endirdi. Çünki «Vətən»…

 

«Neftçi» - «Vətən» 2:0

…Çünki «Vətən» səfərdə «Neftçi»yə məğlub oldu. Bu oyun da baxımlılığına görə «Keşlə» - «Zirə» matçından heç də geri qalmadı. Qarşılıqlı hücumlar şəraitində keçən oyunda sevinən tərəf meydan sahibləri oldular. Matçda hesab 12-ci dəqiqəldə açıldı. Rəqibi əks-hücumda yaxalayan «Neftçi» «siftə» etdi. Altay Abdulkərimovdan əla ötürmə alan Rəvan Nağıyev fərqləndi. İlk hissədə başqa qol vurulmadı və komandalar fasiləyə «Neftçi»nin 1:0 hesablı üstünlüyü ilə yollandılar.

 

Fasilədən sonra sevinən tərəf yenə də «Neftçi» oldu. Bu dəfə Rəvan Altaya olan «borcu»nu qaytardı. Qapıçı ilə üz-üzə qalan Altay hesabı 2:0 etdi. Rəvan - Altay dueti daha bir dəfə fərqlənə bilərdi. Altaya qarşı cərimə meydançası daxilində edilən qayda pozuntusundan sonra hakim «Vətən»in qapısına penalti təyin etdi. Lakin Nağıyev qapını deyil, dirəyi nişan aldı.

 

Yeri gəlmişkən, «Neftçi»nin baş məşqçisi Tofiq Mustafayev bir neçə gün əvvəl «əməkdar məşqçi» fəxri adı ilə təltif olunmuşdu. Yetirmələrinin güclü rəqib üzərindəki qələbələri təcrübəli mütəxəssis üçün əsl hədiyyə oldu.

 

«Vətən» haqqında da bir-iki kəlmə. Oyun ərzində bir neçə epizodda real qol şanslarını boşa verən «məktəblilər» ən xoş sözlərə layiqdirlər. İlqar Mənsimovun yetirmələri bu oyuna kimi çempionatda məğlub olmayan iki komandadan biri idi. Görünür, onların üzülməsi bu günə qismət imiş. 3 xal itkisi həm də çempionluq uğrunda mübarizə aparan «Vətən» üçün ağır zərbə oldu. İndi bu komandanın lider «Qəbələ» ilə aralarında olan xal fərdi 5-dir.
 

«Qəbələ» - «Səbail» 3:0

«Qəbələ» gözləndiyi kimi 3 xalı rahatlıqla «götürdü». Rəqib səfər oyunlarında zəif təsir bağışlamasına baxmayaraq, özünə görə «çəkisi» olan «Səbail» idi.

 

Matçda hesabı 8-ci dəqiqədə Rauf Rüstəmlidən ara ötürməsi alan Taleh Qarayev açdı. 13 dəqiqə sonra «Qəbələ» 2-ci dəfə fərqləndi. Bu dəfə cərimə zərbəsindən sonra Mehrac Baxşəliyevin qapı önünə etdiyi asmanı qonaqların müdafiəçisi Loğman Əliyev tərs toxunuşla öz qapısından keçirdi. Bu qoldan sonra rahatlaşan meydan sahibləri ərazi üstünlüyünə sahib olsalar da, əllərinə düşən imkanlardan istifadə edə bilmədilər. Ta ki 69-cu dəqiqəyə kimi. Bu dəfə assistent rolunu ilk qolun mülləifi Rauf oynadı. Onun ötürməsindən sonra qapıçı ilə üz-üzə qalan Ümid Həmzəyev qolkiperi keçmək istəyərkən kobudluqla üzləşdi. Qayda pozuntusuna gözə hakimin təyin etdiyi penaltini zərərçəkən özü dəqiq yerinə yetirdi – 3:0.

 

Qazanılan 3 xal sayəsində «Qəbələ» liderlik mövqeyini bir qədər də möhkəmləndirdi. İndi bu komandanı 2-ci yerdəki «Vətən»lə 5 xal ayırır. Üstəlik, Rakif Əliyevin yetirmələrinin çempionatda məğlubiyyət acısını dadmayan yeganə komanda olduğunu da deməliyik.

 

«Neftçi» İK İB – «Turan» 0:0

Bu qarşılaşmaya turun ən maraqsız oyunu adını vermək olar. Hər iki komandanın sönük oyun nümayiş etdirməsi hesabda da əks olundu. «Turan» ardıcıl 3 məğlubiyyətdən sonra ilk xalını qazandı. Meydan sahibləri isə hələ də qələbə üzünə həsrətdilər. Üstəlik, «Neftçi» İK İB 9 oyundur ki, qol vura bilmir. Bu komanda çempionatda 2 dəfə fərqlənib ki, o da 5-ci turda «Sumqayıt»la oyuna (2:2) təsadüf edib.

 

Maraq üçün qeyd edək ki, «Turan» bu oyunda 3 əsas futbolçusunun xidmətindən yararlana bilmədi. Qüdrət Verdiyev cəza, Zahid Nuriyevlə Vüsal Vəliyev isə xəstəlik üzündən baş məşqçi Ruslan Abbasovu çətin vəziyyətdə qoydular.

 

«Kəpəz» - «Sumqayıt» 2:3

Turun ən gözlənilməz sayıla biləcək nəticəsi Gəncədə qeydə alındı. Ev oyunlarında daha yaxşı təsir bağışlayan «Kəpəz» matçın gedişində hesabda 2 dəfə irəli olmasına baxmayaraq, uduzdu. Güclü külək və yararsız meydan hər iki komandanın istədiyi oyunun nümayiş etdirməsinə mane oldu. Hər halda…

 

Oyunda hesabı 8-ci dəqiqədə «Kəpəz» açdı. Nurlan Bayramovun səhvindən istifadə edən Ümid Səmədov Həsən Sefullayevin fərqlinməsi üçün şərait yaratdı. Həsən Ümidin əməyini yerə vurmadı. Bu qoldan təxminən 10 dəqiqə keçmiş Cəmil Zeynalzadənin  künc zərbəsindən ötürdüyü topu İlkin Kərimli başla qapıdan keçirdi və hesab bərabərləşdirdi. 30-cu dəqiqədə Ümid bu dəfə Sənan Əliyevin qol vurmasına kömək etdi. Onun qapı önünə etdiyi asmanı uzaqlaşdırmağa çalışan qonaqların qapıçısı Pünhan Canlarov səhvə yol verdi və Sənan «Kəpəz»i hesabda yenidən önə keçirdi. İlk hissədə başqa qol vurulmadı və komandalar 2:1 hesabı ilə fasiləyə yollandılar.

İlk yarıda «Kəpəz»ə yardım olan külək ikinci hissədə «Sumqayıt»ın tərəfində idi və qonaqlar bundan maksimum yararlandılar. Mehman Yunusovun yetirmələri hesabı 53-cü dəqiqədə bərabərləşdirdilər. Rəqib müdafiəçinin kobud səhvindən istifadə edərək topu ələ keçirən Murad Əzizbəyov «mərmi»ni qapı önündə boş qalan Rüstəm Hümbətova ötürdü. Rüstəm «hədiyyədən imtina etmədi». 5 dəqiqə sonra isə Murad özü fərqləndi və komandasına 3 xal qazandıran qola imza atdı.

 

"Qarabağ» - «Viləş» 2:0

Sərhədçi OİK-nin meydanında keçirilən oyunda üstün tərəf meydan sahibləri idi. Onların qələbə qazanacaqları əvvəlcədən daha inandırıcı görünürdü. Belə də oldu. İlk hissədə ərazi üstünlüynə sahib olmalarına baxmayaraq, Asif Əliyevin komandası bunu hesabda əks etdirə bilmədi.

 

Əvəzində fasilədən sonra 2 qol vurdu. Oyuna 2-ci hissədə qoşulan Etibar Həsənovun cərimə zərbəsindən «içəri» göndərdiyi topu Nihat Kərimli başla qapıdan keçirdi. Bu, 55-ci dəqiqədə baş verdi. 10 dəqiqə sonra isə Etibar Ziyatay Niyazlının qol vurmasına yardımçı oldu. Oyunda başqa qol vurulmayınca, matç «Qarabağ»ın 2:0 hesablı qələbəsi ilə başa çatdı. Qazanılan 3 xal «Qarabağ»ın 1 pillə irəliləməsinə səbəb oldu. Komanda eyni xala malik «Kəpəz»i vurulan-buraxılan qollara görə geridə qoydu.

 

İOEUGİM – «Zaqatala» 4:2

Turun ən qollu matçı Sumqayıtın «İnşaatçı» stadionunda baş tutdu. Meydanın bərbad durumda olmasına baxmayaraq, qarşılaşmada 6 qol vuruldu. Özü də hamısı 1-ci hissədə. Artıq, 3-cü dəqiqədə meydan sahibləri hesabda irəli çıxdılar.

 

Tural Haqverdiyevin cinah ötürməsindən sonra Ömər Əhmədli müdafiəçini qabaqlayaraq «doqquzluğ»u dəqiq nişan aldı. 5 dəqiqə sonra «doqquzluğ»u nişan alma növbəsi «Zaqatala»nın «7 nömrə»si Fərda Qurbanova çatdı.

 

O, cərimə zərbəsindən gözəl qol vurdu. 17-ci dəqiqədə qonaqlar özlərinə aid cərimə meydançasında sumqayıtlı futbolçuya qarşı kobud oynadılar və Nihat Ağayev hakim tərəfindən təyin olunan penaltini qola çevirdi. Cəmi 3 dəqiqə sonra Fərda 35 metrdən yenə də cərimə zərbəsindən, yenə də baxımlı qola imza atdı – 2:2.

 

Ardıcıl 2 halda hesabdakı üstünlüyü əldən verən İOEUGİM həvəsdən düşmədi. daha 2 dəfə fərqləndi. Əvvəlcə 23-cü dəqiqədə Sabir Quliyev, 27-ci dəqiqədə isə Tural Haqverdiyev qol vurmaqla komandasının qələbə qazanmasında pay sahibi oldular. Sakit tempdə keçən ikinci hissədə hər iki komandanın hesabı dəyişmək imkanları olsa da, futbolçular bunu bacarmadılar.

 

Qələbə sayəsində Baba Əsgərovun komandası xal sayını 15-ə çatdırdı. Ceyhun Zurabovun yetirmələri isə… «Zaqatala» çempionatda qələbə qazanmayan iki komandadan biri olmasına baxmayaraq, bu, kollektivin əsl gücünün göstəricisi deyil. Son turlar baxımlı oyun sərgiləyən Ceyhun Zurabovun yetirmələri arasında istedadlı futbolçular az deyil. Əgər digər iddialı komandalar bu futbolçuları qış fasiləsində «oğurlamasalar» «Zaqatala» gələn il əksər komandalara əməlli-başlı başağrısı ola bilər. 

 

U-15 Liqasında 15-ci turun oyunları yanvarın 27-28-də keçiriləcək: «Viləş» - «Qəbələ», «Vətən» - «Qarabağ», «Turan» - «Neftçi», «Sumqayıt» - «Neftçi» İK İB, «Zaqatala» - «Kəpəz», «Zirə» - İOEUGİM, İsgəndər Cavadov BFA – «Keşlə».

 

Sportinfo.az

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.

Tarix: 25 Dekabr 02:00    Oxunub: 473    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 Aprel 2018
24 Aprel 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.