“Neftçi”nin yüksəliş trayektoriyası və ya Tərlan Əhmədov nələri dəyişdi?

“Neftçi”nin “Zirə” üzərində qazandığı qələbədən sonra “Bakcell Arena”da əsl bayram ab-havası hökm sürürdü. Stadionda məsələdən bixəbər biri olsaydı, meydan sahiblərinin ölkə kubokuna yiyələndiyini zənn edərdi.

 

Artıq neçə ildi titula ac olan tərəfdarların coşqusunu anlamaq çətin deyil. Tərlan Əhmədovun gəlişindən sonra ciddi irəliləyişə nail olan “ağ-qaralar” həm turnir cədvəlindəki mövqeyini yaxşılaşdırıb, həm də kubokun yarımfinalına yüksəldi.

 

Premyer-liqada heç cür məğlub edə bilmədiyi “Zirə” üzərində qazanılan qələbənin dadı isə tam başqadı. Bu gedişlə qış fasiləsindən sonra daha hazırlıqlı və iddiası bir az da artan “Neftçi” görəcəyimiz sirr deyil.

 

Hər halda, heyətin bir az da gücləndirilməsi ilə bağlı qurulan planlar və toplanış üçün bir ay vaxtın olması belə düşünməyə əsas verir. İndiki məqamda isə Əhmədovun gəlişindən sonra komandada nələrin dəyişdiyinə nəzər salmaq olar. 


Ailə mühiti yaratdı
Baş məşqçi “sükan arxasına” keçəndən dərhal sonra qruplaşma ilə bağlı problemi qabartmışdı. Hər məşqçinin dilinə gətirməyə cəsarət etmədiyini Tərlan bəy jurnalistlər önündə söyləmişdi. Qruplaşma ondan ibarət idi ki, yerlilər özləri üçün bir, legionerlər başqa “ailə” yaratmışdılar. Bir komandanın daxilində belə bir halın yaşanması isə uğursuzluğu səciyyələndirən əsas amillərdəndi.

 

Bazada, məşqdə bir-birinə tərs-tərs baxan futbolçuların oyunda “can” deyib, “can” eşitməsi mümkün deyil. Ya bir-birinə ötürmə vermirlər, ya uğursuzluğun günahını digər qrupun üzərinə atırlar, ya da oyunun gedişində az qala bir-birini boğmaq həddinə çatırlar. Elxan Abdullayevin dönəmində belə hallara az rast gəlinmirdi. Əhmədov qısa zamanda pozulan ab-havanı düzəltməyi bacardı. Legionerlərlə yerlilərin arasındakı körpünü yox etdi. Bu da həm əhval-ruhiyyə, həm də sərgilənən oyun baxımından sözünü deməyə başladı.


Adlara yox, keyfiyyətə önəm verdi
Abdullayevin dönəmində cəlb olunan legionerlərin heç də hamısının bacarıqlı olduğunu demək olmaz. Aralarında bir neçəsinin səviyyəsi uğur qazanmağa kifayət etməsə də, Elxan bəy rotasiya etmək əvəzinə daim onlara şans verirdi.

 

Məsələn, sabiq baş məşqçi Daniel Seqoviyanın boy-buxununa vurulmuşdu. Hüqo Barqası ehtiyatda saxlayıb, hər imkanda ucaboy ispana şans verirdi. Pavel Dreksa da onun kimi. Çexiyalının buraxdığı torba-torba səhvləri görməyən Abdullayev üçün çex müdafiəçinin meydanda danışması, qışqırması daha vacib idi. Əhmədov gəlişiylə bu iki əcnəbini “ofsayda saldı”. O cümlədən Mateo Mujeki.

 

Onların əvəzinə isə yerlilərə güvənəcəyini göstərdi. Məsələn, çoxlarının yalnız aşağı yaş qruplarından ibarət yığmalardan tanıdığı Anton Krivotsyuk 19 yaşında əsas heyətdə oynamağa başladı və qısa zaman ərzində xoş gələcək vəd etdiyini göstərdi. Və bu gün də “Neftçi” üçün olduqca vacib fiqurdu. Ruslan Abışovun dayaq yarımmüdafiəçisi kimi effektli olmadığını bilməyən yoxdu. Təcrübəlidi, amma hərəkətli deyil.

 

Elxan Abdullayev ona yarımmüdafiədə güvənirdisə, Tərlan Əhmədov onu Abışovun özünün də sevdiyi mövqe olan müdafiənin mərkəzinə çəkdi. Və bu dəyişiklik Petrov - Abışov anlaşmasında özünü göstərməyə başladı. Ümumiyyətlə, Əhmədovun iş başına keçməsindən sonra “11-lik”də yerlilərin sayı çoxalmağa başladı. Əvvəl ilk dəqiqələrdən 6 legionerin oynayacağı dəqiq idisə, yeni baş məşqçinin gəlişindən sonra say 3-4-ə endi. Hətta “Zirə” ilə kubok matçında əsas heyətdə cəmi 1 əcnəbi yer almışdı. 


Lideri tapdı
Heyətlə bağlı dəyişiklik göstərilən adlarla bağlı deyildi. Elxan Abdullayevin “Neftçi”sində oyun qurmaq, top saxlamaq baxımından çatışmazlıq açıq-aşkar görünürdü. Hətta baş məşqçinin özü bəndənizlə söhbətdə bu məqamı dəfələrlə vurğulamışdı. Cinahlarda hər nə qədər sürətli və texnikalı futbolçular yer alsa da, mərkəzdə topla davranmağı bacaran, oyunu “oxuyan” futbolçuların olması vacib idi.

 

Tərlan bəy iş başına keçən kimi futbol ictimaiyyətinin yaxşı tanıdığı Rəşad Sadiqovu özüylə gətirdi. Bəlkə də kimlərsə bu transferə baxıb ağız büzürdü. Amma çempionatın gedişi Rəşadın təcrübəsi hesabına nələr etdiyini göstərdi. Təkcə meydanda etdiklərinə görə yox, həm də ondan kənarda. “Neftçi”nin həm də liderə ehtiyacı vardı ki, baş məşqçi bu boşluğu illərdi tanıdığı Sadiqovun hesabına doldurdu.

 

Həmin Rəşad ki, yayda Elxan Abdullayev onu komandaya götürməmişdi. Hə, Emin Mahmudovu da unutmayaq. İlk vaxtlar fiziki durumunda qüsurlar diqqəti çəksə də, zamanla həm formaya düşdü, həm də yeni komandasına alışdı. Bu gün “Neftçi”nin orta sahədə ağalıq etməsinin səbəbi həmin mövqedə Derlis Meza Kolli, Rəşad Sadiqov və Emin Mahmudov “3-lüy”ünün yer almasıdı. 


İntizama diqqət ayırdı
Nizam-intizam olmayan yerdə nəticə qazanmaq mümkün deyil. Başqa cür desək, evin kişisi olmalı, hamı da ona hörmət etməlidi. Elxan Abdullayevin xarakterində bununla bağlı problem var idi. Ürəyiyumuşaqdı, çox şeylərdə dərinə getməyi xoşlamırdı, kimisə cəzalandırmaqla, səs tonunu qaldırmaqla arası yox idi.

 

Tərlan bəydə tam əksidi. Hələ AZAL-da işlədiyi dövrdə futbolçuların “nəfəsini kəsdiyini” görürdük. Olduqca tələbkardı, intizam onun üçün əsas prinsipdi. Elnur Cəfərovun “instaqram” sərgüzəştlərinə görə əvəzedici komandaya göndərilməsi sıradan fakt deyildi. Halbuki hadisə futbolçu klubda yox, yığmanın düşərgəsində olduğu dövrdə baş vermişdi.

 

Buna baxmayaraq, baş məşqçi onu həm cərimələdi, həm də cəzalandırdı. İstedadlı futbolçulardan sayılan Namiq Ələsgərov gününü ehtiyat oyunçular skamyasında keçirir. Bu da səbəbsiz deyil. Əsas heyətə düşmək üçün rəqabət yox dərəcəsindədi deyə, Ələsgərov bundan maksimum yararlanmağa çalışır. Belə olduqda isə oyun baxımından geriləyir. Ona görə də son vaxtlar layiq olduğu yerdə - ehtiyat oyunçular skamyasındadı.


Hücum futbolu oynatdı
Elxan Abdullayev baş məşqçi olanda azarkeşləri narazı salan həm də komandanın “Neftçi”nin adına uyğun futbol oynamamasıydı. Abdullayevin uzun illər Berti Foqtsun köməkçisi işləməsinə, ya başqa nəyə görəydisə, daha çox müdafiəyə diqqət ayırırdı. Belə deyək, “Neftçi” boyda komandanı əks-hücum taktikasına güvənməyə məcbur edirdi. Əsas məqsəd qol buraxmamaq idi. Bəzi oyunlarda hətta “5-li” müdafiə taktikasından istifadə edirdi. Bu isə rəqiblərin əl-qolunu açırdı.

 

Məsələn, “Qarabağ”ın, ya da “Qəbələ”nin güclü olduğunu düşünüb müdafiəçilərin sayını artırırdı ki, belədə oyunboyu üstün tərəf rəqib olurdu. Bu da 90 dəqiqə müdafiə olunan futbolçularda həm fiziki, həm də psixoloji yorğunluq yaradırdı. Tərlan Əhmədov “Zirə”ylə ilk oyundan başlayaraq, hücum futboluna üstünlük verəcəyini göstərdi. Və bunun nəticəsi kimi “ağ-qaralar” məğlub olduğu oyunlarda belə, meydanı qolsuz tərk etmirdi. Komanda uduzsa da, azarkeşlər futbolçuları alqışlarla yola salırdı. Bugünkü “Neftçi”nin adınalayiq oyun sərgiləməsi məhz Əhmədovun futbol təfəkkürünün nəticəsidi (Futbol+). 

Tarix: 18 Dekabr 00:20    Oxunub: 335    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Yanvar 2018
18 Yanvar 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.