LAYİHƏ: U-15 Liqası: 13-cü turda «qərb derbisi»

Dekabrın 16-17-də «Boulevard U-15 Liqası»nda 13-cü turun oyunları keçiriləcək. Lider «Qəbələ»nin buraxdığı turda 7 oyunun 5-i şənbə, 2-i isə bazar gününə təyin olunub. Başqa maraqlı bir məqam isə ondari ibarətdir ki, 7 oyunun 4-ü bölgələrdə keçiriləcək ki, onlardan ikisi derbidir.

 

16 dekabr

12:00 «Zirə» - İsgəndər Cavadov BFA

(Aviasiya Akademiyasının stadionu)

4 turdur qələbə üzünə həsrət qalan və bu turların sonuncusunda «Zaqatala» üzərində texniki qələbə ilə «qara zolaq»dan çıxan «Zirə» bu oyunda həmin zolaqdan öz gücünə can qurtarmağa çalışacaq. Cəfər Hüseynovun komandası İsgəndər Cavadov BFA ilə matçda üstün tərərdir. Yalnız 2 məqam meydan sahiblərinin qalib gəlməsinə əngəl ola bilər. Birincisi, bayaq haqqında bəhs etdiyimiz «qara zolaq» amili. İkincisi isə, Qəhrəman Əliyevin yetirmələrinin qələbəni «dadmasından». 12-ci tura kimi qələbə üzünə həsrət qalan qonaqlar keçən həftə «Zaqatala»nı 5:0 hesabı ilə məğlubiyyətə uğratmaqla ilk dəfə 1 oyunda 3 xala sevindilər. Atalar «iştiah diş altındadır» deyiblər. Bu məsəlin turun açılış oyununda nə dərəcədə reallaşacağını zaman göstərəcək.

Yeri gəlmişkən, 8-ci turda «Vətən»lə oyunda hakimi təhqir etdiyinə görə 5 oyunluq cəzalanan «Zirə»li Elnur Mirzəyev bu oyunda da komandasına kömək edə bilməyəcək. Əvəzində «Zirə» yeni futbolçunun xidmətindən yararlana bilər. Söhbət «Neftçi»dən ayrılan Gülağa Əsədovdan gedir. Gülağa «Zirə» üçün yad ism sayılmamalıdır. Ötən ilə kimi Cəfər Hüseynovun rəhbərliyi altında «Əlincə»də çıxış edən Əsədov komanda dağıldıqdan sonra kollektivlə birlikdə «Zirə»yə deyil, ayrıca «Neftçi»yə üz tutmuşdu. Yəni, yeni komandası əslində, onun həm də köhnə komandasıdır. Xatırladaq ki, Gülağa Əsədov veteran futbolçu Arif Əsədovun oğludur və U-15 millimizin üzvüdür.

 

13:00 «Vətən» - «Neftçi» İK İB

(«Neftçi Baza»)

Öncə qarşılaşma ilə bağlı maraqlı məqamı qeyd edək – rəqiblərin biri çempionatda ən çox qol vuran (40 qol), digəri isə ən az fərqlənən (2) komandadır. «Vətən»in bu oyunda xal itirmə ehtimalı çox azdır. «Məktəblilər» çempionatda məğlub olmayan 2 komandandadan biridir. «Qəbələ»nin tur buraxacağını nəzərə alaraq İlqar Mənsimovun komandası bu oyunda 3 xal götürməklə liderlə aralarında olan xal fərqini 2-ə endirə bilər. Qonaqlar isə yalnız etibarlı oyunu ilə diqqət çəkən müdafiə xəttinin səhvsiz oynaması sayəsində 1 xala ümid etsələr yaxşıdır. Qələbədən danışmırıq. Çünki qalib gəlmək üçün qol vurmaq lazımdır ki, «Neftçi» İK İB bunu demək olar ki, bacarmır – 11 oyuna 2 qol.

 

14:00 «Viləş» - «Neftçi»

(Masallı şəhəri, Anatoli Banişevski adına stadion)

Matçın nəticəsini proqnozlaşdırmaqda çətinlik çəksək də, onyunun maraqlı keçəcəyini əminliklə söyləmək olar. «Neftçi» son turlar baxımlı oyunla göstərməklə yanaşı, vacib xallar da qazanıb. «Viləş» də axır vaxtlar xeyli «artırıb». Amma bu komandanın nəticə baxımından qeyri-stabil çıxışını qeyd etmək yerinə düşər. Yol yorğunluğu və heyətində zədəli futbolçuların olması qonaqların əleyhinə işləyən məqamdırsa, doğma divarlar amili «Viləş»in üstün tərəfidir.

 

14:30 «Turan» - «Kəpəz»

(Tovuz şəhər stadionu)

Turnir cədvəlində orta sıralarda yer almalarına baxmayaraq, bu oyunu turun mərkəzi matçı adlandırmaq olar. Çünki Tovuz şəhər stadionunda «kiçik qərb derbisi» baş tutacaq. Hər iki komanda çempionatda qeyri-stabil çıxışı ilə yadda qalıb. Güclü rəqiblərdən xal alan, nisbətən zəiflərlə oyunlarda isə xal itirən iki komandanın qarşılaşmasında kimin qalib gələcəyini demək çətindir. Gərgin və maraqlı oyunun keçəcəyini isə əminliklə söyləyə bilərik.

 

15:00 «Zaqatala» - «Keşlə»

(Zaqatala şəhər stadionu)

«Keşlə»nin bu oyunda xal itirməyə haqqı çatmır. 7-8 saatlıq yolçuluq, bir neçə futbolçunun zədəli olması belə matçın favoriti qonaqları adlandırmağa mane ola bilməz. Qələbə sayəsində Xəyal Mustafayevin komandası 3-cü yerdəki «Zirə» ilə aralarında olan 2 xallıq fərqi qoruya biləcək. Əgər «Zirə» - İsgəndər Cavadov BFA matçında sensasiya qeydə alınmasa. Meydan sahiblərinə gəlincə, 11-ci turda elə həmin «Zirə»ni gözlənilməz şəkildə məğlub edən «Zaqatala» çətin ki, medallara iddialı komandalarla oyunda bir daha belə sensasiyaya imza ata bilsinlər. Xatırladaq ki, «Zirə» üzərində qələbə qazansalar da, sonradan İntizam Komitəsi «Zaqatala»nın heyətində «lipa» olduğunu aşkarlayaraq onlara texniki məğlubiyyət vermişdi. Ötən tur bu Bakıda İsgəndər Cavadov BFA-a 0:5 hesabı ilə məğlubiyyətsə «Zaqatala»nın əsl gününü sübut edir.

 

17 dekabr

13:00 «Sumqayıt» - İOEUGİM

(Sumqayıt şəhəri, «Kapitalbank Arena»)

«Kiçik qərb derbisi»ndən 1 gün sonra «Gənclik şəhəri»ndə «Sumqayıt derbisi» baş tutacaq. Öz meydanında daha yaxşı oyun sərgiləyən «Sumqayıt» son turda səfərdə «Keşlə»yə 0:3 hesabı ilə məğlub olub. Qonaqlar isə evdə «Turan» üzərində çətin qələbə qazanmışdılar – 3:2. Qarşılaşmada üstün tərəf meydan sahibləridir. Mehman Yunusovun yetirmələri qalib gəlməklə azından turnir cədvəlindəki yerlərini qoruya biləcəklər. Xal itkisi isə onlara bu baxımdan baha başa gələ bilər. Başqa sözlə, komandanın birdən-birə 4 pillə geri düşmək ehtimalı var. Eyni sözlər Baba Əsgərovun komandasına da aiddir. Məhz bu üzdən oyun hər iki komanda üçün əhəmiyyətlidir.

 

13:00 «Səbail» - «Qarabağ»

(Bayıl qəsəbə stadionu)

Bu komandalar turnir cədvəlində qonşu olmaqla bərabər, həm də eyni xala malikdilər. Gücləri də eynidir desək, lap yerinə düşər. Kim qalib gələcək? Suala cavab tapmaq olduqca çətindir. Yeganə məlum olan budur ki, qalib gələn tərəf 4 pillə irəli sıçraya bilər. Əgər «Neftçi», «Kəpəz» və «Sumqayıt» xal itkisi ilə üzləşsə. Komandalar bir şeydən arxayın ola bilərlər - məğlub olduqları halda yerlərində qalacaqlar

 

Bombardirlər: Alı Alı («Sumqayıt») – 14 qol, Elvin Abdullayev («Vətən») – 13 qol, Mehrac Baxşəliyev («Qəbələ») – 12 qol.

 

Sportinfo.az

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.

Tarix: 15 Dekabr 22:31    Oxunub: 242    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Yanvar 2018
18 Yanvar 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.