Eoxan Məmmədovun millidən pul qazanan adamı

AFFA-nın baş seleksiyaçı, milli komandaların meneceri – bu iki postu eyni adam tutur. AFFA-nın baş katibi Elxan Məmmədovun dostu olan Riad Rəfiyev elə bu münasibətlərdən yararlanaraq ölkə futbolunda az qala hər yerə nüfuz edə bilir.
 
Lazımsız futbolçuların milliləşdirilməsində, AFFA-dan maliyyələşən klublara futbolçu transferində, yığmaların toplanışlarının təşkilində böyük rol oynayan Riad onların hamısından öz faizini qazanmaqla həyatını təmin edir. Müəllim, alim, həkim il ərzində 3-4 min manatı dayanmadan çalışmaqla qazana bilmədiyi halda, bu cavan oğlanın həftəlik qazancı bu qədərdi.
 
Buna istedadı, bacarığı sayəsində nail olsaydı, heç kim ona irad tuta biləz, hətta alqışlayar, nümunə götürərdi. Lakin iş ondadı ki, Rəfiyevə bu imkanları Məmmədov və yuxarı dairələrdəki dost-tanışları qazandırır. Görülən işin keyfiyyətini isə statistika göstərir. Təkcə 1 milyon avro qarşılığında milli komandaya gətirilən, indisə heç kimə lazım olmayan Eddi İsrafilov faktı kifayətdi.
 
Milli komandalardakı məlum dəyişikliklərdən sonra Rəfiyevin vəziyyəti çətinləşib. Yeni gələnlər illərdi milli komandanı zəbt edən bu cavan oğlanla işləmək istəmir, o isə qaz vurub, qazan doldurduğu iş yerini kimsəyə güzəştə getmək niyyətində deyil. Bu səbəbdən əlaqələrini işə salıb, SOCAR-dakı day-daylarını, baş katibi minnətçi salıb. Elxan Məmmədova da onun millilərin düşərgəsində olması lazımdı. Çünki o, həmişə baş katibin eşidən qulağı, lazımi informasiyaları almaq üçün mənbəyi olub.
 
Xahişlərin nə ilə nəticələnəcəyi, Rəfiyev haqda hansı qərar veriləcəyi bizim işimiz deyil, özləri bilər. Amma ən maraqlısı odur ki, Riadın bütün fəaliyyəti qeyri-peşəkarlıqdı. AFFA-da, milli komandalarda çalışan birinin klubların işinə müdaxiləsi, oyunçu transferlərinə qarışması doğru deyil, əksinə, onun cəzalandırılması üçün ciddi əsasdı. Amma sanki Allahın bacısı oğluymuş kimi, ona hər cür imkan yaradılır.
 
AFFA-da, xüsusilə milli komandalarda çalışan birinin futbolçularla maddi anlamda bağlılığı yolverilməzdi. Bu, sabah hansısa məsələdə maraqların toqquşmasına gətirib-çıxaracaq, hansısa dilemma qarşısında olanda müştərisi olduğu üçün, Rəfiyevin futbolçusuna üstünlük qazandıracaq. Şəxsi münasibətlər üzündən klubunda heyət üzü görməyən bir çox oyunçunun milliyə dəvət aldığını, heyətə buraxıldığını görmüşük. Xorvatiyada 2-ci liqada heyət üzü görməyən Elnur Cəfərovun oyun praktikası olmaya-olmaya  U-21-də start heyətinə düşdüyü vaxtlar uzaq keşmişdə yaşanmayıb. Çünki o, Riadın futbolçusu idi, bu agent ondan pul qazanırdı, millinin Farer adalarını udmaması kimsənin vecinə deyildi.
 
Avropada belə şeylər qətiyyən mümkün deyil. Hansısa agentin milli komandada, federasiyada çalışması faktı aşkarlansa, onu topa tutarlar, bizdə isə...
 
Riad heç bir futbolçuyla əlaqəsi olmadığını, transferlərə qarışmadığını iddia edə bilər. Elə bu səbəbdən bəzi faktları sadalamağa məcburuq.
 
 
 
Araz Abdullayev, Pavel Paşayev, Namiq Ələsgərov, Yusif Nəbiyev, Elvin Bədəlov, Dmitri Nağıyev, Elnur Cəfərov, Adil Nağıyev, Rəhman Hacıyev – bu futbolçular rəsmən Rəfiyevin rəhbərlik etdiyi transfer şirkətinin müştəriləridi. Xarici klublar öz yerində, güman ki, “Neftçi” 3, “Zirə” 2 futbolçusunun müqaviləsinin detallarını açıqlasa, Rəfiyevin bu oyunçularla müqavilə bağlanarkən nə qədər agent haqqı aldığını öyrənə bilərik. Xüsusilə “Neftçi”də qara mühasibatlıq yoxdu və bu klub futbolçularla yanaşı, agentlərə də nə qədər pul ödədiyini sənədləşdirir.
 
Adları çəkilənlər hamısı ya milli üzvləri, ya da potensial namizədlərdi. Və onlar Rəfiyevin şirkətinin rəsmi müştəriləridi.
 
Hər şey qanunauyğun olsaydı, Riad “3R Sports Management” şirkətinin ona məxsus olduğunu gizlətməz, əksinə, bununla fəxr edər, bunu uğuru kimi gözə soxardı. Amma o, şirkəti dostu Tural Cəfərzadənin adına qeydiyyatdan keçirib.
 
“3R Sports Management” – buradakı 3R-in açması da məntiqlidi: Rəfiyev Riad Rasim oğlu. Şirkətin ünvanı kimi göstərilən “Mehdi Hüseyn, 82” də AFFA işçisini “ələ verir”. Çünki həmin ünvanda “Riad Tour” da yerləşir – hansı ki, rəhbəri bu cavan oğlanın bacısı Nigar Rəfiyevadır.
 
Bu, Azərbaycan futbolunun eybəcərlikləri ilə bağlı faktlardan yalnız biridi. Bir qrup insan futbol təsərrüfatını ələ keçirib, az qala bütün sahələrə nüfuz edərək, qazanc gətirən sahələri monopoliyalarına alıblar. Ortada uğur olsa, dərd yarı idi. Əksinə, illərdi milli komandalar səviyyəsində heç bir nəticə qazanılmır, futbolumuz geri gedir, biabırçı nəticələr sıralanır, bu insanların varidatı isə şişir – dövlətin milyonlarının dağıdılması hesabına.
 
Halbuki pul düzgün xərclənsəydi, AFFA-nın 30 milyonu aşan büdcəsinin qarşılığında hansısa uğurdan danışardıq, milli komandalara futbolçu tapmadığımızdan əcnəbi ovuna çıxmazdıq.
Tarix: 15 Dekabr 18:00    Oxunub: 371    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Yanvar 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.