Tərlan Əhmədov işini gördü - İndi top "Neftçi" rəhbərliyindədi

«Neftçi» cari mövsümün ilk yarısını qarşısına qoyduğu illik məqsədin 50 faizini yerinə yetirməklə başa vurdu.

 

«Görəsən, qış fasiləsinə hansı əhval-ruhiyyədə yollanacağıq» şübhəsinə dünən özləri son qoydu. Biskivit kimi baxımlı oyunla «Zirə»ni kubokda mübarizədən uzaqlaşdırıb, yarımfinala vəsiqə qazanmaqla.


Final fitindən sonra «Neftçi» cəhbəsində bir qələbəlik yaşanırdı ki… Çal oynasın, vur çatlasın. Bir-birini təbrik edən kim, qucaqlayan kim, boynuna sarılıb ağlayan kim…

 

Düşərgə nə vaxtdı bu sevincin yolunu gözləyirdi. Və həmin bu sevinc Premyer Liqada ən arzuolunmaz rəqibləri olan «Zirə» üzərində qalibiyyətdən doğan bir hissdisə… 


İlk matçdan taleysiz bir qola yenik dönən «Neftçi»nin avrokuboklara yolu kubokdan keçir. Çempionata çox da bel bağlamağa dəyməz. Ən aşağı əyarlı medalı – bürüncü əldə etməyə bir nömrəli namizəd «Zirə»di. Hansı ki, «Neftçi» onlardan düz 14 xal geri qalır.

 

Möcüzənin kiçik qardaşı dünyaya gəlməlidi ki, turnir cədvəlində yerdəyişmə olsun. Qarşıdakı iki dövrənin ümumi xal anbarı 41 təşkil edir və riyazi cəhətdən «Neftçi»nin hətta birincilik şansı var. Praktikaya qalanda isə…

 

Nə «Qarabağ» yatıb yuxuya dalandı, nə «Qəbələ» yerində sayan, nə də «Zirə» oturub gözləyən. Heç «Sumqayıt» da gözlərini matdım-matdım döyməyəcək. «Neftçi» bu qış fasiləsində nə qədər güclənir güclənsin, aradakı böyük xal fərqini yalnız əritmək, minimuma endirmək olar, nəhəng sıçrayışın baş verməsi isə az inandırıcıdı. 


Dünənki qələbə «Neftçi»yə çox lazım idi. Həm də lap çox! Qeyri-sabitliklə vidalaşıb, yeni marşrutun istiqamətini seçmək mənasında. Oyundan öncə çox söz-söhbət gəzirdi ki, mərhələ adlamaq mümkün olmasa, yönətim Tərlan Əhmədova qapını göstərəcək.

 

Düzdü, rəsmilər and-aman edirdi ki, danışılanlar həqiqətdən uzaqdı, nə olur-olsun, baş məşqçi dəyişikliyinə gedilməyəcək. «Od qalanmayan bacadan tüstü çıxmaz» məsəlini xatırlayıb, Əhmədovun həqiqətən küncə sıxılmaz vəziyyətini təsəvvür etmək olardı. Burdakı sabahını böyük ölçüdə elə dünən axşamkı 90 dəqiqə müəyyənləşdirəcəkdi və meydana çıxan futbolçuları məhz onun üçün vuruşdu. Onu qorumaq üçün.

 

Əhmədov "bizim futbolçular elədi ki, yumruq başlarının üstündə olmasa, yaxşı oynamırlar" söyləməklə, əslində, dəmir nizam-intizamın komandanı son anda toparlamasına işarə etdi. Yəni ki, mənim bir üzüm yumşaqdısa, bir üzüm də sərtdi.

 

Hər iki halda Əhmədovdan yaxşı məşqçi ilə işləməyəcəklərinə əmin olan bu futbolçular arzuolunmaz rəqiblə matçda sadə mübarizə üsulu ilə - hər top uğrunda çarpışmaqla istədiyi nəticəni əldə etmədi. «Neftçi»nin oyununda əsas və əsaslı iş - məşqçi əli nəzərə çarpırdı. Ələlxüsus ilk hissədə. Sağ cinahdan gələn iki ötürmə ilə «Zirə»ni fasiləyə bədbin göndərən «Neftçi»yə ikinci hissədə bir qədər qapanmq və zonaları bağlamaq qalırdı ki, pis-yaxşı öhdəsindən gəldilər.

 

Mən son dönəmlər ilk dəfə müşahidə etdim ki, «Neftçi»nin 11 futbolçusu bir nəfər kimi topa sarıldı, məsuliyyəti bölüşdü, kimsə ayağını, ora-burasını qorumadı, zədələnməkdən qorxmadı, yarıgüclə axır 20-25 dəqiqəni yola vermədi. 


Böyük klubsansa, azarkeş sənin «12-ci oyunçu»ndu. «Forza» başda olmaqla, havanın soyuqluğunu «Bakcell Arena»da unudan və unutduran tərəfdarlara təşəkkür etmək gərək! Yenə Tərlan Əhmədova inandılar, yenə komandalarına yorulmadan, usanmadan  dəstək verdilər. Bu səddi bir yerdə aşdılar. «Zirə»yə iki qol vurub, yarımfinala adladılar.

 

Top bu gün «Neftçi» rəhbərliyin ayağındadı. Avro-zonaya açılan qapını titrədəcək növbəti dəqiq zərbəni endirmək onların fərasətinə, insafına və səxavətinə bağlıdı. Bu komandanı qış fasiləsində ucuzvari və ucdantutma hamının gəlib-getdiyi kvrvansaraya döndərməsinlər. 3-4, amma ikibaş-üçbaş üstün, adı və oyunu dodaq uçuran transfer olsun, yetər. Komandanı lazım olan yerə çəkəcəklər. Çün başlarında Tərlan Əhmədov kimi var, başqa cür mümkün deyil.


Orxan Hüseynzadənin bunu istəməsinə inanıram. Hər halda sonda uğur da onunla əlaqələndiriləcək, uğursuzluq da. Yəqin ki, dünənki qələbə prezident kimi postunda özünü rahat hiss etməsini təmin elədi.

 

Davamının gəlməsini istəməsi tam doğaldı: 2015-ci ilin yazından - Sadıq Sadıqovun gedişindən bəri ilk dəfədi ki, klub olaraq inkişaf mərhələsinə qədəm qoyublar. «Zirə» üzərində zəfər suları durultdu, artıq islahaiları ağ-qara xəttin keçdiyi hər nöqtədə aparmaq gərək. Bütün sahələr üzrə. 

 

MUSA

Tarix: 15 Dekabr 13:12    Oxunub: 298    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Yanvar 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.