“Qarabağ”a “Azərsun”dan başqa sponsorluq etmək istəyən var?

Dekabrın 9-da “Qarabağ”ın sadiq azarkeş qruplarından olan “İmarət” 2017-ci il üçün “Tarixin memarı” adlı yekun tədbiri keçirdi.

 

Mərasimə qatılanlar arasında xeyli sayda tanınmışları görmək olardı. Onlardan biri də vaxtilə klubun çətin günlərində sponsorluğu öhdəsinə götürən Yunis İldırımzadə idi.


Sportinfo.az xəbər verir ki, hazırda “Əmrahbank”ın rəhbəri kimi tanınan Yunis bəyin çıxışı gözləniləndən geniş alındı.

 

Bu da səbəbsiz deyildi. İldırımzadə təkcə “İmarət”lə bağlı danışmadı. Bir çox maraqlı məqamlara toxundu ki, onlardan biri də sponsorluq məsələsiydi. Çıxışının bu hissəsi həqiqətən də düşündürücüdü:

 

“Bu gün bütün yük “Azərsun”un üzərindədi. Yəni ancaq bu holdinq pul xərcləyir. Ona görə də reklam lövhələrində yalnız “Azərsun”un, ya da şirkətin məhsullarının adlarını görürük. Halbuki “Qarabağ”a hamı kömək etməlidi.

 

Bir çox aparıcı şirkətlər klubla əməkdaşlıqda maraqlı olmalıdı. İndiki klub rəhbərliyinə təklif irəli sürməli, ortaq məxrəcə gəlməlidilər. Əlavə vəsait yalnız klubun, komandanın inkişafına kömək edə bilər”.

 

Maraqlıdı, deyilmi? Düzdü, “Qarabağ” bu gün ölkədə maliyyə sıxıntısı yaşamayan, maaşların vaxtında verildiyi bəlkə də yeganə klubdu. Amma artıq pulun cibi yırtmadığı da su kimi aydındı.

 

İndiyə qədər hansısa holdinq, hətta kiçik şirkət belə məsələ ilə bağlı Ağdam təmsilçisinə müraciət edibmi? Yaxud belə bir təklif olsa, “Qarabağ” rəhbərliyinin cavabı nə olar? Klubun idman direktoru Əmrah Çəlikəllə söhbətdə suala cavab tapmaq istədik ("Futbol+):

 

“Bu günə qədər hansısa şirkətdən əməkdaşlıq təklifi almamışıq. Olsa, təbii ki, şərtlərə baxıla bilər. “Azərsun” kluba təkcə futbol gözüylə baxmır. Ən başlıca niyyət Qarabağ həqiqətlərini dünyaya tanıtmaq, bu bölgənin Azərbaycana məxsus olduğunu sübut etməkdi.

 

Gördüyünüz kimi, Çempionlar Liqası kimi mötəbər turnirdə “Qarabağ”ın adı qarşısında Azərbaycan yazılır. Bunun özü ölkə üçün böyük qürurdu. Rəhbərlik sağ olsun, klub üçün təmənnasız hər cür şərait yaradıb və bunun nəticəsində dünya səviyyəli komandalarla başabaş mübarizə apardıq.

 

İnşallah, bundan sonra da belə olacaq. Bugünkü “Qarabağ” 3-5 il əvvəlki “Qarabağ” deyil. Tanınmış futbolçular vaxtilə Azərbaycanda oynamaq istəmirdisə, bu gün özləri bura gəlməyə cəhd edir. Klubumuz artıq layiqli bir brend kimi dünyada tanınmaqdadı.

 

Bunda isə əsas pay sahibi “Azərsun”du. Rəhbərliyin əməyinin nəticəsidi. Bəzi şirkətlər “Qarabağ”ın yanında olmağı ticari yöndən maraqlı görə bilər. Amma “Azərsun” bu işə sponsor maraqları güdmədən başladı. Sırf “Qarabağ”ın adını yaşatmaq üçün bu addımı atdı”.

Tarix: 15 Dekabr 00:30    Oxunub: 331    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Yanvar 2018
17 Yanvar 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.