Naxçıvan yenidən Azərbaycan çempionatına qatılacaq!

3 aydı startına hazırlıq görülən Region Liqası bu həftə başlayır. Artıq 21 komanda rəsmi şəkildə qeydiyyatdan keçib.

 

Daha 7 namizəd turnirdə iştirak etmək məqsədilə AFFA-ya müraciət edib. Sumqayıtda Bakı və Şimal zonası üzrə, Oğuzda Şimal-Qərb və Qərb zonası üzrə və Sabirabadda Mərkəz və Cənub zonası üzrə dekabrın 13-də saat 12:00-da püşkatma keçiriləcək. 


Region Liqasının keçirilməsini və nəzarəti AFFA-nın işçi qrupu (Regional Futbol Federasiyaları İctimai Birliyi, Məşqçilər Komitəsi, AFFA-nın Kütləvi Futbol Departamenti və Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsi) həyata keçirir.


Liqa dekabrın 16-da başlayacaq. İlk turun oyunları 16-17 dekabr tarixlərində baş tutacaq. Burda Naxçıvan Muxtar Respublikasının təmsilçisi də iştirak edəcək. Hazırda Muxtar Respublikanın daxili çempionatında birinci dövrə başa çatıb, sonda qalib komanda Bakıya gələrək pley-offa qatılacaq. 

 

AFFA və Peşəkar Futbol Liqasının birgə yaratdığı komissiyanın qərarına əsasən bu mövsüm I Divizona buraxılmayan komandalardan yalnız «Şahdağ» və «Energetik» həvəskar statuslu yeni yarışda mübarizə aparacaq.

 

«Karvan», «Göyçə» və «Bakılı» fəaliyyətini növbəti dəfə dayandırdığından, turnirdə qüvvəsini sınamayacaq. «Göyəzən» də kölgəyə çəkilib. Süqutun qapısından dönən «Şəmkir»in isə meydanda olacağı dəqiqdi. Yerli icra başçısı Alimpaşa Məmmədovun birbaşa dəstəyi ilə. 

 

AFFA İcraiyyə Komitəsinin üzvü və Məşqçilər Şurasının sədri Vaqif Sadıqovla Regionl Futbol Federasiyasının prezidenti İsgəndər Cavadov bugünlərlə müxtəlif bölgələrdə işgüzar görüşlər keçirib. Şamaxı, İsmayıllı, Oğuz və Qaxda icra başçısı və başqa səlahiyyətli şəxsləri ilə görüşüblər.

 

İlkin danışıqlarda onlar rəhbərlik etdikləri rayonun komandalarının turnirə qatılması üçün dəstək verəcəklərini bildirdilər. Şabran və Quba komandalarının da iştirak edəcəyi gözlənilir. İ.Cavadov həmçinin Astara, Lənkəran, Cəlilibad rayonunun rəhbərliyi ilə bir araya gəlib.

 

Yeni liqanın oyunları keçiriləcək stadionlarla bağlı vəziyyət nə yerdədi? Etiraf edək ki, əksər rayonlarda arenalar müasir tələblərə cavab vermir. Bir çox rayonlarda fəaliyyət göstərən Olimpiya İdman Kompleksləri Gənclər və İdman Nazirliyinin balansındadı. AFFA artıq GİN-ni də bu ideyanı dəstəkləməyə səsləyib. Nazirliyə gbndərilən məktubda yerli komandaların həmin arenalardan istifadə etməsinə şərait yaradılmasına köməklik göstərmələri xahiş olunub.  


Komandalara iştirak hüququnu AFFA-nın işçi qrupu verir. Region Liqasında bir klub bir ad altında bir komanda ilə təmsil oluna bilər. Qarşılaşmalar hər qrupda 8 - 12 komanda olmaqla 3 qrupda təşkil olunur. Oyunlar 2 dövrədən ibarət dairəvi sistemlə keçirilir.

 

Mövsümün təqvimi püşkatma yolu ilə tərtib olunur. Hər 3 zonanın qalibi final mərhələsinə vəsiqə qazanır. Final mərhəsi 3 komandanın iştirakı ilə  2 dövrəli sistemdən ibarət olacaq.

 

Oyunlar həftənin şənbə və bazar günləri keçirilir. İstisna hal kimi digər günlər AFFA-nın işçi qrupu tərəfindən təyin oluna bilər. Oyunların keçirilmə müddəti yarışın təqvimi ilə müəyyənləşir və AFFA tərəfindən təsdiq edilmiş meydançalarda təşkil olunur.

 

Klublar ev oyunlarını keçirəcəkləri meydança ilə bağlı təminat məktubunu AFFA-ya təqdim etməlidirlər. AFFA meydançanı yoxlamağa ehtiyac gördükdə meydançada inspeksiya aparmaq hüququna malikdir. AFFA icazə verdikdən sonra komanda rəqiblərini həmin meydançada qəbul edə bilər.

 

Bir meydançadan maksimum 3 komandanın istifadə etmək hüququ var. Meydança ilə müqaviləni təqdim edən ilk 3 komandanın meydançadan istifadəsinə icazə veriləcək. 4-cü komandanın sənədləri qəbul olunmayacaq.

 

SPORTİNFO.AZ

Tarix: 11 Dekabr 13:12    Oxunub: 511    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 Aprel 2018
19 Aprel 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.