LAYİHƏ: U-15 Liqası: Məşhur futbolçunun adını daşıyan komanda axır ki, qalib gəldi!

«Boulevard U-15 Liqası»nda şənbə günü «Kəpəz» - «Vətən» matçı ilə start götürən 12-ci tura dünən yekun vuruldu. Bazar günü daha 6 oyun keçirildi. Qarşılaşmalarda hansısa sensasiya qeydə alınmadı. Yəni, bütün nəticələr gözlənilən idi. Bu tur həm də komandalardan biri üçün bir ilklə yadda qaldı.

 

«Kəpəz» - «Vətən» 0:1

Gəncə şəhəri Təhsil İdman Mərkəzinin bərbad meydanında keçirilən oyun gözləndiyi kimi qonaqların qələbəsi ilə başa çatdı. Meydanın «koçkalar»la zəngin olması komandaların heç birinə baxımlı oyun sərgiləməyə imkan vermədi. Futboldan çox voleybolu xatırladan və dumanlı, eyni zamanda soyuq hava şəraitində keçən oyunda yeganə qol matçın 30-cu dəqiqəsində vuruldu. Bəhruz Tanrıverdiyevin sağ cinahdan qapı önünə etdiyi asmanı «Kəpəz»in müdafiəçisi Əbdüləli Qasımov uzaqlaşdırmaq istəyərkən öz qapısından keçirdi. Burada meydan sahiblərinin qapıçısının da səhvi var idi. O, topa çıxarkən qapını boş buraxmışdı. Buraxılan qoldan sonra hesabı bərabərləşdirməyə can atan gəncəlilər bir neçə epizodda qol vurmağa yaxın olsalar da, istəklərinə çata bilmədilər. Elə qonaqların da oyun ərzində bir neçə dəfə rel qol imkanını boşa verdiyini qeyd etmək lazımdır.

 

Çətin qələbə sayəsində «Vətən» qərarlaşdığı 2-ci yerdə bir qədər də möhkəmləndi. Doğrudur, İlqar Mənsimovun yetirmələri «Qəbələ» ilə xal fərqini azalda bilmədilər. Amma 3-cü yerdəki «Zirə»dən daha 3 xal aralandılar. Çünki «Zirə» bu turu buraxdı. İlham Səmədovun komandasına gəlincə, alınan məğlubiyyət «Kəpəz»in turnir cədvəlindəki yerinə təsir göstərməsə də, liderlər qrupundan bir qədər də aralı düşməsinə səbəb oldu.

 

«Keşlə» - «Sumqayıt» 3:0

Son vaxtlar hər iki komandanın yaxşı formada olması oyunun maraqlı keçəcəyindən xəbər versə də, qarşılaşmanı izləyənlər o qədər də baxımlı oyunun şahidi olmadılar. Birinci hissənin ortalarına kimi komandaların heç biri qol vurmağa yaxın olmadılar. Yalnız 2-ci dəqiqə baş verən epizoddan başqa. «Keşlə»nin müdafiəçisi İsrail Əliyevin yaxın məsafədən topu başla qonaqların qapıçısı Pünhan Canlarov qucağına göndərdi. Oyunda hesab hissənin sonlarına doğru açıldı. 3 aparıcı üzvünün yoxluğunda hücum qurmaqda çətinlik çəkən «Keşlə»nin müdafiəçisi Elşən Məmmədovun qapı önünə etdiyi asmasını dəf etməyə çalışarkən Pünhan Canlarov topu əlində saxlaya bilmədi və kuryoz qol alındı. Oyunun protokolou ilə tanış olmadığımızdan qolun Elşənin adına yazıldığını, yaxud avtoqol kimi qeydə alındığını öyrənə bilmədik. Təhlükəli epizodlar baxımından kasad olan birinci hissə elə bu hesabla da başa çatdı.

 

İkinci hissədə üstünlüyü tamamilə ələ keçirən «Keşlə» 45-ci dəqiqədə istəyinə çatdı. Hümmət Məmmədovun ağıllı ara ötürməsindən sonra Xəyal İbrahimov rəqib qapıçı ilə üz-üzə qaldı və fürsəti boşa vermədi. 10 dəqiqə sonra Hümmət yenə də məhsuldar ötürmə ilə yadda qaldı. Bu dəfə də Xəyal fərqləndi. Qalan dəqiqələrdə Xəyal Mustafayevin komandası daha 2 epizodda qol vurmağa yaxın olsa da, Asif Səfərov və Qurban Səfərov əllərinə düşən imkandan yararlana bilmədilər. Oyunlarını ancaq Alı Alının üzərində quran sımqayıtlılar isə 2-ci hissədə bir neçə epizodda təhlükəli həmlə etmələrinə baxmayaraq, 100 faizli qol imkanı yarada bilmədilər.

 

Qələbə sayəsində «Keşlə» 3-cü yerdəki «Zirə» ilə xal fərqini 2-ə endirdi. 4 turdur ki, məğlub olmayan Mehman Yunusovun yetirmələri isə yenilgi üzündən turnir cədfəlində 1 pillə gerilədilər.

 

«Qarabağ» - «Qəbələ» 2:3

Turun ən maraqlı qarşılaşması «Sərhədçi» Olimpiya İdman Kompleksinin stadionunda oldu. Gərgin mübarizə şəraitində keçən oyunda 5 qol vuruldu.

 

Matçda hesabı meydan sahibləri açdılar. 10-cu dəqiqədə cinah ötürməsindən sonra «Qəbələ»nin qapısı qarşısında qarışıqlıq yarandı və Sahib Səmədov «Qarabağ»ı hesabda irəli çıxardı. Nisbi ərazi üstünlüyünə malik olan qonaqlar ilk 35 dəqiqədə hesabı bərabərləşdirə bilmədilər. Onlar bunu 2-ci hissədə bacardılar. 40-cı dəqiqədə Ülvi Mədətovun uzaq məsafədən vurduğu top qapıdan bir qədər irəli çıxmış Cavidan İzzətlinin başı üzərindən topa daxil oldu – 1:1. Az sonra Vüsal Mirzəzadə «Qarabağ»ın 2 futbolçusunu keçərək yenə də uzaq məsafədən effektli zərbə ilə «Qəbələ»ni hesabda irəli çıxardı. Rakif Əliyevin yetirmələri 3-cü halda standart vəziyyətdən fərqləndilər. Bu qolun müəllifi Kənan Qaragözov oldu. Oyunun başa çatmasına 3 dəqiqə qalmış meydan sahiblərinin yarımmüdafiəçisi Fərid Nəsirlinin ötürməsindən sonra Pünhan Səmədli yekun nəticəni müəyyən edən qola imza atdı. Asif Əliyevin yetirmələri qalan dəqiqələrdə məğlubiyyətdən yaxa qurtarmağa çalışsalar da, bunu bacarmadılar.

 

«Neftçi» İK İB – «Viləş» 0:0

Bakılılar yenə də meydanı qol vurmadan tərk etdilər. Artıq, 6-cı oyundur ki, «Neftçi» İK İB-nin futbolçuları fərqlənə bilmirlər. Antirekord bir yana bu komanda çempionatda hələ də qalib gələ bilməyən 2 komandadan biridir. Hücumdakı «dişsizliy»ə rəğmən «Neftçi» İK İB-nin müdafiəsinin etibarlı olduğunu deməliyik. İndiyə kimi «Keşlə» (0:4) və «Zirə» (0:3) ilə matçlardakı məğlubiyyəti çıxsaq, 8 oyunda 9 qol buraxan və bu göstərici ilə çempionatda ən yaxşılardan biri olan komanda «Viləş»lə oyunda da qapısını toxunulmaz saxlamağı bacardı və 1 xal qazandı. Qonaqlar isə qalib gəlməməklə qələbəsiz oyunlar seriyasını 5-ə çatdırdılar.

 

İsgəndər Cavadov BFA – «Zaqatala» 5:0

Bu tura kimi çempionatda qələbə üzünə həsrət qalan 3 komandadan ikisi «Bakı Baza»da üz-üzə gəldi. Onlardan biri – məşhur futbolçunun adını daşıyan akademiyanın komandası axır ki, istəyinə çatdı. Qəhrəman Əliyevin yetirmələri çempionatın aşkar autsayderi olan «Zaqatala»nı darmadağın etdilər. Oyunda vurulan 5 qolun müəllifi Məhəmməd Məhəmmədov oldu. Daha bir qola isə qonaqlar imza atdılar. Başqa sözlə, avtoqol qeydə alındı. Hansı ki, həmin qolda da Məhəmmədin əməyi böyük idi.

 

İOEUGİM – «Turan» 3:2

Meydanın istənilən səviyyədə olmamasına baxmayaraq, qarşılaşma kifayət qədər maraqlı keçdi. Qarşılıqlı hücumlar şəraitində keçən oyunda hesab 24-cü dəqiqədə açıldı. Cinah ötürməsindən sonra meydan sahiblərinin futbolçusu Seyid Təhməzov «çerez sebya» zərbə ilə baxımlı qol vurdu. 10 dəqiqə sonra Baba Əsgərovun yetirmələri 2-ci topu qonaqların qapısından keçirdilər. Birinci hissə 2:0 hesabı ilə başa çatdı. Fasilədən sonra qol vurmaq üçün daha çox canfəşanlıq göstərən «Turan» 41-ci dəqiqədə qapısında daha bir qol gördü. İOEUGİM-in hücumçusu Tural Haqverdiyev qapıçı ilə təkbətək mübarizədən qalib ayrıldı. Bu qoldan sonra bir qədər arxayınlaşan meydan sahibləri matçın sonuna doğru iki dəfə cəzalandılar. İkinci hissənin 15-ci dəqiqəsində sumqayıtlılar özlərinə aid cərimə meydançası daxilində Taleh Cahangirova qarşı kobud oynadılar və hakim penalti təyin etdi. «Turan»ın ən sərrast futbolçusu Kəran Kərimov imkandan maksimum yararlandı. Oyunun sonuna yaxın isə Qüdrət Verdiyev cərimə zərbəsindən qapı önünə ötürülən topu meydan sahiblərinin qapısından keçirdi.

 

«Turan» üzərində qazanılan qələbə İOEUGİM-ə rəqibi xal hesabında geridə qoymağa kifayət etdi. Rəqib, yəni «Turan» isə ardıcıl 2-ci məğlubiyyətini almaqla özünü bir qədər də çətin vəziyyətə saldı.

 

«Neftçi» - «Səbail» 2:2

Turun ən maraqlı qarşılaşmalarından biri də bu oyun idi. Gərgin mübarizə şəraitində keçən oyunda ilk qolu meydan sahibləri vurdular. 7-ci dəqiqədə cərimə zərbəsindən sonra qapı önünə ötürülən topu mərkəz müdafiəçisi Vahid Vəliyev qonaqların qapısından keçirdi. Hissənin sonuna yaxın «Səbail» Rauf Ağahüseynovla status-kvonu bərpa etdi.

 

İkinci hissənin 13-cü dəqiqəsində Xaqani Məmmədovun yetirmələri bu dəfə hesabda önə keçdilər. Arif Məmmədov rəqibin 2 futbolçusunu keçərək gözəl qola imza atdı. Oyunun son dəqiqəsində isə «Neftçi»nin digər stopperi Nihat Həsənzadə günc zərbəsindən sonra qapı önünə edilən asmanı qola çevirdi – 2:2.

 

Heç-heçə tərəflərin heç birinə sərf etmədi. Hər iki komandanın turnir cədvəlindəki mövqeyi dəyişməsə də, «Neftçi» 4-cü yerdəki «Keşlə»dən 3, «Səbail» isə 5 xal geri düşdü.

 

Bombardirlər: Alı Alı («Sumqayıt») – 14 qol, Elvin Abdullayev («Vətən») – 13 qol, Mehrac Baxşəliyev («Qəbələ») – 12 qol.

 

U-15 Liqasında növbəti turun oyunları dekabrın 16-17-də keçiriləcək: «Səbail» - «Qarabağ», «Viləş» – «Neftçi», «Vətən» -« Neftçi» İK İB, «Turan» - «Kəpəz», «Sumqayıt» - İOEUGİM, «Zaqatala» - «Keşlə», «Zirə» - İsgəndər Cavadov BFA. Oyunların başlama vaxtı və keçiriləcəyi yer barədə əlavə məlumat verəcəyik.

 

Sportinfo.az

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.

 
Tarix: 11 Dekabr 01:00    Oxunub: 602    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 Aprel 2018
19 Aprel 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.