Azərbaycanda qəbul etdiyim iki klub modeli var: “Qəbələ” və “Bakı” - LAYİHƏ

Sportinfo.az “Uşaq futbolu: problemləri necə aradan qaldırmalı?” mövzusunda layihənin icrasını davam etdirir. Budəfəki qonağımızı futbol ictimaiyyəti çox yaxşı tanıyır. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının futbol ixtisasına yiyələnmiş universal insan - futbolçu, teleaparıcı, şərhçi, jurnalist, uşaq futbolu koordinatoru - bir sözlə, futbola hərtərəfli bağlı olan Emin Abbasovla söhbət kifayət qədər maraqlı, ətraflı alındı.

 

 

Uşaq futboluna çox həssas yanaşan, xüsusən bu sahəyə ciddi önəm verilməli olduğunu bildirən Emin bəy 1 saatdan çox davam edən müsahibədə çatışmazlıqları, problemləri, görünən perspektivləri özünəməxsus incəliklə, xırdalıqla, səlis, özü də yorulmadan izah etdi, təkliflərini diqqətə çatdırdı. Baxmayaraq ki, bu mövzuda xeyli bədbindi.

 

“Azərbaycan futbolunda xaos hökm sürür”
- Əvvəla, onu deyim ki, sizin layihənizdən çox məlumatlıyam, izləyirəm. Çünki jurnalistikaya gəldiyim gündən bir fikirdə olmuşam: istənilən sahədə inkişafın zəncirvari getdiyi faktdırsa və biz futbolun inkişafından danışırıqsa, deməli, bunun təməli, bünövrəsi birmənalı şəkildə uşaq futbolu olmalıdır. Ona görə də uşaq futbolunun problemlərini, perspektivlərini, beynəlxaq təcrübələri, bu istiqamətdə böyük-böyük layihələri həmişə diqqətlə izləmişəm. Uşaq futbolundan danışanda həmişə ağrı-acı ilə dillənirəm. Səbəbsiz deyil. Ölkəmiz 25-26 ildir müstəqil olub, ilk Azərbaycan çempionatının keçirilməsindən bu yana əsrin dörddə biri geridə qalsa da, böyük təəssüf hissi ilə deyirəm ki, bizdə şaq futbolu yox səviyyəsindədir. Dərindən baxsaq və real düşünsək, bəli, vəziyyət çox acınacaqlı haldadır. Bu sahədə problemlər o qədərdi ki, insan bilmir hardan başlayıb harda bitirsin. Ən elementar çatışmazlıqdan tutmuş lap ciddi məsələlərə qədər - Azərbaycan futbolunda xaos hökm sürür.

 

“Uşaq bilmir, küləkdən-soyuqdan qorunsun, ya futbol oynasın”
Bilirsiz ki, yarışlar UEFA-nın tələbinə uyğun olaraq U-10 liqasından başlayır. Hələ bölgələrə keçmirəm, paytaxtdan söhbət gedir. Təbii ki, rayonlarda vəziyyət dəhşətli dərəcədədir. Sadəcə, göstərici paytaxt olduğuna görə, misalı burdan çəkirəm: aşağı yaş qrupları üzrə yarışlar harda keçirilir - “Dalğa Arena”da. AFFA rəhbərliyi, təşkilatçı şəxslər, jurnalistlər gəlsinlər, gedək Mərdəkana, görək orda – dəniz kənarında soyuğun-şaxtanın qabağında azyaşlıları meydana çıxardıb oynatmaq nə deməkdir. Mən ora tez-tez gedirəm, yanvar-fevral, ümumiyyətlə soyuq aylarda 9-10-11 yaşlı bu uşaqların külləkdə, boranda futbol oynaması nə dərəcədə düzgündür? Belə bir sistemin dünyada analoqu yoxdur. Ayaq üstə güclə dayanan, fiziki olaraq hələ yetişməyən balaca-balaca uşaqlar bilmirlər ki, futbol oynasınlar, yoxsa soyuqdan tir-tir əssinlər. Uşaqlarda imunitet zəif olur, ikincisi isə ustalıq yavaş-yavaş formalaşmalıdır. Dünya futbolunda bu yaşlarda taktiki yox, texniki elementlərə üstünlük verirlər. Belə olan halda isə qarlı-boranlı, şaxtalı havada uşaq yetişdirmək, ümumiyyətlə onlara nəsə öyrətmək qeyri-mümkündür. Qış aylarında uşaqlar manejdə, qapalı meydançalarda oynamalıdırlar. Federasiya da problemdən xəbərdardır, dəfələrlə bu barədə danışılıb. AFFA rəsmilərinin əksəriyyətinin dilindən də eşitmişəm, stadion problemini etiraf ediblər. Deyirlər, “Dalğa Arena”dan başqa stadionumuz yoxdur, o da dəniz qırağında, soyuqda futbol oynamaq mümkün olmur.

 

 

“İnfrastruktur yoxdursa, futboldan danışmaq lazım deyil”
Necə ola bilər ki, bu boyda ölkədə kifayət qədər büdcəsi olan federasiya uşaqlar üçün bir dənə manej tikmir? Ən başlanğıcı infrastrukturdur, əgər bu, yoxdursa, futboldan danışmağımız ümumiyyətlə düzgün deyil. İkincisi, uşaq futbolunu yalnız Premyer Liqada iştirak edən klubların nəzdində formalaşdırmaq ideyası çox yanlış bir ideyadır. Belə olan halda Premyer Liqa klubu dağılsa, hansı mənzərə yaranacaq, təsəvvür etmək çətin deyil. Məsələn, “Rəvan” Premyer Liqada oynayanda U-10-dan tutmuş əvəzedicilərə qədər var idi. Hanı indi? Uzaqbaşı 1-2 uşaq komandası saxlayıblar, vəssalam. “Xəzər Lənkəran” olsun, ya “Bakı” və.s. Halbuki İlhan Akgül Lənkəranda çox yaxşı işlər görürdü, araşdırmışdım. “Xəzər Lənkəran”ın son ildə Pemyer Liqada oynayan futbolçularının hamısı məhz aşağı yaş qruplarından çıxmış uşaqlar idi, hətta əsas heyətdə məktəbli İbrahim Qədirzadə (16 yaş) də oynayırdı. Sözümün canı budur ki, Premyer Liqada klub varsa-uşaq futbolu da var, yoxdursa-yoxdur ideyası ilə futbolu inkişaf etdirmək, futbolçu yetişdirmək ən məntiqsiz düşüncədir. Uşaq futbolu çox ciddi məsuliyyət tələb edən işdir, bunu yalnız Premyer Liqa klublarına tapşırmaq olmaz. “Bakı” o boyda baza yaratmışdı, işlər görmüşdülər. Dağılması səbəbini müzakirə etmirik, başqa söhbətdi. Uşaq futbolunun inkişafından danışırıqsa, həmişə demişəm, bu gün Azərbaycanda klub modeli yalnız “Bakı” və “Qəbələ”dədir. Təəssüf ki, “Bakı” fəaliyyətini dayandırmaq həddinə çatdı. Bu klublar uşaq futbolunun inkişafı üçün lazım olan bütün infrstrukturu yaratmışdı, xarici klublarla əməkdaşlıq, ölkədən kənarda təlim-məşq toplanışları, turnirlərdə iştirak və.s. Hafiz Məmmədovun maliyyə vəziyyəti pisləşən kimi hər şey məhv oldu. Halbuki federasiya özü maraqlı olmalı idi ki, “Bakı”nın əsas komandası qalmasa belə, akademiyanı saxlasınlar. O boyda əmək havaya sovruldu. Tək “Qəbələ” qalıb, bununla da iş alınmır. Zəncirvari formada olmalıdı. Düzdür, andi artıq yavaş-yavaş “Qarabağ” da buna uyğun irəliləyir. Ancaq ümumi götürsək, bu sahədə problem xirtdəyə qədər yığılıb.

 

“Federasiya özəl uşaq futbol məktəbləri ilə maraqlanmalı, dəstək olmalıdır”
Misal üçün, uşaq futbolunun inkişafı ilə bağlı “Mançester Yunayted” futbol məktəbi var. Çoxları bunu tənqid edir, amma mən tərəfdarıyam. Düzdür, onlarda problemlər var. Amma ümumi olaraq götürsək, peşəkar klublarla yanaşı belə futbol məktəblərinin də olması yaxşı haldır. İnfrastruktur yaradıblar, əcnəbi mütəxəssislər dəvət ediblər, təbii ot üstündə məşq keçirlər və sairə. Eləcə də LEON uşaq futbol məktəbi. 170-180 uşaq yığıblar, liqalarda da yüksək yerlərdə gedirlər. “Stars Yunayted”in də adını çəkim, müəyyən işlərində dost səviyyəsində əməkdaşlığımız oldu, köməklik göstərdim. Əlbəttə, bunların fəaliyyətində AFFA-nın birbaşa marağı, nəzarəti olmalıdır. Məsələn, kimsə biznes adamıdır, faktiki uşaq futbol məktəbi yaradıb, infrastruktur və digər məsələlərdə bacardığını edir, amma stadion tikməyə imkanları yoxdur. Əgər həmin o sahibkarın bir gün işləri qaydasında getməsə, yaxud problemlərdən sıxılıb əlini işdən çəksə, görülən bütün zəhmət havaya gedəcək. Bu mənada artıq federasiya birbaşa yardımçı olmalıdır, onlarla maraqlanmalıdır, dəstək verməlidir. Bu insanları futbolda qazanmaq lazımdır, itirmək çox asandır. Eyni zamanda “Azercell”, “NarMobile”, yaxud başqa böyüş şirkətlər də məktəblər yaratsalar, Avropanın hansısa adlı-sanlı klubunun məktəbini yaratsalar, onlarla əməkdaşlıq eləsələr, daha yaxşı olar.

 

 

“Uşaq futbolunun inkişafını istəyirlərsə, konkret komitə, departament yaradılmalıdır”
-  AFFA Uşaq Futbol Departamenti var, səhv etmirəmsə. Bir dəfə bu şöbənin rəhbərinə sual vermişdilər ki, uşaq futbolunun inkişafı üçün hansı layihələri həyata keçirirsiz, hansı addımlar nəzərdə tutulub. Cavab vermişdi ki, bizim işimiz yarışları təşkil etməkdən ibarətdi. Belə götürsək, bu şöbənin keçirdiyi U liqalarda saysız-hesabsız problemlər var, hələ uşaq futbolunun inkişafına dair layihələr-filan bir kənara qalsın. Klublarla əlaqələr, oyunların keçirilməsi, stadion qıtlığı, hakimlərin özbaşınalıqları və s. Yəni, bu şöbə sadəcə təşkilatçı qurum olsa da, problemləri kifayət qədərdi, əlavə layihələrə vaxtları yoxdur heç. Buna görə federasiyada İnkişaf Departamenti yaradılmalıdı. Məsələn, Portuqaliya Futbol federasiyasında bu var. Konkret proqram həyata keçirməlidi bu şöbə. Yoxsa danışmaqla, təklif verməklə uşaq futbolu inkişaf etsəydi, hərəmiz yüz dənə ideya irəli sürə bilərik. Bu gün AFFA-da Məşqçilər Komitəsi var. Tutalım, hansısa uşaq turnirlərinə gedirlər, ancaq indiyə qədər bu komitənin uşaq futbolu ilə konkret bir iş gördüyü yoxdur. Milli komandalarla, klublarla müxtəlif oyunlara yollanırlar, halbuki onların iş istiqamətinin əsas sahəsi uşaq futbolu olmalıdır. Nə bir layihə ortaya qoyublar, nə bir problemi qabardıblar, içlərində ümumiyyətlə uşaq futbolu ilə yaxından-uzaqdan əlaqəsi olan yoxdu, deyəsən. Bəlkə heç ümumiyyətlə bu istiqamət onların işi deyil. Az-çox Şakir Qəribovun bu sahədə təcrübəsi ola bilər. O da 9-10 yaşlı uşaqlarla işləməyib. Sözümün canı budur ki, uşaq futbolunun inkişafı üçün federasiyada İnkişaf Departamenti yaratmaq lazımdır. Hər ağızdan bir avaz gəlir, amma ortada heç bir iş görünmür. Zəncirvari şəkildə real iş görülməli, addımlar atılmalıdır. Lap mənim dediyim kimi departament olmasın, olsun xüsus bir komitə. Yetər ki, real komitə olsun, iş görülsün. Digər tərəfdən, belə bir komitə yaradıb hansısa bir əcnəbini gətirib ora rəhbər qoyacaqlarsa, onda belə bir qurum, ümumiyyətlə, lazım deyil. Danışmaq çox asandı, ancaq bu, çıxış yolu deyil.

 

“AFFA rəhbərliyi uşaq futbolunun olmayacağını qəbullanıb”
Məhz uşaq futbolu ilə bağlı 3 ay əvvəl də layihəmiz olmuşdu. Sənin dediyin ki, müxtəlif təkliflərlə çıxış edənlər oldu, hərə bir ideya verdi və indi də belədir. Səncə, bütün bu fikirlər, ideyalar aidiyyatı üzrə qurumlara, yaxud AFFA-ya gedib çatmır, yoxsa onlar maraqlı deyillər bu işdə?

- Təbii ki, bu məsələdə ən çox maraqlı tərəf AFFA olmalıdır. Məndə olan məlumata görə, bütün təkliflər federasiya rəhbərliyinə gedib çatır. AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu bütün sayt və qəzetlərdə gedən yazıları izləyir, oxuyur. Sizin saytı isə xüsusilə oxuduğunu bilirəm. Bu təkliflərin yuxarılara çatmaması söhbət mövzusu deyil. Hətta deyərdim, Elxan Məmmədov da oxuyur bu yazıları. Gəlin açıq danışaq, bunun son nöqtəsi baş katibdir. Aydın məsələdir ki, Rövnəq Abdullayev dövlət adamıdır, işləri çoxdur və federasiyanın de-yure olmasa da, de-fakto rəhbəri Elxan Məmmədovdur. Məsələ nədir, düşünürəm ki, onların artıq bu işlərdən əli soyuyub, Azərbaycanda uşaq futbolunun inkişafına zərrə qədər də ümdləri qalmayıb. Ölkədə uşaq futbolunun olmayacağına qəbullanıblar, məncə. Yaxud olacaqsa da, indiki səviyyədən yuxarı keçməyəcək.

 

(Ardı var)

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

Elvin ƏHƏD

Tarix: 26 Yanvar 16:24    Oxunub: 613    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 Mart 2017
23 Mart 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.