“Müəllim, üzr istəyirəm, tüpürdüm hər şeyə”

Azərbaycan futbolunda ən son danışılmalı, müzakirə olunmalı mövzü hakimlikdir. Əslində, A-dan Z-yə problemlərlə zəngin olan ölkə futbolunda hakimlik digər problemlərin yanında toya getməlidir.

 

Bizim evin lap yaxınında Lənkəran Uşaq Gənclər İdman Məktəbi yerləşir. Uşaqlığımızın keçdiyi bu məktəbin geniş ərazisi, böyük korpusları var. Sovet dönəmində deyirdilər ki, bu məktəbin ölkədə cəmi 4 bənzəri var və hazırda Suriyada dağılmış binaları xatırladan Lənkəran UGİM-i son illərə qədər keçmiş futbolçu, məktəbin son vaxtlara kimi direktoru vəzifəsini daşıyan Fazil Əsədovun fədakarlığı ilə ayaqda qalmağı bacarmışdı.

 

Həmin məktəb Lənkəran və ümumilikdə Azərbaycan idmanına kimləri bəxş edib mövzusunun dərinliyinə varsam, əsl mətləbdən uzaqlaşaram. Qısaca deyim ki, bölgələrdəki 5-6 müasir olimpiya kompleksini birləşdirsən, bir dağılmış Lənkəran UGİM-nin nəticəsini verə bilməz. Bax, o UGİM-in futbol meydançasında həftə sonları AFFA-nın bayrağı altında futbol üzrə 10-14 yaşlı futbolçuların zona yarışı keçirirlir. Ötən həftə həmin yarışda hakimliklə bağlı maraqlı hadisə yaşanıb. Astara komandasının sürücüsü hakimlə mübahisə etdikdən sonra kənardan oyunu şəxsi telefonu ilə çəkməyə başlarkən, hakim oyunu dayandırıb. Nota şəklində elan edib ki, çəkiliş dayanmasa, matç davam etməyəcək və Astara komandasına məğlubiyyət veriləcək! Problemin həlli üçün isə iki dəqiqə vaxt verib.

 

Digər bir utancverici hadisəni də özüm qədər inandığım və həmin oyunu izləyən tanışlardan biri danışıb. Matçın gedişatında hakimi heç cür razı sala, inandıra bilməyiblər ki, qapıçını orta sahə oyunçusu ilə əvəz etmək olar. Bu, Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun ölkə futbolu üçün yetişdirdiyi yeni, gənc hakimlərdir. Sabahın Ramil Diniyevini yetişdirirlər. Azyaşlıların yarışını hakimbaşı Xəqani Məmmədovun hər ağzını açanda sitat gətirdiyi əsasnamə ilə yox, bildikləri-bilmədikləri formada idarə edirlər.

 

Digər bir “tamaşa”nın isə özüm şahidi olmuşam. “Xəzər Lənkəran”la “Qarabağ” arasında keçirilən 17 yaşlı futbolçuların oyununda saat 14.00-da başlayan matç saat 16.03-də, yəni aşağı-yuxarı, 18 dəqiqə əlavə vaxt oynamaqla başa çatıb. Dünyada üç dövrəli sistemlə baş tutan yeganə futbol yarışı olan 17 yaşlıların Lənkəranda keçirilən matçında ciddi zədə, nə də qeyri-adi hal baş verib. Sadəcə, qonaqlar hesabı açan kimi matç bitib. Son vaxtlar izlədiyim qədəriylə nisbətən aşağı yaş qruplarının matçlarını idarə edən hakimlərə belə tapşırıq verilib: Elə edin, qonaqlar narazı qalmasın!

 

Sahibsiz keçirilən, amma adı AFFA bayrağı adı altında olan çempionatlar indi məhəllə çempionatları qədər ədalətli, maraqlı deyil. Çünki əvvəllər müxtəlif yaş qruplarının oyunlarına AFFA hakim-inspektor, AFFA nümayəndəsi göndərərdi. Bu hakimlərin az da olsa qorxusu, qiymət stimulu, tipik “xarabanın böyüyü var, ya yox” deyə, azərbaycanlısayağı sual verəcək şəxsi olardı. İndi AFFA müflis olub, bütün büdcəni Berlində açdıqları məktəbə , “Top festivalları” na, xaricdə azərbaycanlılaşdırıb gətirdikləri başqa millətlərin futbolçularına yedizdiriblər. Nəticədə bölgələrdəki matçlar yiyəsiz keçirilir, oyunlar hakimlərin ixtiyarına verilib və hakimlər özləri özlərinə qiymət vermək imkanına malikdirlər. Bu da cəhənnəmə, hələ bu ömürboyu yarıpeşəkar futbol oynamayıb, 11 illik tam orta məktəbin 9 ilini güclə başa vuran gənc hakimlərə deyiblər ki, “seleksiyanı da siz edin, oyunlarda yaxşı, perspektivli futbolçu görsəz, AFFA-nı xəbərdar edin”.

 

AFFA-nın keçirilən illik hesabatlarında 20 milyon büdcənin hesabatını verərkən ilk cərgədə oturan keçmiş jurnalist həmkarlar, imkanınız olsa, sizdən bir xahiş edirəm. Deyərsiz ki, Hüseyn Cəbrayıloğlu deyir yedikləriniz burunlarınızdan gəlsin.

 

Bir az da Ramil Diniyevin müəllimi Xaqani Məmmədovun heç kəsin bilmədiyi, hakimlik mövzusunda dünya üzrə rekord nəticə göstərən kadrından, onun cənub bölgəsində Hakimlər Komitəsinin sədri olduğu müddətdə gördüyü işlərdən danışım.

 

Nurlan Şərifov - Bu addan təəssüf ki, dünyanın xəbəri yoxdur. Nurlan laysmanlığa başlayanda mən Murovdağdan yəqin ki, təzəcə gəlmişdim. Hicri-qəməri ilə 1429-cu illərdən adam laysmanlıq edirdi. Mən insanın Xaqani Məmmədovdan fərqli, ilk olaraq əxlaqına önəm verirəm ki, qeyd edim, əxlaqlı yeniyetmə idi. Azı 30-40 idarə etdikləri matçı izləmişdim və laysman kimi gələcəyinə inamım böyük idi. Amma Xaqani Məmmədov Nurlana duz 10 il ərzində 19 yaşlılardan yuxarı cempionatlara təyinat vermədi, adamı küsdürdü və üç gün öncə təsadüfən yolda rastlaşdıqda, təyinatları, işi barədə soruşdum. Cavabı olduğu kimi yazıram: “Müəllim, üzr istəyirəm, tüpürdüm hər şeyə. Verdikləri “Bakcell” nömrəsini də sındırıb atdım. İndi Premyer Liqada laysmanlıq edənlər kimi “dayday”ım olmadı. Hansı ki, mən laysmanlıq edəndə onlar bəlkə də ibtidai sinifdə oxuyurdu”.

 

Rekord budur, əzizlərim. Adam düz 10 il ərzində 19 yaşdan yuxarı çempionat oyunlarına təyinat ala bilməyib. Nurlan “Zaur Ramazanov söyüş söydü, ona “sarı” ver” deyə, Lənkəranda yoxlama oyununda baş hakimə xəbərdarlıq edəndə, Xaqani Məmmədovun FİFA referilərinin çoxuna Ramazanov söyüşün birini bir qəpikdən deyirdi, amma xəbərdarlıq almırdı. Belə cəsarətli yeniyetmələri məhv edib Məmmədov və indi də bəlkə bircə nəfər Premyer Liqa oyunlarında bölgəni təmsil edən hakimi yoxdur. Cənub bölgəsi kimi futbolla yaşayan bölgədə Xaqani Məmmədov komitə sədri olduğu uzun illərdə bircə briqada yetişdirə bilməyib. İndi üz tutub Salyana və orda yuxarıda misal çəkdiyim hakimləri yetişdirir. Heç bir əsasnamədən, qaydadan xəbərdar etmədən uşaqları salıblar bölgələrə. Qaydanı bilən hakim hansı məntiqlə deyər ki, “telefonu yığışdır, yoxsa sizə məğlubiyyət veriləcək”? Hakim necə 114 dəqiqə oyun davam etdirə bilər?

 

Bəzən dostlar irad tutur ki, niyə gec-gec yazırsan? Əzizlərim, eyni problemdən, eyni adamlardan nə qədər yazasan? Eyni adamlar illərdir Azərbaycan futbolunun anasını ağladırlar və oturduqları kresloların istisi dağda qarı əridər. Axı elə mən də Xaqani Məmmədovun yarıtmaz kadr olduğundan yazanda hicri-qəməri ilə təqribən 1429-cu il idi. Üstündən az qala 10 il keçib və miladi təqvimlə 2017-ci il bitmək üzrədir. Amma Azərbaycan futbolunun dərdləri, hakimlik bəlaları bitmək bilmir.

 

Hüseyn Cəbrayıloğlu

Tarix: 10 Dekabr 13:46    Oxunub: 325    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Yanvar 2018
18 Yanvar 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.