LAYİHƏ: U-15 Liqası: Gəncədə başlayacaq, Binədə başa çatacaq tur

Həftəsonu «Boulevard U-15 Liqası»nda 12-ci turun oyunları keçiriləcək. «Zirə»nin istirahət edəcəyi bu turda 7 oyunun cəmi 1-i şənbə, qalanları isə bazar gününə təyin olunub.

 

09 dekabr (şənbə)
14:00 «Kəpəz» - «Vətən» 

(Gəncə şəhəri, TİM-nin meydanı)
Çempionatda məğlubiyyət acısı yaşamayan 2 komandadan biri – «Vətən»i çətin Gəncə səfəri gözləyir. İlqar Mənsimovun başçılıq etdiyi «məktəblilər» turnir cədvəli baxımından oyunun üstün tərəfi kimi görünürlər. Qonaqlar qələbə qazanmaq üçün bir neçə çətinliyə sinə gərməlidirlər. Birincisi, «Kəpəz»in ev komandası olduğu, ikincisi, meydanın bərbad durumda olması nəzərə alınmalıdır. Məhz bərbad öt örtüyü texniki oyuna üstünlük verən bir çox komandaların istədiyi oyunu sərgiləməsinə manne olur. Nəzərə alaq ki, «Vətən»də belə komandalardan biridir. Bunlardan başqa yol yorğunluğu və heyətdə zədəli futbolçuların olması da qonaqların əleyhinə işləyə biləcək amillərdəndir. Sadalananlardan birinin diqqətdən qaçırılması «Kəpəz»in çətin oyunda xal(lar) qazanması ilə nəticələnə bilər.

 

10 dekabr (bazar)
13:00 «Keşlə» - «Sumqayıt»

(«İnter Arena», 4-cü meydan)
Öncə hər iki komandanın hazırda yaxşı formada olduğunu deməliyik. «Keşlə» son 4 oyundan 3-də qalib gəlib. Komanda bu qələbələrdən ikisini çətin Masallı və Tovuz səfərlərində qazanıb. Yeganə məğlubiyyəti evdə «Vətən»dən alan Xəyal Mustafayevin yetirmələri «İnter Arena»da daha inamlı oyun sərgiləyirlər. İndiyə kimi qazanılan 6 oyunun 5-i məhz «İnter Arena»da əldə olunub. «Sumqayıt»a gəlincə, bir müddət qeyri-stabil çıxışdan sonra «Zirə» və İsgəndər Cavadov BFA üzərində ardıcıl 2 qələbə komandanın özünə gəldiyindən xəbər verir. Bu komandaların turnir cədvəlində qonşu olamaları da matça olan marağı bir qədər də artırır. Qalib gələn tərəf 4-cü pillədə «məskən salacaq». Heç-heçə təqdirində isə «pusquda» dayanan «Neftçi» və «Kəpəz» qələbə qazanmaqla «4»ü ələ keçirə bilər. Bura «Qarabağ»ı da aid etmək olardı. Amma…

 

13:00 «Qarabağ» - «Qəbələ»
(«Sərhədçi» OİK-nin meydanı)

…Amması budur ki, «Qarabağ» liderlə görüşəcək. Düzü, meydan sahiblərinin «Qəbələ» ilə oyunda qalib gələcəyi o qədər də inandırıcı deyil. Cari mövsüm baxımlı oyun göstərən Rakif Əliyevin yetirmələrinin bu oyunda üzləşə biləcəyi yeganə problem «Sərhədçi»nin meydanının standartlara uyğun gəlməməsi, daha dəqiq, meydanın ölçülərinin normadan az olması ola bilər. 

 

14:00 «Neftçi» İK İB – «Viləş»
(Lökbatan OİK-nin stadionu)

Çempionatda ən az qol vuran komandası olan «Neftçi» İK İB əyalət təmsilçisi ilə oyunda 2 tilsimi birdən qıra bilər. Birincisi, 5 oyundakı qolsuzluq seriyasına son qoyula bilər. İkincisi isə, komanda çempionatda ilk qələbəsini qazana bilər. Meydan sahiblərinin yeganə üstün tərəfi 2 xalları olmalarına rəğmən etibarlı müdafiəsinin olmasıdır. Bu komanda «Keşlə» (0:4) və «Zirə» (0:3) ilə matçlardakı məğlubiyyəti çıxsaq, 8 oyunda 9 qol buraxıb. «Viləş» isə bu mənada yaxşı göstəriciyə malik deyil. Masallı təmsilçisi çempionatda ən çox qol buraxan komandalardandır. Kim qalib gələcək? Bunu proqnozlaşdırmaq çox çətindir. Hər halda matçın başa çatmasını gözləyək. Ümumi götürəndə isə üstün tərəf kimi «Viləş»i göstərmək olar. Çünki əyalət təmsilçisi son turlar hətta məğlub olduğu oyunlarda belə baxımlı oyun sərgiləyir.

 

14:30 İsgəndər Cavadov BFA – «Zaqatala»
(«Bakı Baza»)

Nəticəsi maraqla gözlənilən oyünlardan biri də «Bakı Baza»da keçiriləcək. Hər iki komanda indiyə kimi qalib gələ bilməyib. Doğrudur, ötən tur «Zaqatala» evdə gözlənilmədən «Zirə»ni minimal hesabla məğlub etmişdi. Amma sonradan məlum oldu ki, komandanın heyətinlə lisenziyası olmayan futbolçu çıxış edib və yeganə qolu da məhz həmin «lipa» vurub. İntizam Komitəsi haqlı olaraq qanunsuzluğa görə zaqatalalılara texniki məğlubiyyət verdi. Bu qarşılaşmada meydan sahiblərinin qalib gəlmə ehtimalı daha çoxdur. Əgər hücumdakı «dişsizliy»i aradan qaldıra bilsələr. 

 

15:00 İOEUGİM – «Turan»
(Sumqayıt şəhəri, M.Hüseynzadə adına stadion)

Ara-sıra gözlənilməz nəticələrə imza atmağı xoşlayan Sumqayıt təmsilçisi axır vaxtlar oyun baxımından yüksəlişdə olan «Turan»ın qəbul edəcək. Matçın favoriti qonaqlardır. Amma meydan sahiblərinin də ev oyunlarında daha yaxşı çıxış etdiyini, qonaqların isə uzun məsafə qət edəcəklərindən yorğun oldacaqlarını da nəzərə almalıyıq. 

 

15:15 «Neftçi» - «Səbail» 
(Binə qəsəbə stadionu)

Sonuncu oyunlarında «Qəbələ»yə böyük hesabla məğlub olan bakılılar ağır yenilginin acığını səfər oyunlarında məğlub olmağa öyrəşmiş «Səbail»dən çıxmağa çalışacaq. Tofiq Mustafayevin yetirmələri çempionata yaxşı başlamasalar da, tədricən öz oyunlarını tapmaqdadırlar. Eyni sözləri oyun baxımından Xaqani Məmmədovun komandasına da aid etmək lazımdır. Matçda üstün tərəf kimi «Neftçi» görünür. Ancaq qonaqların xal(lar) götürəcəyi təqdirdə bunu sensasiya kimi qələmə verməyin yersiz olduğunu da demək lazımdır. 

 

 

Sportinfo.az

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.

 

Tarix: 7 Dekabr 23:28    Oxunub: 197    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 Dekabr 2017
15 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.