“Qarabağ” - ÇL-nın qruplarında ən çox qırmızı vərəqə alan komanda

“Qarabağ” Çempionlar Liqasının qrup mərhələsində ən çox qırmızı vərəqə alan komanda olub.

 

Sportinfo.az xəbər verir ki, Ağdam təmsilçisinin 3 futbolçusu – hücumçu Dino Ndlovu, yarımmüdafiəçi Pedro Enrike və kapitan Rəşad Sadıqov meydandan kənarlaşdırılıb.

 

“Qarabağ”ı 2 qırmızı vərəqə ilə Portuqaliya təmsilçisi “Benfika” izləyir. “Feyenoord” (Hollandiya), “Monako” (Fransa), “Portu” (Portuqaliya), “Şaxtyor” (Ukrayna), “Barselona”, “Atletiko” (hər iksi İspaniya), “Leyptsiq” (Almaniya), “Liverpul”, “Tottenhem” (hər ikisi İngiltərə), “Anderlext” (Belçika) və “Roma” (İtaliya) klubları isə 1 futbolçusu “qırmızı” alıb.

 

Bir matçda ən çox birbaşa qırmızı vərəqə isə VI tur çərçivəsində keçirilən “Portu” – “Monako” görüşündə qeydə alınıb.

 

Meydan sahiblərinin 5:2 hesabı ilə qalib gəldiyi oyunda hər komandadan 1 futbolçu meydandan qovulub. 1:1 hesabı ilə yekunlaşan “Atletiko” – “Qarabağ” qarşılaşmasında Enrike birbaşa “qırmızı” görübsə, Stefan Saviç ikinci “sarı”dan sonra komandasını azlıqda qoyub.

 

Portuqaliya təmsilçisi “Sportinq” isə sarı vərəqə sayında liderdir. Bu komandanın 19 oyunçusu referilər tərəfindən xəbərdarlıq alıb. Ən çox “sarı” da elə bu kollektivin “Barselona”ya 0:1 hesabı ilə uduzduğu qarşılaşmada göstərilib – 8.

 

“Feyenoord”un yarımmüdafiəçisi Tonni Trindade de Vilena 4 “sarı”, 1 “qırmızı” ilə turnirin ən intizamsız futbolçusu olub.

 

Qrup mərhələsinin ən centlmen komandası “Çelsi”dir. İngiltərə çempionunun futbolçuları cəmi 5 dəfə sarı vərəqə ilə cəzalandırılıblar. “Qarabağ”ın “sarı”larının sayı isə 14-dü.

 

Dino Ndlovu “Atletiko”, Sadıqov “Çelsi” ilə ev oyununda qırmızı vərəqə alıb. Pedro Enrike isə “Atletiko” ilə səfər matçında meydandan qovulub. Bunlardan yalnız Ndlovu ikinci sarıdan sonra meydanı tərk etmək məcburiyyətində qalıb.

Tarix: 7 Dekabr 18:36    Oxunub: 158    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

17 Dekabr 2017
16 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.