Elxan Məmmədov "gizli iş"in izinə düşüb: "Məndə olan məlumata görə..."

“Son günlər Azərbaycan futbolunda diqqəti dərhal cəlb edən proseslər baş verməkdədir.

 

Əlbəttə, bu proseslərdə təəssüfləndiyimiz məqamlar bir xeyli olsa da, futbolumuzun şəffaflığı naminə bu istiqamətdə addımların atılması, işlərin görülməsi vacibdir”. 


Sportinfo.az xəbər verir ki, bunu AFFA-nın baş katibi Elxan Məmmədov milli assosiasiyanın rəsmi saytına idman oyunlarının nəticələrinin manipulyasiyası ilə bağlı son günlər baş verən proseslər barədə danışarkən deyib.


O bildirib ki, dünyanın müxtəlif yerlərində idman oyunlarının nəticəsinin manipulyasiyası cəhdlərinə rast gəlinir:

 

"Bəzi futbol federasiyaları bununla çox ciddi şəkildə mübarizə aparsa da, müəyyən federasiyalarda aktivlik yüksək səviyyədə olmur. Düşünürəm ki, biz bu neqativ halla çox ciddi şəkildə mübarizə aparmalıyıq və aparırıq.

 

Bu səhədə mütəmadi qaydada UEFA ilə sıx əməkdaşlıq edirik. Oyunların nəticəsinin manipulyasiyası cəhdlərinin yolverilməz olduğunu, AFFA-nın buna qarşı ciddi mübarizə apardığını dəfələrlə assosiasiya rəhbərliyi müxtəlif tədbirlərdə, tribunalarda səsləndirib.

 

AFFA-nın son konfransında bu məsələ ilə bağlı ictimaiyyətə təfsilatlı təqdimat nümayiş olunub, bütün detallar izah olunub, müxtəlif maarifləndirici tədbirlər keçirilib. Bu ilin noyabrında AFFA-nın inzibati binasında təşkil olunmuş növbəti tədbirdə prokurorluq təmsilçisi çıxış edərək idman oyunlarının nəticələrinin manipulyasiyasının cinayət tərkibli əməl olduğunu bir daha xüsusui vurğulayıb.

 

Yeri gəlmişkən, bu məsələyə həssas yanaşdığı üçün hökumətimizə minnətdarlığımı bildirirəm. Bununla bağlı çox qısa zaman ərzində müvafiq qanun qəbul olundu, Cinayət Məcəlləsinə idman oyunlarının nəticələrinin manipulyasiyası ilə bağlı xüsusi maddə əlavə edildi”.


Baş katib ötən mövsüm də bu məsələnin çox ciddi şəkildə diqqət mərkəzində saxlanıldığını vurğulayıb: “Birinci Divizionda çıxış edən bir neçə klub, futbolçular, inzibati heyətin üzvləri, hakim sərt şəkildə cəzalandırıldı.

 

Təəssüf ki, bu virus cari mövsümdə özünü Premyer Liqada da büruzə verməyə başladı. İctimaiyyət məlumatlıdır ki, AFFA-nın İntizam Komitəsi iki futbolçu və bir məşqçi barədə çox qəti və kəskin qərar qəbul edib, onlara futbol məşğuliyyəti qadağan olunub.

 

Yeri gəlmişkən, 2016-cı ildə AFFA-nın təşəbbüsü ilə futbol klublarının bütün üzvləri idman oyunlarının nəticələrinin manipulyasiyasında iştirak etməyəcəyi və bununla bağlı məlumatı olarsa, müvafiq instansiyaları məlumatlandıracağı ilə əlaqədar öhdəliklərin yer aldığı bəyannaməyə imza atıblar. İntizam Komitəsinin sanksiya tətbiq etdiyi şəxslər də həmin bəyannaməni imzalamışdılar.

 

Qeyd etdiyim kimi, artıq cəzalar var, amma hər şey bununla bitmir. AFFA-nın və məndə olan məlumata görə, hüquq-mühafizə orqanlarının araşdırması davam edir. Sevindirici məqam ondan ibarətdir ki, futbolumuzun şəffaflığını arzulayan şəxslər – klub idarəçiləri, məşqçilər, futbolçular və futbolumuzda bu və ya digər şəkildə təmsil olunan başqa şəxslər araşdırmanın aparılmasına öz yardımını göstərir, bizimlə sıx əməkdaşlıq edirlər.

 

Fürsətdən istifadə edib həm hüquq-mühafizə orqanlarına, həm də bizimlə əməkdaşlıq edən futbol ictimaiyyətinin nümayəndələrinə təşəkkür edirəm. Növbəti dəfə bildirirəm ki, AFFA idman oyunlarının nəticələrinin manipulyasiyası cəhdlərini çox kəskin şəkildə pisləyir və Azərbaycan futbolundan bu virusun kökünün kəsilməsi üçün mübarizəni davam etdirəcək”.

Tarix: 6 Dekabr 16:48    Oxunub: 711    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

17 Dekabr 2017
16 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.