Zaur Axundovun "Keşlə" faciəsi və ya uğursuz rəhbərin səhvləri

Və bütün bu olayların başında bir qrup gürcü ibaz var idi. Onlar gözə görünmürdü, lakin Tsxadadzenin, Savanadzenin rəhbərliyi altında oynayan oyunçularla nələrsə edirdilər. Zurab Xizanaşvilinin oynadığı matçlarda bilərəkdən etdiyi və qolla nəticələnən onlarca səhv saya bilərəm. Yəni, Məmmədovu nələrdəsə qınayırıqsa, Svanadzenini, köməkçisi olan qardaşı oğlunu da mələk saymayaq.
 
Ramiz bəydən “ötürmə alan” Axundov ayıldı. Çünki bu olayın üstünün açılması onun klub funksioneri kimi imicini də qaldıracaqdı. Ardıcıl 7 (indi artıq 8-di) məğlubiyyətdən sonra Zaur bəy bacarıqsız damğasını tam haqq edirdi. Futbolçularla doğru davrana bilməyən, onları paltardəyişmə otağında söyə biləcək qədər aşağı enən adam bu imicdən qurtulmaq üçün də fürsət qazanmışdı. Özünü sübut edə bilməsə, “futzal funksioneri” damğasından qurtula bilməyəcəkdi.
 
Axundov üçün bu qalmaqalı törətmək/böyütmək həm də ona görə lazım idi ki, “ələbaxan” rolundan qurtulsun. Axı, kluba AFFA sponsorluq edir və o da baş katib Elxan Məmmədovun nə vaxt hesablarına pul köçürəcəyinə gözünü dikib. Bu durum Zaur bəyi razı salmır, o nüfuz sahibi olmaq, “Sumqayıt” və ya “Səbail” kimi neft şirkətinin hansısa bir qoluna özünü calayıb, müstəqil maliyyələşməni arzulayır. Nəticələr pis olduğundan dil qısa idi, hansısa inqilabi addım lazım gəlirdi.
 
Axundov AFFA prezidentinə xoş gəlsin deyə klubun adını “Keşlə”yə dəyişməmiş qurşaqdan aşağı 2 zərbə almışdı. Səlahət Ağayevin “Neftçi”yə gedişinə göz yummağa məcbur olan Zaur bəy, Rauf Əliyevə də uduzmuş, onun Albaniyaya yollanmasının qarşısını ala bilməmişdi. Hədə-qorxu, hərbə-zorba, köntöylük, əzələ nümayişi fayda verməmiş, hücumçu AFFA-nın hüquqşünası Rəmiş Malıyevi də Axundovun qoltuğuna vermişdi.
 
Axundov bu dəfə ağıllı, tədbirli tərpəndi. Güman ki, icraçı direktor Malıyevin yox, ortaq dostları tərəfindən tanış edilən Ramiz Məmmədovun ssenarisi ilə...
 
Tam dəqiq informasiyamız yoxdu. Amma özəl mənbələrdən gələn bilgiləri çək-çevir etdikdən, mətbuatda yazılanları, verilən qərarları, müsahibələri, etirafları, təkzibləri və s. xəbərləri oxuduqdan sonra soyuq başla bəzi məqamları təhlil etmək olur. İndiyədək etdiyimiz təhlillərdə yanılmamışıq və bugünədək yazdıqlarımızın hamısı doğru olub. Bugünkü susqunluğu da fırtınaqabağı sakitlik hesab edirik. Məsələ 2 futbolçunun – Nizami Hacıyev və Mirhüseyn Seyidovun ömürlük diskvalifiikasiyası ilə yekunlaşa bilməz.
 
Axundov sussa, özünü məhv edəcək. Çünki bu ifşalar kimlərinsə bostanına atılan daş idi və cavabı olacaq. Ona görə də Zaur bəy addımlarının davamını gətirməsə, mütləq hansısa məqamda vurulacaq və tamamilə gözdən düşəcək. Bu səbəbdən o, mütləq hücumları davam etdirəcək, işin sonuna çıxmağa çalışacaq. Artıq AFFA-nın baş katibi Elxan Məmmədovu və PFL prezidenti Ramin Musayevi zərbə altında qoyub, onların başının üstündən daha yüksək instansiyalara müraciət edib, nəticəsini də görüb. İndi dayanmaq onun nüfuzuna kölgə salacaq və növbəti aylarda ancaq zərbələr alacaq.
 
Bəs, Zaur bəy indi niyə susub? Ona görə ki, hazırda qüvvələr mübarizəsində təmərküzləşmə gedir. Axundovla birləşmək istəyənlər, eləcə də ona qarşı vahid cəbhə açmaq istəyənlər təşkilatlanır. Bir növ kəşfiyyat mərhələsidi.
 
Bu,açıq-aşkar futbol inqilabıdı. Zaur bəy Müşahidə Şurasının sədri olsa da, özünü klub rəhbəri kimi aparır, bu isə Elxan Məmmədovun şuralaşma modelinə uyğun deyil.
 
Əslində, “Keşlə”nin idarəçisi Malıyev olmalı, Axundov isə seyrçi mövqeyində dayanmalıydı. Amma Zaur bəy ona biçilmiş bu donu geymədi, üstəlik, futbol təsərrüfatının düzgün idarə olunmamasını ifşa etdi. Bu, indiyədək hansısa açıqlamasına rast gəlmədiyimiz Elxan Məmmədovun imicinə ciddi zərbədi. Sədr atla gediş edib və baş katib elə vəziyyətdədi ki, indiyədək mütləq danışmalı olduğu halda, ağzına su almağa, növbəti dalğanı gözləməyə məhkumdu. Axundov isə ilk kiçik qələbəsini bayram edir və növbəti hücum qabağı cəbbəxanasını gücləndirir, müttəfiqlərini müəyyənləşdirir.
 
Həmin müttəfiqlər arasında Ramin Musayev olmayacaq. O da bu atışmada ciddi xəsarət alıb. Hətta ən pis vəziyyətdə qalan elə PFL prezidentidi – bu haqda yazının davamında bəhs edəcəyik. Musayevin çətin vəziyyətə düşməsi Məmmədova da sərfəlidi, çünki çempionatı PFL keçirir, üstəlik, münaqişə Musayevin bir kadrının yarıtmaz addımıyla alovlanıb. Baş katib situasiyadan özü üçün yararlana bilər, bunun üçün Axundovla birləşməli, həlledici zərbəni onun əliylə vurmalıdı. Lakin məsələ təkcə “Neftçi” matçıyla yekunlaşmır və hadisələrin davamının gəlməsi onu da pis vəziyyətdə qoyacaq. Axı, bombanı bir başqası deyil, AFFA İcraiyyə Komitəsinin üzvü, AFFA-dan maliyyələşən, deməli, vahid qazandan pay götürən klubun rəsmisi partladıb.
 
Hacıyev və Seyidovun hüquq-mühafizə orqanları tərəfindən saxlanılması xəbəri aydın səmada şimşək effekti verdi. “Futbolinfo” bu xəbəri ictimailəşdirməsəydi, bəlkə də dar çərçivədə hadisənin üstünü örtəcək, “yuxarı”dan gələn göstərişlərlə məsələni bağlayacaqdılar. Lakin xəbər ildırım sürəti ilə yayıldı və Axundov da geri addım atmadı, əksinə, xəbəri təsdiqlədi, üstəlik, daha maraqlı açıqlamalar verdi.
 
Qalmaqalın “Neftçi” ilə oyundan başlaması təsadüf idimi? Bəlkə də. Amma buna qarşı tərəf şərait yaratdı. “Keşlə”nin oyunlarının “stavka”ya qoyulması haqda şübhələr var idi, AFFA-ya da kontorlardan gedən “yüklənə” mesajları səbəbi ilə siqnallar daxil olurdu, lakin fakt tapılmırdı. “Neftçi”ylə oyundan sonra ələ düşən ipucları sonda bir çox məsələlərin üstünün açılmasına səbəb oldu.
 
Kimliyini bilmirik, amma bizdə olan bilgiyə görə, “Keşlə”nin futbolçularından biri Axundova gələcək araşdırmalar üçün səbəb verib. “Oyun”a getməyənlərdən biri Mirhüseyn Seyidovun ona çirkli təklif etməsi haqda danışıb və bir neçə oyunçunun buna razılaşdığını bildirib. Bundan sonra klub daxilində araşdırma başlanıb, söhbətlər gizlicə lentə alınıb, içərilərindən biri “zəif bənd” çıxıb və etiraflar edib, hətta nə qədər pul aldığını açıqlayıb. İşin təşkilatçıları müəyyənləşən kimi Axundov hüquq-mühafizə orqanlarına müraciət edib və məsələ böyüyüb.
 
Adrian Skarlatakenin açıqlamalarını xatırlayarsız. O, faktiki belə bir halın olduğunu təsdiqləyir, amma adlar çəkmirdi. Nizami Hacıyevlə Mirhüseyn Seyidov isə təsadüfən seçilməmişdi. Daxili araşdırma zamanı müəyyən olunub ki, məhz onlar bu işin təşkilatçılarıdı. Hər iki futbolçu bölmədə səhvlərini boyunlarına alıblar. Onların qarşısına faktlar qoyulub və çıxış yolları qalmayıb.
 
O faktlar konkret nədir? Bunu bilmirik. Amma AFFA İntizam Komitəsi tələsik yığışıb qərar verdisə, deməli, ciddi faktlardı. O dəlillər açıqlanmayana kimi şaiyələr bitməyəcək, lakin açıqlanacaqmı? Çətin. UEFA-dan gələn siqnal da ciddi olub və bu qərarlar tələsik qəbul olunaraq qitə futbol qurumuna göndərilib ki, məsələnin üstü bağlansın, sanksiyalardan qaçmaq mümkün olsun.
 
Nizamiylə Mirhüseynin hüquq-mühfizə orqanlarında bəzi etiraflara məcbur edilməsi faktı inandırıcı deyil. Düzdü, məcburedilmə mümkün ehtimaldı, reallığı bilirik. Lakin insanın karyerası məhv olursa, danışmağa, özünü müdafiə etməyə məhkumdu. Ortada haqsızlıq varsa, mütləq etiraz edəcək, danışacaqsan. Lakin görün, dəlilər nə qədər əsaslıdı ki, həmişə dil-dil ötən Nizami susub, Mirhüseyn etiraf edir, üzr istəyir. Hacıyevin brifinq keçirəcəyi ilə bağlı 2 dəfə xəbər çıxıb, heç biri reallaşmayıb. Niyə? Çünki hər dəfə ona sübutlar xatırladılıb.
 
Günahsız olan Orxan Sadıqlı kimi danışar. “Keşlə”nin qapıçısı indi də bəyan edir ki, istənilən yerdə ifadə verməyə hazırdı. Çünki təmizdi, istintaqdan çəkinmir, özünü pis vəziyyətdə qoyacaq dəlil verməyib.
 
Əslində, cütlük həbsdə qala bilərdi. Hüquq-mühafizə orqanları onların saxlanılmasını təsdiqləmədi. Sutka bitməmiş azad olunduqları üçün qeydiyyata düşmədilər, düşsəydilər, məsələ məhkəməyə kimi uzanacaq, çox başlar ağrıyacaqdı. Amma “yuxarılar”dan gələn tapşırıqla məsələ ictimai hadisədən futbol olayı səviyyəsinə endirildi, cəzalar da futbol qaydaları ilə tənzimləndi. Onlar saxlanmasaydı, hüquq-mühafizə orqanlarında olmasaydı, AFFA İntizam Komitəsinin qərarında bu fakt əksini tapmazdı. Sadəcə, onların qeydiyyata düşməsinə imkan verilmədi, Axundov şikayət etdi və ərizəsini son anda geri götürdü.
 
Bizdə olan bilgiyə görə, Mirhüseyn və Nizami fərqli məsələlərə görə bu aqibətlə üzləşib. Hacıyev bukmekerlərlə əlaqədə şübhəli bilinib və nələrsə sübut olunub – detalları AFFA-dakılar daha yaxşı bilər. Onun həbsinin qarşısını isə Seyidov amili alıb. Mirhüseyn arxalı adamdı, ciddi dayaqları var və xilas edilib, Nizami də ona görə indi azadlıqdadı. Bəs, Seyidovun günahı nədi? Bax, bu məsələ xeyli müəmmalıdı.
 
Mətbuata sızdırılan ilkin informasiyaya görə, “Neftçi” tərəfi bu futbolçulara könüllü təslim olmaları qarşısında müəyyən haqq ödəyib. Vəsait birbaşa Seyidova çatdırılıb, o isə pulu bir neçə yoldaşı arasında bölüb. İlk baxışdan inandırıcı deyil, çünki “Neftçi” “Keşlə”ni bunsuz da yenə biləcək gücdədi, həm də 20 min dollar bakılılara artıqlıq etmir, bu məbləğin yarısını mükafat kimi təyin etməklə də futbolçularının motivasiyasını yüksəldə bilərdilər. Bəlkə də baş məşqçi Tərlan Əhmədov ardıcıl 3-cü oyunda büdrəməyin acı fəsadlar verəcəyini düşünərək, rəqiblərdən geri qalmamaq üçün buna razılaşıb.
 
Amma istənilən halda bu məbləği kimsə verməlidi. Klub rəhbərliyinin bu məsələdən qəti xəbəri yoxdu, “Neftçi”də qara mühasibatlıq ləğv olunub, rəqibi almaq adı ilə də kassadan vəsait çıxarmaq mümkün deyil. Əhmədov özü 3 min manat maaşa işləyir və bu vəsaiti cibindən vermək üçün bir il havayı çalışmalıdı. Komanda heyətindən pul yığıb, hansısa fond yaratmaq olar – Tərlan bəyin vaxtilə Əsgər Abdullayevin rəhbərliyi altında oynayarkən belə təcrübəsi olduğu deyilir. Ancaq qısa zamanda belə bir fond yaratmaq, oraya bu qədər vəsait toplamaq çətin görünür.
 
Maraqlısı odur ki, etiraflarda məhz bu faktın vurğulandığı, pulun “Neftçi”dən çıxdığı haqda qeydlər olduğu deyilir. Lakin hansı mənbədən, necə? Dəqiqini Axundov və bütün dəlillərin təqdim olunduğu AFFA rəhbərliyi bilir. Dəlil yoxdusa, 2 futbolçunun dəqiq səbəb göstərilmədən cəzalandırılması absurddu; dəlil varsa, qarşı tərəf niyə cəzadan yaxasını qurtarıb? Axı, rüşvəti alan da, verən də günahkardı.
 
Məsələlərin “Neftçi”yə, daha doğrusu, Tərlan bəyə yönəlməsi təsadüfi deyil. Onu paytaxt klubuna PFL prezidenti Ramin Musayevin məsləhət bildiyi dəqiqdi. Klub rəhbərliyi isə fərqli cərəyanın kadrlarıdı. Deməli, burada həm də klan davası gedir. Əhmədovun bu məsələlərdə əli varsa, Musayev də hədəfdədi, Axundov onsuz da onun başının üstündən daha yüksək instansiyalara şikayət edib, deməli, Ramin bəylə düşmənçilik qaçılmazdı.
 
“Neftçi” adının gündəmə gətirilməsi, eyni zamanda yalnız baş məşqçinin təşkilatçı kimi göstərilməsi qüvvələr mübarizəsində bir xəttdi. Hər şey sübut olunsa, bunun ciddi fəsadları olacaq, Axundov qəhrəmana çevriləcək və Musayev Əhmədov amilinə görə fakt qarşısında qalacaq. Lakin öncə bu ittihamı sübut etmək lazımdı. Ola bilsin, fakt var, amma məsələ o qədər qarışıq və zəncirvaridi ki, biri açılsa, davamı gələcək və bundan hamı ziyan çəkəcək. Ona görə də “körpəni beşikdə boğmağa” çalışır, hadisələri 2 futbolçunu cəzalandırmaqla soyutmağa səy göstərirlər.
 
“Neftçi”ylə bağlı şübhələrin başqa bir səbəbi futbolçuların açıqlamalarıdı. Sözügedən matç baş tutmamış Nizami Hacıyevin “Neftçi”yə keçəcəyi məlum idi. Futbolçu belə bir açıqlama vermiş, Əhmədov da təsdiqləmişdi. Hələ “Keşlə”də oynaya-oynaya belə bir açıqlama vermək peşəkarlıqdan uzaq addım idi və söz-söhbətə səbəb olacağı gözlənilirdi. OnunTərlan bəylə dostluq münasibətlərini gizlətməməsi də qıcıq və şübhə doğururdu.
 
Axundov bu faktdan xeyli hiddətlənmişdi, lakin heç nə edə bilmirdi. Belədə yazının əvvəlində qeyd etdiyimiz olaylar onun əlinə qisas almaq baxımından əla fürsət verdi. Mirhüseyn Seyidovun qəfil ortaya çıxması isə hadisələrin miqyasını böyütdü. Bu futbolçu etiraflarında bilərəkdən “Neftçi”yə qarşı zəif oynadığını deyir, lakin səbəb kimi rüşvəti yox, vaxtilə bu komandada oynamasını, eyni zamanda flaqmana keçmək variantının olmasını göstərir. Əhmədov isə Seyidovu transfer etmək düşüncələrinin olmadığını açıqlayır. Deməli, kimsə yalan danışır.
 
Nizaminin məsələsi fərqlidi. Onun Mirhüseynin aldığı deyilən rüşvətə şərik olub-olmadığı dəqiq deyil. Hacıyevlə bağlı əsas problem bukmekerlərlə bağlıdı. Onun Gürcüstan kontorları ilə işbirliyi iddia olunur. Bəlkə də sübut olunduğu üçün cəzalanıb, amma fakt dəqiqdisə də, təkcə onu diskvalifikasiya etməklə iş bitmir, bu, bir adamın görəcəyi iş deyil, şəbəkəni ifşa etmək lazımdı.
 
Futbolçular saxlandıqdan sonra “Keşlə” tərəfi 2 gediş etdi və strateji səhv buraxdı. Klubun rəsmi bəyanatında 7 oyunun nəticəsindən şübhəyə işarə edildi, Axundov isə açıqlamasında yalnız “Neftçi”nin adını çəkdi. Hər 2 açıqlama/bəyanatın səbəbi vardı. Belə ki, “İnter”in son oyunlarıyla bağlı AFFA-ya da siqnallar daxil olub, konkret haradan, hansı məbləğin və kimlərin adı ilə kontorlara göndəriliyi haqda bilgilər olduğu deyilir. Axundovun “Neftçi” israrı isə birbaşa Əhmədova görədi. Zaur bəy Tərlan bəyin onun oyunçularını almaq istəməsini həzm edə bilmir və yəqin ki, mübarizəyə davam etsə, əlində dəlillər varsa, məşqçinin də axırına çıxacaq. Şura sədrinə görə bu hərəkət onun özünün alınması anlamındadı və xəyanəti bağışlamayacaq.
 
“Keşlə”nin digər oyunlarına gəlincə, burada rəqiblər əsas hədəf deyil. Ehtimallara görə, bakıllar özləri öz məğlubiyyətlərinə və ya çox top buraxmalarına “stavka” ediblər. Yəni bu, birtərəfli, könüllü olub. Lakin klubun bununla bağlı bəyanatı tezliklə unuduldu/unutduruldu. Axı, həmin məsələnin böyüməsi çoxlarına sərf etmirdi. Onsuz da klubların inhisara alınması, bir əldə cəmləşməsi əvvəldən bu məqsədə hesablanıb – hamı eyni nöqtədən idarə olunanda istənilən nəticəni təmin etmək və ona uyğun da pul qoyuluşu etmək asandı.
 
Axundov məhz bu planların da üstünü açdığından, təcili şəkildə onu razı salmaq üçün 2 futbolçunun diskvalifikasiyası rəsmiləşdi və sədr susduruldu. Hələ də susur...
 
İstənilən halda, bu qalmaqal çoxlarını ayıldıb. “Neftçi”nin oyunu alması haqda deyilənlər çox da ciddi qəbul olunmur, daha çox bukmeker məsələləri gündəmdədi. Prosesin ictimai müzakirədən çıxarılması, yalnız futbol təsərrüfatı səviyyəsinə endirilməsi vəziyyəti dəyişməyib. “Yuxarılar” bu qərara gəlsə də, həm ciddi sübutlar, həm də UEFA-dan gələn siqnallar bu məsələlərin daha ciddi araşdırılmasına imkan verib. Həbs qorxusundan üşütməyə düşənlər AFFA-yla əməkdaşlığa başlayıblar. Son günlər bir neçə şəxsin AFFA-nın müvafiq komissiyasına maraqlı etiraflar etdiyi deyilir. Bildiyimizə görə, prosesin yeni dalğası zamanı cəzalananların sayı artacaq.
 
Büdcədən xeyli vəsait “yeyən” Media Komitəsinin, işi birbaşa klubların hüquqların müdafiə etmək, onların problemlərini araşdırmaq, gündəmə gətirmək olan Klublar Komitəsi susur, məsələyə hətta münasibət də bildirmir. Ramin Musayev və Elxan Məmmədov kimi, onlar da təşvişdədi. Hamı bilir ki, olaylar böyüsə, hamının zibili açılacaq, çünki demək olar, bu məsələdə əksəriyyət günahkardı – çempionata nəzarət edə bilməyən PFL də, oyun alqı-satqısına, danışılmış oyunlara qarşı mübarizə aparmaqda aciz olan AFFA da, hətta bəzən qazanc üçün belə “əməliyyatlar”da maraqlı olan klublar da. Bu isə futbol təsərrüfatında idarəçilik probleminin olduğunu göstərir. 30-35 milyon manatlıq AFFA büdcəsi havaya sovrulur, mənasız komitələr yaradılır, qohum-tanış yüksək məvaciblə təmin olunur, futbolun inkişaf etməməsi bir yana, belə biabırçılqlar da ortaya çıxır.
 
Nəinki AFFA, PFL, müvafiq komitələr indiki situasiyaya münasibət bildirməli, hətta növbədənkənar konfrans çağırılmalıdı. İcraiyyə Komitəsinin (İK) zəruri hallarda (maddə 30.1) növbədənkənar konfrans çağırmaq səlahiyyəti var. Axundovun özünün də bu komitənin üzvü olduğunu nəzərə alsaq, ən azı İK-nın yığışması vacibdi. Zaur bəy həqiqətən böyük oyunçudursa, iddialıdırsa, ciddi funksionerdisə və kiçik qələbələrlə kifayətlənmək istəmirsə, komitənin toplanmasına nail olmalıdı. Söhbət ölkə futbolunun inkişafından, çirkinliklərdən təmizlənməsindən gedirsə, belə addım atılmalıdı. Yox, o, yalnız öz mənafeyini düşünürsə, yenidən qına çəkilibsə, onda ifşaedəndən daha çox, ifşaolunan roluna layiqdi.
 
Ay Zaur, sən nə düşünürsən?... Tərlan Əhmədov “oğru elə bilir hamı oğrudu” deyəndə səni nəzərdə tutub. Yəni, həqiqətən elədi və sən həqiqətən sadəcə şivən salırdın, yoxsa daha ciddisən? (futbolinfo.az)
Tarix: 6 Dekabr 12:48    Oxunub: 314    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

17 Dekabr 2017
16 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.