"Qarabağ"da inqilab: "Büdcəmiz böyük klub saxlamağa imkan vermir"

Sportinfo.az xəbər verir ki, “Qarabağ”ın prezidenti Tahir Gözəl “Roma” ilə oyundan sonra jsualları cavablandırıb.
 
Oyundan məmnun qaldınızmı?
- 3 əsas müdafiəçimizin olmamasına baxmayaraq, komandamın çıxışından çox razı qaldım. Əlbəttə, rəqib komanda Avropa nəhəngidir. Ancaq xüsusilə, müdafiəçilərimiz çox uğurlu oynadılar. Bir-iki epizod var idi ki, alınsaydı, əla olardı. Əsas odur ki, qrupda son olaraq kimin hara gedəcəyinə “Qarabağ” qərar verdi.
 
Çempionlar Liqasındakı ümumi çıxışı necə dəyərləndirirsiz?
- “Çelsi” ilə ilk oyunda hamımız çox həyəcanlı idik. Böyük bir təcrübə əldə etdik. Sonradan “Atletiko” ilə oyunlardan çox razı qaldım. “Roma” ilə Bakıdakı matç da gözəl keçmişdi. Uduzsaq da, oyundan razı qalmışdım. Evdəki “Çelsi” ilə oyun isə bəlkə də həyatımdakı ən ağır görüş idi. Hələ də yadımdan çıxmır, hələ də ürəyim ağrıyır. Oyunlarda çox qırmızı vərəqə aldıq. Hakimlər tərəfindən sıxıldıq. Elə bugünkü qola da baxmaq lazımdı ki, ofsayd var idi, ya yox? Məncə, mübahisəli epizoddu.
 
Komandanın ÇL qrupunda oynaması özü böyük uğurdu.
- Mən sadəcə, xülasəni xatırlatmaq istəyirəm. Əlbəttə ki, çox gözəl mərhələ oldu. Rəqiblərimizin tarixlərinə baxanda, maddi imkanlarına nəzər salanda, görərik ki, “Qarabağ” tarix yazır. Hədəfimiz o idi ki, bu adı Avropada tanıdaq. Sizi əmin edirəm ki, mən Avropada kiməsə “Qarabağ”ın prezidenti olduğumu deyəndə dönüb təbrik edirlər. Burda məsələ mənim uğurum deyil. Klubun adı tanınıb.
 
“Qarabağ”ın bundan sonrakı hədəfi nədir?
- Bundan sonrakı hədəfimiz artıq yerli oyunçular yetişdirməkdir. Bilirsiz ki, büdcə məhdudiyyətimiz var. Bu, böyük klub saxlamağa imkan vermir. Əsas ağır yük sponsorun üstünə düşdüyü üçün buna məcburuq. Buna görə də artıq xarici legionerlərlə deyil, öz yetirmələrimizlə oynayacağıq. Çünki baxırıq “Qarabağ”da istənilən oyunçunun itkisini sığortalamaq üçün nə qədər əziyyət çəkirik. Tam 20-25 nəfərlik peşəkar komanda saxlamağa isə imkan yetmir.
 
Yetirmələrinizlə oynamaq üçün hansı addımlar atacaqsınız? Yeni bazalar olacaq?
- Bizim çox yaxşı bazamız var. Oyunçular da yetişir. Bu, bir ilin söhbəti deyil, ən az 4-5 illik layihədir. Ona görə səbr edin, görəcəksiniz ki, “Qarabağ”ın necə yetirmələri var.

Tarix: 6 Dekabr 09:48    Oxunub: 387    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

17 Dekabr 2017
16 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.