Roma sürprizi "Qarabağ"ın ən böyük qələbəsi ola bilər: İnam və etibar nümunəsi, gələcəyə çağırış

«Qarabağ» son ev matçında tribunalara Olimpiya stadionu üçün rekord sayda tamaşaçı toplaya bildi. Buna, sadəcə, yüksək statistik rəqəm gözü ilə baxmaq olmaz.

 

Komanda ilk dəfə qatıldığı ən mötəbər yarışın 5-ci turunda da bu qədər azarkeş diqqətinə layiq görülürsə, deməli, futbolsevərlərin ondan gözlədiyi çox şey var və çempion azarkeşdən ümidləri doğrultmaq üçün ən böyük dəstəyi və kard-blanşı alıb.

 

Bu diqqətə hörmət varsa, gələn il üçün yenidən işartısı görünməyə başlamış ümidləri doğrultmaqdan başqa çarə qalmayıb. «Çelsi» ilə görüşə Ağdam təmsilçisi bu inam və etibara layiq şəkildə başlayaraq, rəqibindən geri qalmamaq üçün ən mühüm addımları atmışdı.

 

Azəraycan çempionunun fəallığı və taktiki düzgün qurulmuş oyunu rəqibi də əməllicə çaşdırmışdı. Gözə dəyən bir şey var idi: səviyyə fərqinin təsirləri. «Qarabağ»da bundan iləi gələn iki çatışmazlıq xüsusi qeyd olunmalı və gələcək üçün nəzərdə saxlanmalıdır.

 

Birincisi, oyunu bütövləşdirmək üçün ön xətdə quruculuqda axsaqlıq aradan qaldırılmalıdır. İkincisi isə həm də birincinin əsas səbəbi rolunda çıxış edir - oyunu taktiki planın natamamlığı da aradan qaldırılsa, istər hücum, istər təzyiqli dəst-xətt, istər çeşidli strateji vəzifələr həllini tapar, inkişafa zəmin yaranar.

 

Bu məsələlər ətrafında xüsusi söhbəti zamanı yetişəndə etmək mümkün olacaq. Lakin indi məlum olan artıq «Qarabağ»ın gələcək transfer planlarını necə qurmalı olduğunu əyani göstərən məqamların açıq-aydın görünməsidir. Komanda milli çempionatdakı rəqiblərinə nəzər yetirmədən güclənməli və öz yolunu inkişaf etdirməlidir. Onun qiymətini yalnız bununla vermək mümkün olacaq.

 

Hələliksə, «Qarabağ»ın qarşısında dayanan əsas vəzifə Çempionlar Liqasını başıuca tərk etməkdir. Əlbəttə, qarşıdakı görüşdə «Roma»nı büdrətmək komandanın ən gözəl vida sürprizi ola bilər. Bir qədər irreal görünsə də, «Roma»nı axsatmaq üçün «Qarabağ»ın hər bir imkanı var. Taktiki baxımdan əsas məsələ rəqibin möhtəşəm «Olimpiko»sunun təsirindən çəkinmədən öz tərzini rəqibə israrla sıramağa çalışmaqdır. Bu halda sürətli oyuna meyilli olacaq «canavarlar» hər səhvə yol verə bilərlər.

 

«Qarabağ»ın buna qadir olması ilə yanaşı, hələ öz yerini tam görməməsi, çəkinməsi, bir az da sentimentallığı «Çelsi» ilə matçın gedişindi və oyunsonrası ab-havada da var idi. Əlbəttə, hakimin səhvə yol verməsi və yaxud amansız davranması daha müzakirə mövzusu ola bilməz.

 

Lakin artıq dəfələrlə bu vəziyyətlə üzləşmiş komandanın yenə də və ya bir daha hakim qərarlarının təsiri altına düşməsi bir qədər təhlükəli sindroma çevrilə bilər. Çünki bu sentimentallıqla komanda öz ovqatını, öz ruhunu korlayır, özünü acizləşdirir. Axı, buna qədər baş verənlərin təhlilindən dərs götürülməli idi ki, belə pat vəziyyətinə Avropa futbol öyrəncəlidir və tək «Qarabağ»ın problemi deyil.

 

Avropanın elitar hakimləri cərgəsinə addım atan referilər istənilən nüfuzsuz komanda üçün təhlükəlidirlər. Onların qeyri-adekvat addımları, yanlış qərarlarına öyrəşmək məcburidir. Əsas məsələ belə vəziyyətlərdə usanmamaq və sönməmək, onu inkişaf stimuluna çevirməkdir. Bunu isə «Qarabağ»ın heyəti bacarmaq istəmir.

 

Əgər bunu istəmirsənsə, yaxud belə vəziyyətlərlə üzləşməmək üçün cərimə meydançası ağzında rəqibin sərbəstliyini mütləq əlindən almalısan. Bunun üçün etiraf edə ki, «Qarabağ»da nə güc, nə də taktiki tamlıq var. Komanda heyətinə bu il əməli əl gəzdirdiyindən növbəti ildə daha irəli getməli və həm də planlarını indidən hazırlamalıdır. Üstəlik, baş məşqçisi milli komandanı da çalışdıracağından bu, mütləq tələbə çevrilib.

 

Hakimliyi bir kənara qoyub «Çelsi» ilə qarşılaşmada «Qarabağ» üçün lazım olanların ən mühümlərindən bəhs edək. Çünki artıq həmin məğlubiyyətlə qrupda sonuncu yeri tutacağı dəqiqləşən təmsilçimizin bundan sonrakı təhlillər üçün bəzi tövsiyələrə diqqət etməsi vacibdir. Bunlardan birincisi oyun standartlarını dəyişmək məqsədilə taktiki variantları zənginləşdirməkdir.

 

Qurban Qurbanova buna ən gözəl meydan elə ölkə çempionatının özüdür. O, əlində olan fürsəti dəyərləndirməklə futbolçularının potensialını məhz şaxəli eğməyə başlamalıdır. Ramil Şeydayevlə Mahir Mədətov onun üçün ilk böyük yeniləşmənin açarlarıdır. Həmçinin Qara Qarayevin və Maksim Medvedevin builki formaları göstərir ki, «Qarabağ» daha funksional yüklü oyunlara meyillənməlidir.

 

Nə qədər güclü əcnəbi futbolçular alınsa belə, meydanda yenə milli futbolun yetirmələri sayğac və əsas tənzimləyici rolunu oynayacaqlar. Açığı, qapıçı mövqeyinə də komandanın yerli kadrlar arasından seçim edərək güclənməsini gözləmək olardı. Üstləik, bu amplua üçün hələ çiy olsa belə yararlı kadrlar var. Klub nədənsə seçimini fərqli istiqamətə yönəldib.

 

Hələ komandanın gənc nəsillə işi də bir müəmmaya çevrilib və son dövrlər kölgədə qalıb. Neçənci ildir əldən qaçırılan bu şansın izləri hiss olunur. Ağdam təmsilçisinin akademik səviyyədə baza qurmağa cəhd etməməsi bu mənfi təsirləri gücləndirir. Halbuki vaxtilə məhz «Qarabağ» yerli kadrlarla iş sahəsində sayılıb-seçilirdi.

 

Hər halda bir çox səmtlərdə gözlədiymiz dönüş məqamı yetişib. Baş məşqçisi milli komandanın sükanı arxasına keçdiyini nəzərə alsaq, «Qarabağ»ın məhz bir çox istiqamətdə işi həm də Azərbaycan futbolu üçün əhəmiyyət kəsb edəcək. Axı, açıq-aşkar hiss etdirilir ki, «Qarabağ» milli komandanın bazasına çevrilir. Hərçənd onun sükançısından daha fərqli qərarlar və yanaşma tərzi gözləyirəm. Çünki istənilən halda bütün ölkə futbolu məhz «Qarabağ»a işləyən meydan olacaq.

 

BATI YAR

Tarix: 5 Dekabr 22:55    Oxunub: 177    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

17 Dekabr 2017
16 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.