LAYİHƏ: Zaqatalada sensasiya və "lipa" qalmaqalı

Dünən «Boulevard U-15 Liqası»nda 11-ci turun oyunları keçirildi. 7 oyunun hamısında qeydə alınan nəticələr gözlənilən idi. Yalnız Zaqatalada «Zirə»nin «Zaqatala»ya məğlub olmasını nəinki turun, ümumiyyətlə, çempionatın ən böyük sensasiyası adlandırmaq olar.

 

«Zaqatala» - «Zirə» oyunu təkcə gözlənilməzliklə yadda qalmadı. Yerli komandanın heyətində adı protokolda göstərilməyən futbolçunun meydana çıxması oyundan sonra qalmaqala səbəb olub. Ətraflı bir qədər sonra.

 

«Vətən» - İOEUGİM 3:0

Meydan sahiblərinin 2 əsas futbolçusunun – Fərrux Fərzəliyevlə Rəhim Cəfərlinin oynamayacağı hələ oyundan əvvəl məlum idi. Üstəlik, baş məşqçi İlqar Mənsimov əsas heyətin daha bir neçə üzvünü start heyətinə salmamışdı. Buna baxmayaraq, «məktəblilər» nisbətən zəif rəqibə asanlıqla qalib gələ bildilər. Oyun «Vətən»in ərazi üstünlüyü ilə başlasa da, hesab bir qədər gec açıldı. 15-ci dəqiqədə Nurəli Nurəliyev fərqləndi. Hesabda irəli çıxan «Vətən» bir daha 30-cu dəqiqədə Bəyalı Qasımovın ifasında fərqləndi. İkinci hissədə daha çox müdafiəyə fikir verən meydan sahibləri 62-ci dəqiqədə rəqibi əks-hücumda yaxaladı. Bəyalı qol vurmaqla həm dublunu rəsmiləşdirdi, həm də yekun nəticəni müəyyən etdi. Qazanılan qələbə sayəsində «Vətən» lider «Qəbələ» ilə xal fərqinin artmasına imkan vermədi. Çünki…

 

«Qəbələ» - «Neftçi» 3:0

…çünki «Qəbələ»də əsas rəqibindən geri qalmadı. Doğrudur, əyalət təmsilçisinin rəqibi daha ciddi idi. İOEUGİM-dən fərqli olaraq «Neftçi» hazırda yaxşı formadadı və istənilən komandadan xal almaq gücündədi. Lakin «Qəbələ» buna imkan vermədi. Maraqlıdır ki, sözügedən oyunda da hesab 15-ci dəqiqədə açıldı. Çempionat başlayandan yaxşı oyun sərgiləyən Mehrac Baxşəliyev fərdi bacarığı sayəsində «Neftçi»nin 2 futbolçusunu arxada qoyaraq Kamal Kazımova əla ötürmə verdi. İkinci fürsəti boşa vermədi – 1:0. 28-ci dəqiqədə Mehrac daha bir məhsuldar ötürmə etdi. Bu dəfə onun əziyyətini Taleh Qarayev yerə vurmadı. Fasilədən sonra Rakif Əliyevin yetirmələri daha bir dəfə fərqləndilər. 47-ci dəqiqədə Vüsal Mirzəzadənin cərimə zərbəsindən qapıya ünvanladığı top qapı dirəyinə tuş gəldi. Meydana qayıdan topa özünü hamıdan tez çatdıran Xəyal Səmədov əlinə düşən fürsətdən maksimum yararlandı. Bundan sonra oyunda başqa qol olmadı və qarşılaşma 3:0 hesabı ilə başa çatdı.

 

Bu məğlubiyyətə görə Tofiq Mustafayevin yetirmələrini nədəsə ittiham etmək doğru olmaz. Komandanın baxımlı oyun sərgiləyəcəyi halda belə, «Qəbələ» birincilikdə iştirak edən komandaların əksəriyyətindən bir baş üstündür. Bu minvalla ölkənin ən yaxşı futbol akademiyasının təmsilçisi vaxtından əvvəl çempionluğu bayram edə bilər. «Qəbələ»yə bu yolda əngəl ola biləcək yeganə rəqib isə «Vətən»dir. Hər halda tələsməyək, çempionatın başa çatmasına hələ 17 tur var.

 

«Sumqayıt» - İsgəndər Cavadov BFA 5:0

Ötən tur güclü «Zirə»ni səfərdə məğlub edən Sumqayıt təmsilçisinin bu dəfəki rəqibi zəif idi. Gözlənildiyi kimi Mehman Yunusovun komandası asanlıqla qalib gəldi. Maraqlısı ondadır ki, bu oyunda qolların hamısı uzaq məsafədən vuruldu.

 

İlk hissənin ortalarında Alı Alı təxminən 20 metr məsafədən qapını dəqiq nişan aldı. Meydan sahiblərinin ərazi üstünlüyü şəraitində keçən ilk hissədə bu, yeganə qol oldu. İkinci hissədə Alı daha 2 qol vuraraq «het-trik»ini rəsmiləşdirdi. Digər 2 qola gəlincə, onlardan biri avtoqol oldu, digəri isə Rüstəm Hümbətovun adına yazıldı.

 

Qələbə sayəsində «Sumqayıt» 3 pillə irəliləyərək 5-ci yerə yüksəldi. Qəhrəman Əliyevin yetirmələri isə daha 1 pillə aşağı yuvarlanaraq axırdan əvvəldə qərarlaşdılar. Amma bu yerdəyişmə çox güman ki, müvəqqəti olacaq. Səbəbi haqqında «Zaqatala» - «Zirə» matçına həsr olunmuş bölümdə bəhs edəcəyik.

 

«Viləş» - «Kəpəz» 1:1

Turun ən gərgin keçən oyunlarından biri Masallıda baş tutdu. Əvvəlcədən bu matçın heç-heçə bitmə ehtimalı haqqında proqnoz vermişdik. Elə də oldu. «Viləş» - «Kəpəz» oyunu həm də 11-ci turda heç-heçə başa çatan yeganə qarşılaşma kimi yadda qaldı.

 

Oyunda üstün tərəf gəncəlilər olsalar da, 8 saatlıq yol yorğunluğu onların oyununa təsirsiz ötüşmədi. 18-ci dəqiqə hesabda geri düşən İlham Səmədovun komandası ikinci hissənin sonlarına yaxın məğlubiyyətdən yaxa qurtara bildilər. Cinahdan cərimə meydançasına ötürülən topu Raul Əlizadə başla qapıdan keçirdi – 1:1. İtirilən 2 xal «Kəpəz»ə baha başa gəldi. Belə ki, bu komanda «Keşlə» və «Sumqayıt»ı turnir cədvəlində özündən irəli buraxdı. «Viləş» isə İOEUGİM-la xal sayını bərabərləşdirsə də, yerində qaldı.

 

«Turan» - «Keşlə»

Daha bir maraqlı oyun Tovuzda keçirildi. 5 tur idi məğlub olmayan «Turan» səfər oyunlarında büdrəməyi «xoşlayan» «Keşlə»ni qəbul etdi. Oyun qonaqların üstünlüyü şəraitində başladı. Artıq, 10-cu dəqiqəyə kimi onlar rəqib qapısı qarşısında 3-4 təhlükəli qol epizodu yaratsalar da, ələ düşən fürsətləri boşa verdilər. Hissənin ortalarına doğru oyunun ssenarisi dəyişdi və topa sahib olma faizi demək olar ki, bərabərləşdi. Oyunda hesab 32-ci dəqiqədə açıldı. Əli Tağıyevin künc zərbəsindən sonra qapı qarşısına göndərdiyi topu komanda yoldaşı Emil Nəbiyev başla tora qovuşdurdu – 0:1. Qonaqların sevincləri «qursaqlarında qaldı». Topu meydanın mərkəzindən oyuna daxil edən Ruslan Abbasovun yetirmələri dərhal hücuma keçdilər. Kənan Kərimov yenicə fərqlənmiş Emildən topu oğurlayaraq cərimə meydançasının küncündən «doqquzluğ»u dəqiq nişan aldı. Qapı dirəyinə dəyən top xətti keçdi – 1:1.

 

Fasilədən sonra nisbi üstünlük qonaqların tərəfində idi. Buna baxmayaraq, hər iki tərəf qol vurmaq üçün imkanlar arayırdı. 2-ci hissənin ortalarında belə bir şans qonaqların əlinə düşdü. Sol cinahdan rəqib müdafiəçisini arxada qoyaraq sürətlə cərimə meydançasına daxil olan Əli Tağıyev bu dəfə Vaqif Həsənovun vurduğu qola assistentlik etdi – 1:2. Gərgin atmosferdə keçən qalan dəqiqələrdə başqa qol olmayınca, Xəyal Mustafayevin komandası ardıcıl 2 səfər oyunundan qalib ayrılmaqla «səfər şanssızlığı sindromu»na son qoydular.

 

Yeri gəlmişkən, 11-ci turda «Keşlə» səfərdə qalib gələn yeganə komanda oldu. Bu qələbə sayəsində bakılılar 3 pillə irəliləyərək 4-cü yerə yüksəldilər.

 

«Səbail» - «Neftçi» İK İB 1:0

Oyun gözləndiyi kimi Xaqani Məmmədovun futbolçularının qələbəsi ilə başa çatdı. Qarşılaşmada yeganə qol oyunun sonunda vuruldu. 62-ci dəqiqədə Rauf Ağahüseynova qarşı cərimə meydançası daxilində edilən kobudluğa görə hakim penatli təyin etdi. «Ağ nöqtə»yə yaxınlaşan Arif Məmmədov fürsəti boşa vermədi – 1:0. Yeri gəlmişkən, maraqlı və üzücü bir faktı qeyd edək - 11 turdan sonra «Neftçi» İK İB cəmi 2 qol vurub!

 

«Zaqatala» - «Zirə»

Nə baş verir? U-15 Liqasının ən yaxşı komandalarından biri olan «Zirə» artıq, 4 turdur ki, qələbə üzünə həsrətdi. 8-ci turda «Vətən»lə heç-heçəni qəbul etmək olar, anlanılandı. Hər iki komanda çempionluğa oynayır. Ardınca «Turan»la səfər bərabərliyini və evdə «Sumqayıt»a məğlubiyyəti də. Hər iki komanda son turlar «artırıb». Ancaq «Zaqatala»ya məğlubiyyətə nə ad verək? «Ad»ını komandanın baş məşqçisi Cəfər Hüseynovdan soruşduq. Təcrübəli məşqçi «qara zolağ»a düşdüklərini dedi: «Məşqçilik təcrübəmdə hələ belə hala rast gəlməmişəm. 70 dəqiqə rəqibi təzyiq altında saxlayan, birqapı oynayan da biz, məğlub olan da. Uşaqlar sadəcə, son nöqtəni qoya bilmirlər. Buraxdığımız qollar da adi epizodlarda, bəxtsizlikdən olur. Növbəti turu buraxacağıq. Hər şeyi araşdırmağa, toparlanmağa vaxtımız olacaq. «Qara zolaq»dan çıxmaq üçün bircə qələbəyə ehtiyacımız var…»

 

Deyəsən, «Zirə» özü qələbə qazanana kimi, 3 xalı bu komandaya İntizam Komitəsi verəcək… Hələlik oyunun gedişi haqda.

 

Futbolçularda yol yorğunluğu olmasın deyə, «Zirə» Zaqatalaya qatarla getmişdi. Bu isə futbolçuların oyuna rahat çıxmaları üçün zəmin yaradırdı. Oyun bütünlüklə qonaqların ərazi üstünlüyü şəraitində keçdi. Amma onlar əllərinə düşən fürsətləri sağa-sola xərclədilər. Matçda qeydə alınan yeganə qol 18-ci dəqiqədə vuruldu. Müdafiəçilərin və qapıçının «ayağı sürüşkən» olması Tofiq Vahabovun fərqlənməsinə şərait yaratdı. Qalan dəqiqələrdə «Zirə» 3 xalı xilas etmək üçün nə qədər vuruşsa da, nəsə edə bilmədi. Amma güman ki, itirilən 3 xal hədiyyə halında bakılılara qaytarılacaq.

 

Məsələ burasındadır ki, oyunun gedişində qonaqların məşqçiləri «Zaqatala»nın heyətində «lipa» futbolçunun olduğundan şübhələniblər. Komandanın 10 nömrəli futbolçusu, yəni qolun müəllifi Tofiq Vahabovu hamı adı ilə deyil, «10 nömrə» deyə, çağırırmışlar. Bu isə futbolçuların həmin uşağı tanımadığı anlamına gəlirmiş. Oyundan sonra qonaqların nümayəndələri və hakimlərin iştirakı ilə Tofiq Vahabovun sənədləri yoxlanılıb və məlum olub ki, «bu həna o hənadan deyil». Başqa sözlə, Tofiqin sənədi ilə onun yerinə başqa uşaq meydana çıxıb. Əsl Tofiq Vahabovv isə zədəli olduğu üçün oyunu kənardan izləyirmiş. Böyük ehtimalla AFFA-nın İntizam Komitəsində məsələ «Zirə»nin xeyrinə həll olunacaq. Komanda bəlkə bu yolla «qara zolaq»dan çıxa.

 

U-15 Liqasında növbəti turun oyunları 9-10 dekabrda keçiriləcək: İsgəndər Cavadov BFA – «Zaqatala», «Keşlə» - «Sumqayıt», İOEUGİM – «Turan», «Kəpəz» - «Vətən», «Neftçi» İK İB – «Viləş», «Neftçi» - «Səbail», «Qarabağ» - «Qəbələ». Oyunların başlama vaxtı və yeri haqqında əlavə məlumat verəcəyik.

 

Sportinfo.az

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.

Tarix: 3 Dekabr 17:36    Oxunub: 569    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

17 Dekabr 2017
16 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.