“Qarabağ”a qarşı ekstremizm var, görmürsüzmü???

“Qarabağ”-“Çelsi” oyunu ilə bağlı dünənki yazımın son abzasında baş hakim haqda düşündüyümü yazmadığıma penalti təyin ediləndən sonra çox peşman oldum. Bilənlər bilir, Portuqaliya milisini heç sevmirəm, sevmirəm nədir, zəhləm gedir.

 

Bunu həm Avropa, həm dünya çempionatları ilə bağlı yazılarımda da dəfələrlə yazmışam. Son Avropa çempionatında sürünə -sürünə qrupdan çıxıb çempion olmaları isə futbol tarixinə yaraşmadı. Yazmaq istəyirdim bunları, amma “Qarabağ” a xatir yazmadım. Gərək yazaydım...

 

“Qarabağ”dan o soyuq noyabr gecəsi möcüzə gözləmirdik, amma o penalti və qırmızı vərəqə olmasaydı, indi başqa mövzulardan yazardıq. Ax, Miçel! O topu qapı dirəyinə yox, tora vursaydın, oyunun taleyi dəyişəcəkdi.

 

Bu penalti və qırımızı vərəqənin qabardılması “Qarabağ”ı müdafiə kimi başa düşülməsin. “Qarabağ”ın oyun baxımdan müdafiəyə ehtiyac yox idi, azlıqda qalsa da kişi kimi mübarizə apardı. Amma haqsızlıq adamı yandırır axı...”Çelsi” 20-ci dəqiqəyədək heç nə edə bilmədi. Meydanda o “Çelsi” yox idi...

 

 

Bunu isə hamından yaxşı oyunun hakimi görürdü. O səbəbdən qapımıza penalti, əsas müdafiəçimizə qırmızı vərəqə verdi. Bu penalti qərarı haqda Rusiya televiziyaları da danışdı, hakimi haqlı gördülər. Orda penalti verə bilərdi, amma verməsəydi də, ona “gözün üstdə qaşın var” deyən olmayacaqdı. Futbolda minlərlə belə vəziyyətlər görmüşük.

 

Qurban Qurbanov “mənə təsir edən odur ki, məgər bizə, Azərbaycan futboluna bu qədər kiçik baxırlar?” deyəndə tam haqlıdır. O epizod “Çelsi” nin qapısında yaşansaydı, o portuqaliyalı penalti verərdimi ? Verməzdi deyirəm, “oyuna davam” deyəcəkdi. Biz saf millətik, belə şeyləri çox düşünmərik. Amma hakimlərin də milləti var, rəğbəti və antipatiyası olan klublar və ölkələr var.

 

Üstəlik, “Çelsi”nin sahibi milyarder Abramoviç faktoru da var. Dünyanın hər yerinə əli çatır, istəsə, hakim Manuel De Souzanı yaxtasının tərkinə alıb dünyanın hər yerini gəzdirər. Sonra suya tullayar, yanına da bir cüvənəzən. Bu həm də Abramoviçə bir jest kimi izah edilə bilər, “gördün “Qarabağ”ı necə əl-ayağını yığışdırdım” jesti...

 

Portuqaliyalı hakim həmin gecə bir pislik idi meydanda, yalnız heç bir mənası olmayan hallarda “Çelsi”nin qaydanı pozduğuna qərar verirdi. O meydanda Rəşad Sadıqova qırmızı vərəqə vermək “Çelsi”nin qapıya yolunu açmaq idi.

 

“Çelsi”nin penaltiyə ehtiyacı yox idi” deyən Qurban Qurbanovla qəti razı deyiləm. “Çelsi” nin həmin dəqiqələrdə penaltiyə də, oyunçu üstünlüyünə də çox ehtiyacı var idi. Bunu da ona Souza adlı birisi hədiyyə etdi. Oyunun taleyi də bundan sonra dəyişdi.

 

 

“Qarabağ” “Çelsi”yə uduzmayacaqdı, bəlkə də qalib gələcəkdi. Bu oyunun taleyini yüzdə-yüz portuqaliyalı hakim dəyişdi, unudulası pislik deyil. Stadionun ab-havasına nəzərən bunu da yazım, gecə onun valideynləri, görəsən, yuxuda nə gördü...

 

 

İndi gələk əsas məsələyə. Futbol rəhbərliyinin ehtiyatlı mövqeyi adamı təəccübləndirir. Ay qardaşlar, nədən çəkinirik axı? Qarabağ davası da belə başlamışdı, erməni silahlananda bizim rəhbərlər deyirdi ki, ekstremistlərə uymayın. Sonra bu “ekstremistlər” gəlib Qarabağı işğal etdi.

 

İndi eynilə evimizdə-çöldə “Qarabağ”a qarşı bir ekstremizm nəzərə çarpır. Bu boyda haqsızlıq yerdə isə “malalama” siyasəti gedir. Deyin ki, bəli, mübahisəli idi, UEFA-ya şikayət verin, qoyun narahat olsun, desinlər ki, Azərbaycan klubuna sahib çıxır, bunda çəkinəsi nə var?

 

Belə olmadıqca, üstümüzə daha çox gedirlər, görmürsüzmü??? Qarabağla bağlı siyasətdə axsayırıq, indi heç olmasa “Qarabağ”ımızı imkan verməyək əzsinlər. Rusiya dopinqlə qızıl medal almış (hərçənd burda da Rusiyaya qarşı qərəzin olduğu şübhəsizdir) idmançılarını necə müdafiə edirlər, görmürsüzmü...

 

 

Biz susarıqsa, “Qarabağ”ı daha çox sıxacaqlar. Sonrakı peşmançılıq isə fayda vermir...

 

P.S. Ən maraqlısı odur ki, İngiltərə mətbuatı “Qarabağ”ın qapısına penalti təyin edən hakimin bu hərəkətindən yazarkən “Hakimdən ağılsız qərar” başlığı veriblər...

 

Nazim SABİROĞLU

Tarix: 23 Noyabr 14:00    Oxunub: 351    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 Dekabr 2017
15 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.