Azərbaycan futbolu bu həddə çoxdan çatmalıydı

Hər halda «Qarabağ» son iki matçda özünü göstərmək üçün əla psixoloji dəstək, fürsət qazanıb. Özü də «Roma»nın ev qələbəsi ilə aləmin bir-birinə dəydiyi, «Çelsi»də də suların bulanmağa başladığı bir dövrdə bu fürsətdən istifadə etməyə cəhd göstərmək zamanıdır.

 

Belə olarsa, «Qarabağ»a sensasiya ilə, optimal nəzəri şansının imkan verdiyi 2-ci pilləni demirəm, daha real olan 3-cü – Avropa Liqasına yerə real namizədliyini nümayiş etdirə bilər.


Canlı rəmzi totemi at olan bir kollektivin indi atları yəhərləməsi zamınıdır. Əlbəttə, hələ yarış başlayanda, bu qədər iddialı danışmaq olmazdı: iştah diş altındadır – tələblər mərhələ ilə törəyib artır. Mümkün ən mürəkkəb rəqib çeşidi ilə üz-üzə olan «Qarabağ» üçün ən çətin sınaq aşılıb – xal ehtiyatı, inamlı oyun var. Hələ püşk zamanı əksəriyyət komandanın döyülən bir «körpə» olacağını iddia edib, bu mərhələyə yüksəlməsinə şükür etsə də, bunu daha böyük məqsədlər uğrunda inkişafa zəmin olan fürsət kimi qiymətləndirməyimiz təsadüf deyildi. Nə yaxşı ki, «Qarabağ»ın bütün heyəti fürsəti zamanında dəyərləndirib, doğru qərar verdi və ümid edək ki, indi bununla kifayətlənməyəcək, çəkilən zəhməti heçə endirməyəcək. Çünki ortabablarla bir qrupda sayılan rəqiblərdən olmaqdansa, güclülərlə kəllə-kəlləyə gəlib əsl futbol uğrunda mücadilə aparmaq daha inkişaflı və təqdirəlayiq plandır. Belə olmasaydı, «Qarabağ» ötən 4 oyunda bütün müstəqil futbol tariximizin qət etdiyi məsafədən də uzağa addımlamaz, futbolun inkişafına 25-illik bir dövrünün qazancından da çox töhfə verdiyini söyləməzdik. Hərçənd bir faktı etiraf edirik ki, ötən illərin acılı-şirinli təcrübəsi olmasaydı, «Qarabağ»ın bu günü çətin yetişəydi. Və son həqiqət də budu ki, Azərbaycan futbolu bu həddə çoxdan çatmalıydı. Fəqət görünən budu ki, tarix, idmanımızın ümumi obyektiv inkişaf səviyyəsi ətalətli bir varlıq kimi bu sosial təbəqəni irəli itələyir. Bu gün növbəti uğura ümid qapısı belə açılır. Onun əsas sınağı qarşıdakı iki qarşılaşmadı.
KAMİL

 

Tarix: 22 Noyabr 19:13    Oxunub: 350    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 Dekabr 2017
15 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.