“Qarabağ”da çox fərqli bir dövr

Son dövrlər «Çelsi» durğunluq içindədi. Sabit oynasa da, inkişaflı tərz nümayiş etdirə bilmir. Bununla belə «Qarabağ» üçün bu komanda üslub və tərzinə görə qrupda ən çətinidi. Ağdam klubunun qazanacağı xalın qiymətini də birəbeş artıran elə bu amildi.
Söz yox, Azərbaycan çempionunun Madrid səfərində səhvləri az olmadı. Lakin kollektiv oyun, ələlxüsus müdafiə xəttinin, nəhayət, inkişaflı nizamı yekun nəticənin ən təsirli vasitəsi oldu. Çatışmazlıqlardan bəhs edərkən, hücum quruculuğunda böyük problemlərin olduğunu bir daha etiraf etmək lazımdır. Əks halda, «Qarabağ» qapıya ilk düz-əməlli zərbəni yarım saatın tamamına doğru vurmazdı. Axı, ilk 5 dəqiqədən sonra komanda artıq irəli atılmağa, rəqibə təzyiq etməyə başlamışdı. Belə dişsizliyin mühüm səbəbi heç də hücumçu qıtlığı, yəni onun meydanda nominal bir nəfər olmasıyla bağlı deyil. Bu quruculuq çoxşaxəli olmasa, lap əsas heyətdə iki forvard olsa belə, təsirsiz qalacaq. Bunun üçün top təchihatı, həm də cinah xətti boyunca davamlı və inkişaflı yüksəliş görməliyik. «Qarabağ»ın bunu tətbiq etmək üçün üstünlükləri də az deyil. bu xüsusda Ramil Şeydayevin oyunu üzərinə daha çox götürməyə başlamasının zamanı çatıb. Onun qapı ağzuna ötürmə etdiyi epizodu yada salsaq, məhz ürkəklik etməsəydi və daha inamlı olsaydı, ötürmə əvəzinə qapıya zərbəsi daha təsirli olardı. Amma tək bu deyil, hələ asta-asta «Qarabağ»a uyğunlaşmağa başladığını nümayiş etdirən futbolçu digər epizodlarda da, necə deyərlər, ikinci planda qalmağa üstünlük verir. Bəlkə bu, ümumi taktiki tapşırığın tərkib hissəsidir. Belədirsə, bunu səhv qərar da saymaq olar. Ramil daha fərqli potensiala malik oyunçulardandır. İstedadı onun çoxfunksionallığa meyilli omasını tələb edir. Özü bunu bir gün nümayiş etdirsə, «Qarabağ»da çox fərqli bir dövr başlaya bilər. Bu, məşqçi korpusuna ön xəttə doğru zəngin və çevik taktiki oyun tərzini tətbiq etməyə fürsət verər. Təəssüf ki, «Qarabağ»ın məşqçi korpusunun böyük çatışmazlıqlarından biri futbolçuların potensial imkanlarından yetərincə istifadə etməməsidir. Nəticə etibarı ilə bu, qədim Roma ibarəsində deyildiyi kimi, üslubu tez-tez çevirməyə imkan vermir.

 

 

ELNUR

Tarix: 22 Noyabr 18:36    Oxunub: 184    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

15 Dekabr 2017
14 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.