Bəy, bu ittihamları indi yox, işləyən vaxt səsləndirərdin

Qurban Qurbanovun milli komandaya ilə bağlı ilk qərarı ilə topu düz doqquzluğa vurdu. Əsas yığmamızın mətbuat katibi Elman Himayətoğlu olacaq.

 

Tanımayanlar üçün deyim ki Elman bəy uzun illər “Futbol+” qəzetində və İTV telekanalında işləyib. Son illərdə isə “Zirə”nin mətbuat katibi kimi fəaliyyət göstərib. İşini bilən bir peşəkardı. Təbrik edirəm, Elman!

 

Digər xəbər: AFFA Mirbağır İsayevın (U-17) və Təbriz Həsənovun (U-19) işinə da xitam verib. Hesabatların təqdimatından sonra qarşılıqlı razılıq əsasında hər iki baş məşçinin müqaviləsinə xitam verilməsi barədə qərar qəbul olunub. U-21 yığması onsuz da 2 aydı ki başsız qalıb (Samir Ələkbərov müvəqqəti olaraq təyin olunmuşdu).

 

AFFA-nın rəsmi saytı elan edib ki, U-19 və U-17 yığmalarının baş məşqçisi vəzifəsinə təyinatlar ilin sonuna qədər müəyyənləşəcək.

 

Bu arada Samir Əlekbərov, necə deyərlər, ürəyini boşaltdı. Sən dəmə, köməkçiləri (Aslan Kərimov və Cahangir Həsənzədə) ona sərbəst işləməyə imkan vermirdilər.

 

Sitatlar:
* Demək olar ki, işimi tam əllərinə almışdılar. Hətta Almaniyaya 1:6 hesabı ilə uduzanda Aslan və Cahangirə dedim ki, belə olmaz axı, baş məşqçi mənəm. Dedilər ki, səhvimizi başa düşdük.
*Mən onlara sərbəstlik verdim. Ancaq gərək çərçivədən çıxmayasan. Hər şeyin bir həddi var. Bütün məğlubiyyətlərə cavabdeh mən idim. Hamı gedir işinə, cavab verən mən oluram. Mətbuatla da üz-üzə qalıram, azarkeşlərlə də.

 

* Telefonum dayanmırdı. Hamı mənə futbolçu göstərirdi. "Niyə onu götürmürsən, bunu götürmürsən?" deyirdilər. Axırda dedim nə olub, bir dayanın görüm. Bəziləri ilə dava da etdim. Dedim, siz məni kimləsə səhv salırsız.

 

* Həmin təklifləri edən kimlər idi? Hamısı futbolumuzun qaymaqları idi. Ad çəkmək istəmirəm. Qoy, özləri görsünlər. Mən gecə evimdə də otura bilmirdim. Telefonum partlayırdı. İndi də həmin adamlar sevinirlər. Həmin şərəfsizlərə deyirəm ki, sevinməyin. Məni gic elədilər. Bundan sonra başıma hava gələ bilər. Üzlərinə də demişəm. Harda işləsəm, bilsinlər ki, mən Samir Ələkbərovam. Mən özüm işləyəcəm, qərarı özüm verəcəm.

 

... Nə deyim...Samir Ələkbərovu hamımız düzgün, sözü uzə deyən insan kimi tanıyırıq. Futbolçu olarkən Samir rəhmətlik Fuad Musayev ilə söz davasına çıxdı və AFFA-nın ovaxtkı prezidenti onu futboldan "sildirdi". Ancaq gərək Samir bəy bu ittihamları indi yox, işləyən vaxt səsləndirərdi.

 

Bunu niyə etmirdi? Çünki heç kimlə pis olmaq istəmirdi. Ümid edirdi ki, AFFA rəhbərliyi gələcəkdə onunla əməkdaşlığı davam etdirəcək. O ki gördü artıq vəzifədən qovuldu, başladı kimlərisi tənqid etməyə. Belə tənqid olmur, Ələkbərov!

 

Bir də ki Samir bəy... Azərbaycan futbolunda hamı bir birini tanıyır. Adam gərək öz potensialına obyektiv qiymət versin. Samir Ələkbərov özü da bilir ki, bir məşqçi olaraq bu vəzifəyə layıq deyildi. Müasir futbolda assistent "fişka daşımır", sözün əsl mənasında, baş məşqçiyə kömək edir.

 

Əslində bu cür açıqlamalar verməklə Samir bəy öz-özünü ifşa etdi. Adam sanki hələ də 80-ci illərdə yaşayır. Aslan Kərimovu müdafiə etmək fikrim yoxdu. Əksinə, bir mütəxəssis kimi o məni qətiyyən qane etmir.

 

Kərimovun analizlərini, efirdə səsləndirdiyi şablon fikirlərini da bəyənmirəm. Dostlar, gəlin, Samir Ələkbərovdan gəhrəman düzəltməyək. Bir də şahid olduq ki, Azərbaycan futbolunun ən böyük bəlası məhz dünya futbolu ilə ayaqlaşa biləcək məşqçilərin demək olar olmamasıdı. 

 

Yeri gəlmişkən, məşqçi kurslarında dərs deyənlərdən biri də Aslan Kərimovdu...

 

Erkin İbrahimov

Tarix: 20 Noyabr 16:36    Oxunub: 522    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

15 Dekabr 2017
14 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.