Yunis Hüseynov "Kəpəz"ə yeni baş məşqçi təyin olundu

“Kəpəz”in yeni baş məşqçisi müəyyənləşib. 


Sportinfo.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Müşahidə Şurası (MŞ) bu vəzifənin Yunis Hüseynova həvalə olunmasını qərara alıb.  


MŞ-nın sədri Elmir Vəliyevin namizədliyini irəli sürdüyü Yunis Hüseynov şuranın üzvləri tərəfindən tam dəstəklənib. Beləliklə, Hüseynov “Səbail” ilə oyundan sonra istefa verən Şahin Diniyevi baş məşqçi postunda əvəz edib.


Gəncə futbol məktəbinin yetirməsi olan Yunis Hüseynov karyerasına “Kəpəz”də başlayıb. O, Nizami yurdunun təmsilçisi ilə yanaşı, “Neftçi” və “ANS Pivani”də də çıxış edib, İranda legioner həyatı yaşayıb.

 

Milli komandanın şərəfini qorumuş Hüseynov futbolçu kimi Azərbaycan çempionu və ölkə kubokunun qalibi olub. İki dəfə ölkənin ən yaxşı futbolçusu seçilib, ən yaxşı idmançı kimi “Humay” milli mükafatına layiq görülüb.

 

Oyunçu karyerasını “Kəpəz”də başa vuran sabiq yarımmüdafiəçi məşqçilik fəaliyyətinə “Karvan”da (Yevlax) başlayıb. Daha sonra “Standart” (Bakı) və “Xəzər Lənkəran” (Lənkəran) kimi klublarda baş məşqçi işləyib.

 

Yunis müəllim Yevlax klubu ilə Azərbaycan çempionatının bürünc və gümüş medallarını qazanıb. Lənkəran təmsilçisi isə onun rəhbərliyi altında ölkə çempionatında 2-ci yeri tutub. Hər iki komanda 52 yaşlı mütəxəssisin başçılığı ilə qitə miqyaslı turnirlərdə təmsil olunub və mərhələ adlayıb.

 

Yeri gəlmişkən, “Karvan” UEFA Kuboku turnirində mərhələ adlayan ilk Azərbaycan klubu olaraq adını futbolumuzun tarixinə yazıb.

 

“Xəzər Lənkəran” isə ilk dəfə məhz Yunis Hüseynov ilə Avropa yarışında mərhələ keçib. Yunis Hüseynov komanda üzvlərinə noyabrın 21-də təqdim olunacaq.

Tarix: 20 Noyabr 13:12    Oxunub: 169    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 Dekabr 2017
15 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.