Mirbağır İsayevə haqsızlıq

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi - Mahmud Qurbanov, köməkçisi Aftandil Hacıyev.

 

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi - Adil Şükürov.

 

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi - Zaur Həşimov.

 

Adları medianı “bəzəyən“ real namizədlər... Dünən kimlər sükan arxasında var idisə, bu gün onlardan yalnız Vüqar Məmməd qalıb. U-15 və U-16 ondan alınmayıb. Yaşar Vahabzadə bir qədər qabağa düşdü, ayrıldı.

 

Onu U-21-də 3 oyunluq əvəzləyən Samir Ələkbərovun işi də alınmadı, fiaskoya uğradı. Təbriz Həsənovla Mirbağır İsayev isə “ayrılıq qatarı”na son minənlərdi. Əslində, gedənlərdən yalnız İsayev istefasına qarşı çıxıb. Postu ilə vidalaşmaq fikrində olmadığını o, 1 ay əvvəldən bildirmişdi.

 

Sportinfo.az bu mövzuya ilk dəfə mayda toxunub. Yazdıqlarımız günü-gününə doğrulandı. AFFA-dakı mənbələrə istinadən məlumat vermişdik ki, növbəti Avropa çempionatı həlledicidi, istənilən mənfi nəticə millilərin məşqçi korpusunda əyləşənlərin “başını aparacaq”. Budu, oldu.

 

Mirvari kimi ioə düzülən istefaların Qurban Qurbanovun əsas yığmaya təyinatından az sonraya təsadüf etməsi kimsəni çaşdırmasın. Bu bir təsadüf... Bir-biriylə əlaqəsi yox. Ələkbərov, İsayev və Həsənovun iş yerini itirməsini “Qurbanovun islahat dalğası” kimi qəbul və iddia edənlərin qələminin mürəkkəbi həqiqəti əks etdirmir.

 

AFFA rəhbərliyi bu qərarı alanda, Qurbanovun millidə nə izi var idi, nə tozu. Baş katib Elxan Məmmədov özünə yaxın çevrəylə söhbətində islahatların anonsunu vermişdi. Qurbanovu sabiqlərlə üz-üzə qoyanlar, zəhmət deyiilsə, saytımızın arxivinə baş çəksin.

 

Samir Ələkbərov 3 oyuna 1 xal topladı. 21 yaşlılar Almaniyaya hər iki qarşılaşmada böyükhesabla uduzdu – 1:6 və 0:7. Qitənin debütantı Kosovaya da bakıda qalib gəlməyi bacarmadılar. Mətbuata sızan xəbərlər, ardınca toz-tozanaq qoparan qalmaqallar gənclər millisində dəyişiklikləri zəruri etdi.

 

Təbriz Həsənov 8 il olardı ki, millilərdə düşəgə salmışdı. AFFA mənsubları bu müddətdə çox canfəşanlıq göstərdi, çox istədi ki, “Snikers Təbriz”dən nəsə qayırsın. Bir şey çıxmadı. Vaxtilə “Kəpəz”dən oğurluq üstündə qovulan Həsənova inanılmaz ıest və güzəştlər etdi. Ordan-bura, burdan-ora.

 

Bpyük imtiyaz sahibi olmasa da, “toxunulmazlıq” statusu almışdı elə bil. Əvəzi əvəz olmadı amma. Beş seçmə mərhələyə komanda çıxartdı, birində də üz güldürmədi. Hamısında qrupda/sinifdə qaldı. Belə bədayaq və başarısız birinin milliyə gətirilməsi bir ayıbdısa, saxlanılması iki ayıb idi. Məhəbbət birtərəfli olmur, bu işin içində də bir iş var. “Əl əli yuyar, əl də qayıdıb üzü” işi.    

 

Haqsızlıq Mirbağır İsayevə qarşı oldu. Ona qapı göstərilməməli idi. 17 yaşlılarda iki dəfə (2008 və 2014-cü illərdə) Avropa çempionatının elit-raunduna vəsiqə qazanan mütəxəssisə daha bir şans verilməliydi,

 

Bolqarıstanda keçirilən qitə birinciliyinin ilkin “ələmələri”ni 3-cü pillədə bitirən komandanın uğuruzluğa süçar olma səbəblərini başqa yer(lər)də axtarmaq lazım idi, onda deyil. Əsas heyetin 6 aparıcı fiquru olmadan Balkan yarımadasına yollanmış, ölkə xaricində məhdud sayda toplanış keçirmiş, gündəlik qonorarsız səfərə çıxmış yığma ev sahiblərini məğlubiyyətə uğradıbsa, bunun özü bəraətdi.

 

KiçiK təsəlli yerinə. Necə olur, federasiya, Təbriz Həsənova, Nazim Süleymanova, başqalarına 2 il və daha çox şans verə bilir, İsayevə yox? Qurum rəsmiləri onun əliylə “otkat” toplaya bilmirdi? Nazirlikdə, aparatda adamı yox idi? Həsənov 5 dəfə seçmə mərhələni keçmədiyi halda, ona gözünün üstdə qaşının olması xəbərdarlığı edilmir, 2 dəfə elit-rauna vəsiqə qazanan İsayevə isə ikinci il millidə işləmək razılığı verilmir. Niyə?

 

U-17 yeganə komandadı ki, tərkibi təmiz azərbaycanlılardan ibarətdi. 16 yaşlılardan tutmuş, ta əsas milliyədək hamısında əcnəbiləri, milliləşdirilənləri, pasportu saxtalaşdırılanları görürük, saymaqla qurtarmaz. Isayev son illərdə görülməyən ilkə imza atdı: düşərgəyə bir nəfər də əcnəbi/legioner cəlb etmədi,

 

Avropa çempionatına sırf yerlilərlə, həqiqi soydaşlarımızla yollandı. Istəsəydi, sağdan-soldan 3-5 legioneri milliləşdirə, onların hesabına mərhələ adlaya bilməzdi? Amma o, nə etdi? “Daxili bazarın məhsulları”na üstünlük verdi, onları Azərbaycan futboluna qazandırdı. AFFA bütün bunları necə görməzdən gələ bilər?

 

İsayev millilərdə çalışmış tək-tük mütəxəssislərdən biri idi ki, futbolçuların valideynləri üçün “alış-veriş mərkəzi” açmamışdı, tapşırıqla, sifarişlə, xahiş-minnətlə iş görmürdü. Vüqar Məmməd kimdi, nə vaxt məşqçi oldu ki, federasiya iki yığmanı dünənki uşağın sərəncamında saxlayır? Isayev bu ayrı-seçkiliyin qurbanı olmamalıydı. . Kim(lər) bu qərara imza atıbsa, ona qarşı ciddi səhv edib. Altını çəkəcəklər. 

 

ELNUR

Tarix: 20 Noyabr 12:24    Oxunub: 387    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 Dekabr 2017
15 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.