"Hər dəfə narahat olurdum ki, sonu necə nəticələnəcək"

Bu gün Topaz Premyer Liqasında XII tura yekun vurulub. Turun son görüşü “Bakcell Arena”da keçirilib. “Qəbələ” səfərdə “Neftçi”nin qonağı olub. “Qırmızı-qaralar” səfər matçına heyətdəki bəzi dəyişikliklərlə çıxıb.

 

Ötən turun “Səbail”lə görüşündə “11-lik”də yer alan oyunçulardan Rasim Ramaldanov, Stiven Monroz, Tellur Mütəllimov və Ekiqo Ehiosun bu dəfə start heyətindən kənarda qalıblar. Əvəzində Roman Qriqorçuk Elvin Məmmədov, Asif Məmmədov, Deyv Bultuis və Dion Maloneyə şans verib. 

 

Matç qarşılıqlı hücumlarla başlayıb. İlk dəqiqələrdə “Qəbələ” üstünlüyü ələ almağa çalışsa da, meydan sahibləri topa nəzarəti rəqibə verməyib. Hər iki komandanın hücumları şəraitində davam edən ilk yarıda paytaxt təmsilçisi hesabı açmağa daha çox imkan qazanıb.

 

Dmitri Bezotosnının qapısı önündə real qol vəziyyətləri yaranmasa da, müdafiəçilər bir neçə dəfə rəqibin əlverişli mövqeyə çıxmasına əngəl olublar. Hesab isə 19-cu dəqiqədə açılıb. Künc zərbəsindən sonra Emin Mahmudov “Neftçi”ni hesabda önə çıxarıb. Bu, komandalar arasındakı duellərdə 100-cü qol olub.

 

Buraxılan topdan sonra əvəzetməni zəruri hesab edən Qriqorçuk Ruslan Qurbanovu meydana buraxıb. Məhz onun qazandığı künc zərbəsi qolla nəticələnib. Qismət Alıyevin qapı önünə qaldırdığı topu Baqali Dabo başla qola çevirib.

 

Bununla da Dabo Premyer Liqada qol sayını 6-ya çatdırıb və bombardirlər cədvəlində vahid liderliyə yüksəlib. O, “Qəbələ”də 17-ci qoluna imza atıb. Hesabda tarazlıq yaranandan sonra komandaların səylərinə baxmayaraq, fasiləyədək komandalardan heç biri üstünlük qazana bilməyib.

 

“Qəbələ” ikinci hissəyə oyunçu dəyişikliyi ilə başlayıb. İlk yarının sonlarında zədələnən Malone yerini komanda yoldaşına verib. Qarşılaşmanın ikinci yarısı kəskin hücumlarla diqqət çəkib. Fasilədən az sonra meydan sahiblərinin fəqlənməsinə qapı tiri mane olub.

 

Ancaq bakılılar tezliklə istəyinə də çatıb. Növbəti künc zərbəsindən sonra Kiril Petrov baş zərbəsi ilə fərqlənib. “Neftçi”nin üstünlüyü ilk yarıda olduğu kimi yenə çox çəkməyib. Ardıcıl hücumlar təşkil edən “Qəbələ” penalti imkanı qazanıb. Cərimə meydanına daxil olan Famussa Koneyə qarşı kobudluğa görə təyin olunan zərbəni Ruslan Qurbanov dəqiq yerinə yetirib.

 

“Qırmızı-qaralar”ın heyətinə 8-ci qolunu vuran hücumçu 3-cü dəfə 11 metrlik nöqtədən fərqlənib. Bu nəticə komandalardan heç birini qane etmədiyindən azarkeşlər rəqiblərin ifasında ardıcıl təhlükəli hücumlar izləyib.

 

Dabonun qapı dirəyindən dönən zərbəsi, Stiven Monrozun cərimə meydanı daxilindən yaxın küncə göndərdiyi topun qapıçı tərəfindən dəf olunduğu epizodlar yaddaqalan olub.

 

“Neftçi” isə Emin Mahmudov və Rəhman Hacıyevin zərbələri ilə Bezotosnını narahat edib. Lakin ukraynalı qapıçı səhvsiz oynayıb. Paytaxt təmsilçisinin hücumlarından birində topu ələ keçirən komandamız sürətli əks həmlə təşkil edib. Asif Məmmədovun ötürməsindən sonra cərimə meydanınadək irəliləyən Monroz “Qəbələ”ni hesabda önə çıxarıb - 3:2.

 

Bu, legionerin “qırmızı-qara” formada 4-cü qolu olub. Görüşün sonunadək hər iki qapı önündə daha bir neçə qol vəziyyəti yaransa da, arxa xətt oyunçuları hesabın dəyişməsinə imkan verməyib. Beləliklə, “Qəbələ” səfər oyununda 3 xalı əzmkar qələbə ilə qazanıb – 3:2.
 

Roman Qriqorçuk: “Oyundan razı qaldıq. Müsbət hisslərimiz var. Qalib gəldik ki, əsas olan da bu idi. Bu 3 xal çox vacib idi. Elə vəziyyət idi ki, turun son matçında oynayırdıq və ehtiyatda oyunumuz olsa da, digərlərindən geri qalırdıq. Buna görə də ən sevindirici və ən vacibi qazanılan qələbədir.

 

Hava mübarizəsində boy fərqindəki santimetrlər rol oynamadığına əminəm. Əsas burada oynamağı bacarmaqdır. Onlarla məqam var ki, futbolçular bunu bilməli və yerinə yetirməlidir. Hər iki qolu künc zərbəsindən buraxdığımıza üzgünəm. Hər belə epizodda narahat olurdum ki, sonu necə nəticələnəcək.

 

Belə görünür ki, bu oyun komponenti üzərində çalışmağın vaxtı çatıb. Hərçənd hesab edirəm ki, bununla məşğul olmaq lazım deyil. Hesab 2:2 olanda tabloya baxır və hələ çox vaxtın qaldığını görürdüm. Bilirdim ki, meydan da çox şeylər baş verə bilər və qalib gəlmək üçün nələr etməli olduğumuz barədə fikirləşirdim.

 

Elvin Məmmədov kimi təcrübəli futbolçu bir neçə səhv etdi. Növbəti künc zərbələrini düşündüyümdən onu əvəzlədim. Futbolçu funksiyalarını düzgün icra edə bilmirsə, dəyişiklik olmalıdır. İlk dövrədəki ilə müqayisədə daha çətin qələbə qazandıq.

 

“Neftçi”nin işlərinin necə getməsi haqda fikir bildirmək istəmirəm. Əvvəllər də demişəm bu komanda potensiala malikdir. Oyunçu seçimi, adı var və “Neftçi”nin daha yaxşı olacağına şübhə etmirəm. Real olaraq ciddi rəqibi udmağımız qələbəni daha xoş edir.

 

Toplanışla bağlı planlar hələ kağız üzərindədir. Təəssüf ki, sonradan bəzi oyunlar alınmır. Buna ciddi yanaşıb, qarşılaşacağımız komandalarla anlaşma imzalasaq da, bəzən müxtəlif səbəblərdən baş tutmur. Hələlik dəqiq heç nə deyə bilmərəm.

 

Hər hansı sınaq matçının keçiriləcəyi tarixlə bağlı konkret anlaşma hələ yoxdur. Heyət barədə onu deyə bilərəm ki, hələ işlər gedir. Bəzi futbolçular hələ də tam uyğunlaşmayıblar. Zədə üzündən də kənarda qalanlar olur. Qış fasiləsindən sonra daha aydın vəziyyət yaranacaq”.

 

“Neftçi” – “Qəbələ” 2:3
“Bakcell Arena”, 2500 tamaşaçı  
Baş hakim: Əliyar Ağayev
Baş hakimin köməkçiləri: Zeynal Zeynalov, Akif Əmirəli         
Dördüncü hakim: Orxan Məmmədov   
AFFA nümayəndəsi: Sakin Məmmədzadə   
Hakim-inspektor: Əli Hüseynov   
Sarı vərəqələr: Anton Krivotsyuk, 55 (qeyri-idman hərəkəti) // Elvin Camalov, 61 (qeyri-idman hərəkəti)

 

Qollar: Emin Mahmudov, 19; Kiril Petrov, 48 // Baqali Dabo, 22; Ruslan Qurbanov, 56 (p.); Stiven Monroz, 80
Artırılan vaxt: I hissədə 2 dəq.; II hissədə 3 dəq.
 
“Neftçi”
94. Rəşad Əzizli
21. Məhəmməd Mirzəbəyov
25. Kiril Petrov
5. Anton Krivotsyuk
15. Ruslan Abışov (k)
6. Rəşad Sadiqov
10. Derlis Meza Kolli
17. Rəhman Hacıyev
8. Emin Mahmudov
9. Uqo Barqas
(22. Mirabdulla Abbasov, 66)
11. İqnasio Herrera
(7. Namiq Ələsgərov, 74)
Ehtiyat oyunçular:
53. Maksim Vaylo
27. Məqsəd İsayev
23. Tərzin Cahangirov
26. Ömər Buludov
16. Pavel Dreksa
3. Mateo Mujek
12. Daniel Seqovia
Baş məşqçi: Tərlan Əhmədov
“Qəbələ”
22. Dmitri Bezotosnı
3. Voislav Stankoviç
4. Elvin Camalov
6. Elvin Məmmədov
(10. Ruslan Qurbanov, 21)
8. Qismət Alıyev
9. Baqali Dabo
11. Asif Məmmədov
21. Deyv Bultuis
16. Dion Omar Malone
(28. Stiven Monroz, 46)
34. Urfan Abbasov (k)
45. Famussa Kone
(90. Ekiqo Ehiosun, 87)
Ehtiyat oyunçular:
23. Aqil Məmmədov
35. Murad Popov
15. Vitali Vernidub
17. Roman Hüseynov
18. İlqar Qurbanov
19. Filip Ozobiç
29. Hacıağa Hacıyev
70. Ülvi İsgəndərov
88. Tellur Mütəllimov
Baş məşqçi: Roman Qriqorçuk

Tarix: 20 Noyabr 09:12    Oxunub: 126    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 Dekabr 2017
15 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.