LAYİHƏ: İcra başçısının müavini U-15 Liqasının oyununda

Dünən «Boulevard U-15 Liqası»nda 9-cu turun oyunları keçirilib. Əvvəlki turlardan fərqli olaraq bu dəfə bütün oyunlar eyni gündə baş tutub. «Neftçi»nin məcburən buraxdığı tur həmçinin, bir neçə gözlənilməz nəticə ilə yadda qalıb.

 

«Vətən» - İsgəndər Cavadov BFA 7:1

Turun açılış oyunu «Neftçi Baza»da keçirildi. Çempionluğa iddialılardan olan  «Vətən» birincilikdə hələ də qələbə üzünə həsrət qalan İsgəndər Cavadov BFA-nı qəbul etdi. Oyun gözləndiyi kimi meydan sahiblərinin üstünlüyü şəraitində keçdi. Bunu hesabdan da görmək olar. Hesab demiş, ilk qol «məktəblilər»dən gəldi. Emil Əzizli fərqləndi. Amma az sonra qonaqlar hesabı bərabərləşdirdilər. Buna baxmayaraq, fasiləyə az qalmış Elvin Abdullayev «Vətən»i hesabda önə keçirdi – 2:1.

Fasilədən sonra İlqar Mənsimovun komandası bütün komponentlərdə rəqibi üstələmişdilər və daha 5 dəfə onları məyus etdilər. İkinci hissədə Elvin Abdullayev «het-trik» edərək bu oyunda vurduğu qolların sayını 4-ə çatdırdı. Digər iki qol isə Şahin Kərimlinin aktivinə yazıldı.

Bu qələbə sayəsində 2-ci pillədə qərarlaşan «Zirə» ilə xallarını bərabərləşdirdi. Top fərqinə görə hətta onları keçdi də. Çünki «Zirə»…

 

«Turan» - «Zirə» 1:1

Ən gözlənilməz hesab Tovuzda qeydə alındı. Bu tura kimi 2-ci pillənin sahibi olmuş «Zirə»nin «Turan»la oyunda xal itirəcəyi inandırıcı deyildi. Amma bu, futboldur və gözlənilməz hesablar hər zaman qeydə alına bilər. Hər iki komanda ilk hissədə bir neçə real qol şansını boşa verdi. Fasilədən sonra da nisbi üstünlük «Zirə»nin tərəfində idi və oyunun başa çatmasına bir neçə dəqiqə qalmış qonaqlar istəklərinə çatdılar. Künc zərbəsindən sonra müdafiəçi Cəlal Hüseynov fərqləndi. Oyunun başa çatmasına 3-4 dəqiqə qalmış cərimə zərbəsindən sonra cərimə meydanına ötürülmüş topu Kənan Kərimov qonaqların qapısından keçirdi – 1:1.

Heç-heçə sayəsində «Turan» aktivindəki xalların sayını 9-a çatdırdı. Qeyd edək ki, Ruslan Hüseynovun yetirmələri ardıcıl 3 oyundur ki, meydanı məğlub olmadan tərk edirlər. Son oyunlar bu komandada artım müşahidə olunur. «Zirə»yə gəldikdə isə, itirilən 2 xal onlara baha başa gələ bilər. Liderdən 5 xal geri düşmək bir yana, «Zirə» qalib gəlməmək üzündən 2-ci pilləni də əldən verdi. Liderə gəlincə…

 

«Qəbələ» - «Kəpəz» 2:0

Bu oyunu turun mərkəzi qarşılaşması da adlandırmaq olardı. Gözlənildiyi kimi Rakif Əliyevin komandası bu oyunda qalib gəldi. Amma böyük zəhmət bahasına. Qonaqların «beton» müdafiə qurmalarına baxmayaraq, matçın başa çatmasına 4 dəqiqə qalmış «beton»da «çat» yarandı. Özlərinə aid cərimə meydançasında rəqib futbolçuya qarşı qaydanı pozan gəncəlilərin qapısına penalti təyin olundu. Mehrac Baxşəliyev fürsəti boşa vermədi. Matçın əsas vaxtına əlavə olunmuş 1-ci dəqiqədə isə meydan sahibləri 2004-cü il təvəllüdlü İxtiyar Məmiyevin ifasında vurulan qolla yekun nəticəni müəyyənləşdirdilər – 2:0.

 

«Sumqayıt» - «Zaqalata» 1:1

«Səbail» - İOEUGİM 1:2

Turun daha bir sensasiyası Sumqayıtda qeydə alındı. Çempionatın ortabablarından olan «Sumqayıt» autsayder «Zaqatala» ilə oyunda vacib 2 xal itirdi – 1:1. Sumqayıtın digər təmsilçisi İOEUGİM isə «Səbail»lə səfər oyununda 3 xalı aktivinə yazdırdı. Təəssüf ki, qeyri iş günü olması səbəbindən protokolların AFFA-a təqdim edilməməsi bu oyunlar haqqında geniş bilgi almağımıza imkan vermədi.

 

«Qarabağ» - «Neftçi» İK İB 1:0

Ötən tur çətin Gəncə səfərindən sonra 1 xalla bakıya qayıdan «Qarabağ»ı bu tur nisbətən asan rəqib gözləyirdi. «Neftçi» İK İB-nin axırdan 2-ci yerdə olması, həmçinin, indiyə kimi keçirdiyi 7 oyunda cəmi 2 qol vurması bu komandanın real gücündən xəbər verirdi. Gözlənildiyini kimi oyunda «Qarabağ» qalib gəldi. Matçın 2-ci dəqiqəsində Musa Musazadə fərqləndi. Oyunda qalan 68 dəqiqə ərzində tərəflərin heç biri fərqlənməyincə, qarşılaşma 1:0 hesabı ilə başa çatdı.

 

«Viləş» - «Keşlə» 2:3

Turun ən dramatik oyunu Masallıda keçirildi. Matçın favoriti «Keşlə» sayılsa da, qazanılan qələbə qonaqlara heç də asan başa gəlmədi.

Matçda erkən qol vuruldu. Artıq, 2-ci dəqiqədə Mirsəlim İsayev «Viləş»i hesabda irəli çıxardı. Buraxılan qoldan özlərini itirməyən qonaqlar təxminən 10 dəqiqə ərzində 2 dəfə fərqləndilər. Hər iki qolun müəllifi Xəyal İbrahimov oldu. Hər şeyin «yağ kimi» getdiyi bir anda qonaqlar hissənin sonuna yaxın ikiqat zərbə aldılar. Komandanın qapıçısı Elmar Əzizov son ümid foluna görə hakim tərəfindən meydandan qovuldu. «Keşlə»nin qapısına təyin olunmuş cərimə zərbəsindən sonra qapı önündə yaranmış qarmaqarışıqlıqda isə Orxan Quliyev topu qapıya göndərə bildi – 2:2.

Azlıqda qalmalarına baxmayaraq, Xəyal Mustafayevin komandası ikinci hissənin ortalarında qələbə topunu vura bildilər. Əli Tağıyevdən ideal ötürmə olan Xəyal boş qapını dəqiq nişan almaqla «het-trik»ini rəsmiləşdirdi. Bu, Xəyalın son 2 oyunda vurduğu 5-ci qoldur.

Yeri gəlmişkən, oyunu xeyli azarkeşin izlədiyini də qeyd etmək lazımdır. Onların arasında Masallı rayon İcra Hakimiyyəti başçısının müavini Nəsir Muxtarlı da var idi. 

U-15 Liqasında 10-cu turun oyunları noyabrın 25-26-da keçiriləcək: «Zirə» - «Sumqayıt», İsgəndər Cavadov BFA – «Turan», «Keşlə» - «Vətən», İOEUGİM – «Viləş», «Kəpəz» - «Səbail», «Neftçi» İK İB – «Qəbələ», «Neftçi» - «Qarabağ». Oyunların başlama vaxtı və məkanı haqqında əlavə məlumat verəcəyik.

 

Sportinfo.az

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir. 

 

Tarix: 19 Noyabr 15:39    Oxunub: 452    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

15 Dekabr 2017
14 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.