“Oyun alğı-satqısı ilə bağlı əsl bazar Premyer Liqadadı”

Bu həftənin ilk iş günündə AFFA rəhbərliyinin oyun alğı-satqısı ilə bağlı birinci divizon klublarının rəsmilərini toplantıya dəvət etməsi və onlara bir daha xəbərdarlıq ediləməsi ondan xəbər verir ki, ötən mövsüm həyata keçirilən tədbirlər istənilən nəticəni verməyib.

 

UEFA-nın danışılmış oyunlarla bağlı yerli nümayəndəsi Kamran Cəbrayılov da cari mövsümdə də bəzi şübhəli matçlarla bağlı siqnal aldıqlarını etriaf edib. Və araşdırma apardıqlarını vurğulayıb. Ötən mövsüm “Şərurspor”la “Rəvan”ın “suyu bulandırdıqları” deyilirdi.

 

Bəs görəsən, 2017/18 “futbol ili”ndə nəfsinə sahib çıxa bilməyənlər kimlərdi? Yəqin ki, Cəbrayılovun təbirincə desək, qısa vaxtda araşdırmaların nəticələri ictimaiyyətə təqdim olunacaq. Bəs görəsən, ötən mövsüm “radara düşən” “Şərurspor”un prezidenti Sərdar Bağırov yaşananlara necə münasibət göstərir? Bu məqsədlə dünən sabiq klub prezidentini aradıq (Futbol+).
 

Bir ilə yaxındı ki, prezidenti olduğunuz “Şərurspor” çempionatdan kənarlaşdırlıb. Cari mövsümdə birinci divizonda keçirilən oyunları izləyirsiz? İzləyirsizsə, hansı dəyişiklikləri müşahidə etmisiz?
- Divizon elə həmin divizondu, oyun alğı-satqısı da əvvəlkindən daha çoxdu. “Şərurspor”u ləkələyərək çempionatdan uzaqlaşdırdılar. Ancaq heç kim ortaya bir fakt qoymadı ki, komandani məhz bu səbəbdən aşağı dəstədən kənarlaşdırdıq.
 

Ancaq iddia edirsiz ki, bu gün də aşağı dəstədə xoşagəlməz olaylar yaşanır...
- Bəli. Ortada heç nə olmasaydı, nəyə görə bugünlərdə klubları başlarına toplayıb iclas keçirirdilər? Uşaq məktəbdə nadinclik etməsə, müəllim onun valideynini məktəbə çağırar? Məncə, toplantı keçirib klublara öyüd-nəsihət verənlər ilk növbədə özləri düz yolda olmalıdılar. Unutmayın ki, balıq başdan iylənir. Çirkaba bulaşan da özləridi, ona-buna çamur atan da.

 

Çox iddialı açıqlamalar verirsiz, AFFA rəhbərliyinə qarşı kəskin çıxışlar edirsiz. Çəkinmirsiz ki, bütün bunlardan sonra başınız ağrıyar? 
- Heç kimdən çəkinmirəm, ancaq bəzən həmin şəxslərin hansısa formada mənə qarşı təzyiqlərini hiss edirəm. Bu gün hamı birinci dəstədən danışır. Ancaq heç kim nədənsə, premyer-liqada başverənləri qabartmır. Oyun alğı-satqısı ilə bağlı əsl bazar elitadadı.
 

Sərdar bəy, başa düşürsüz ki, bu çox ilginc iddiadı. Əlinizdə hansısa faktlar var?
- Lazım olsa, xaricdə olan bəzi adamlarla sizləri tanış edərəm. Onlar sizə Azərbaycan futbolunda olan bazarla bağlı yetərincə fakt təqdim edə bilərlər. Həmin informasiyalar mənə də çatır.

 

Bu sualı verməyə məcburuq. Nəyə görə həmin məlumatlar məhz Sərdar bəyə ötürülür? Nədi sizin marağınız?
- Mənə heç kim durduğu yerdə informasiya ötürmür. Özüm maraqlanıram, araşdırıram və fakt əldə edirəm. Ötən müsahibələrimin biridə sizə dedyim kimi, ilin sonunda həmin dəlil-sübutları mətbuata ötürüb kimin-kim olduğunu ortaya qoyacam. Onda biləcəksiz ki, “Şərurspor”suz Azərbaycan futbolunda nələr yaşanır.
 

Sizcə, bu bazarın qarşısını almaq üçün nə etmək lazımdı?
- İlk növbədə AFFA-nın baş katibi və vitse-prezidentlər yola salınmalıdı. Ondan sonra yeni rəhbərliklə sağlam çempionat təşkil etmək olar. Mənə hələ də maraqlıdı, nəyə görə bizdə nə premyer-liqada, nə də divizonda medal qazanan komandalara pul mükafatı verilmir? AFFA rəhbərliyi 7-8 kluba pul verib, onları ələbaxan öyrədincə, samballı mükafat fondu təyin etsin, klublar da həmin mükafat uğrunda mübarizə aparsınlar. Misal üçün divizonda ilk pilləni tutan komanda üçün 500 min mükafat təyin olunsun. Belə olan halda kluba sponsorluq edənlər normal maaş qarşılığında komanda formalaşdıracaq. Yaxşı məvacib alan futbolçu isə heç vaxt əyri yollara baş vurmaz. Ancaq görünür, assosiasiyanın indiki rəhbərliyinə bu variant sərf etmir. Hamını özlərindən asılı vəziyyətdə saxlamaq üçün aylıq 5-10 manat klublara pul ayırırlar.
 

Müsahiblərinizin birində demişdiz ki, Rövnəq Abdullayevin etibar etdiyi insanlar onun etimadından sui-istifadə edərək, futbolun inkişafına ayrılan vəsaiti şəxsi məqsədləri üçün istifadə edirlər. Bugünlərdə “Kəpəz”də yaşananlar hardasa siz deyənləri təsdiq etdi.
- “Kəpəz” də yaşananlar nədi ki? Bu böyük ümmanda xırda bir damladı. Mikayıl yazıq 5-10 manat pul yeyib-yeməyib hamı onun qarasına döşəyir. Açığı, onu heç tanımıram və necə insan olduğunu da bilmirəm. Onun etdikləri əjdahaların etdikləri ilə müqayisədə toz dənəciyidi. Daha iri ranqlı futbol məmurlarının fəaliyyəti araşdırılmalıdı. Onda görəcəksiz ki, illərboyu dövlətin bu idman növünə ayırdığı vəsait hara axıb. “Kəpəz”in nə büdcəsi var ki, Nərimanoğlu da nə yesin?
 

Siz daim Qurban Qurbanov haqda ağızdolusu danışmısız. Bu gün Qurban bəy yığmanın baş məşqçisidi. Onun təyinatını necə qarşıladız?
- Elxan Məmmədovdan olsaydı, yığmanı bu dəfə də hansısa əcnəbiyə tapşırardı. Onun üçün əcnəbi ilə əməkdaşlıq etmək daha sərfəlidi. Ancaq Qurban müəllim “Qarabağ”da gördüyü işlərlə onun bu istəyini gözündə qoydu. Görünür, bu dəfə tapşırıq elə yerdən gəlib ki, baş katib artıq istəyini həyata keçirə bilmədi və Qurbanovun təyinatı gerçəkləşdi. Mənə elə gəlir, Qurban müəllim bu dəfə də millinin “sükanı arxasına” keçməsəydi, yaxın vaxtlarda Avropa klublarının birindən iş təklifi alacaqdı. Ümid edirəm ki, onun rəhbərliyi altında yığma bizi sevindirməyi bacaracaq. 

Tarix: 19 Noyabr 00:20    Oxunub: 525    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 Dekabr 2017
15 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.