"Heç kim diqtə edə bilməz ki, filan futbolçunu götür"

"AFFA-nın baş katibi Elxan Məmmədovla görüşüb, hesabatımı təqdim etdim. Qarşılıqlı razılıq əsasında əməkdaşlığa son verdik. Normal qarşıladım. Çünki, həqiqətən də, nəticələr uğursuzdu”. 

 

Sportinfo.az xəbər verir ki, bunu “report”a açıqlamasında 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi postunu tərk edən Təbriz Həsənov deyib.


50 yaşlı mütəxəssis bildirib ki, yığmadakı işinə son verilməsi məntiqli addımdır. Onun sözlərinə görə, nəticələrin yaxşı olması üçün əlindən gələni edib: “Avropa çempionatının ilkin seçmə mərhələsində 3 oyun keçirdik.

 

İkisində uduzub, birində heç-heçə etdik. Yəni qarşıya qoyulan məqsədə çata bilmədik. Bununla da AFFA ilə əməkdaşlığa son verdik. Artıq başqa təklifləri gözdən keçirməli olacağam”.

 

T.Həsənov aşağı yaş qrupları üzrə yığma komandalara rəhbərlik edən mütəxəssislərin heyətə sifarişlə futbolçu cəlb etmələri yönündə iddialara münasibət bildirib.

 

O deyib ki, futbol sektorunda çalışan şəxslərin hansısa oyunçunu yoxlamağı xahiş etməsi halları olub və bu, normaldır: “Lakin heç kim diqtə edə bilməz ki, filan futbolçunu götür. Ehtiyac olsa, kimisə yoxlamaq olar.

 

Yığmalarda milliləşdirmə ehtiyacdan irəli gəlir. Rəqabət lazımdır. Nəticələr öz yerində, bəzi futbolçularda inkişaf var. Deməzdim ki, hamısında irəlilyiş müşahidə olunur. Lakin məşqlər öz faydasını verir. Sadəcə indiki nəsil bir az gec qavrayır.

 

Təxminən, 7-8 il əvvəl işlədiyim uşaqlara bir şeyi uzağı 2 dəfə deyirdim, götürürdülər. İndi 10 dəfə söyləyirsən, xeyiri olmur. Xarakter bir yana, qavrama problemi var. Sanki məsuliyyətsiz böyüyürlər. Söhbət bir neçə nəfərdən getmir. Vəziyyət ümumən belədir”.

 

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının ilkin seçmə mərhələsində Kiprə 1:2, Serbiyaya isə 1:4 hesabı ilə uduzub. Təbriz Həsənovun rəhbərlik etdiyi kollektiv yalnız İrlandiya ilə qolsuz bərabərə qalmağı bacarıb və 1 xalla yer aldığı VII qrupda sonuncu yeri tutub.

Tarix: 18 Noyabr 21:36    Oxunub: 320    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 Dekabr 2017
15 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.