Samir Əliyev: "İindidən qışda kimlərlə yollarımızı ayıracağımızı müəyyənləşdiririk"

“Səbail”in baş məşqçisi Samir Əliyev Topaz Premyer Liqasının 12-ci turunda "Kəpəz"ə səfərdə 3:2 hesabı ilə qalib gəldikləri oyundan sonrta mətbuat konfransında iştirak edib.

 

Sportinfo.az xəbər verir ki, gənc mütəxəssis öncə matç haqda fikirlərini bildirib:

 

- Hər iki komandaya qələbə lazım idi. "Kəpəz"in durumu məlum idi. Gərgin matç oldu. Sevinirəm ki, bu çətin matçdan 3 xalla ayrıla bildik. 

 

Hesabda 2 top irəlidə və say üstünlüyünə malik olsanız da, rəqib hesabı bərabərləşdirə bildi. Komanda niyə dayandı?
- Bu, mənə də maraqlı, qəribə gəldi. Oyunu təhlil edib bunu aydınlaşdıracağıq. Açığı, həmin anda çox narahat oldum. Yaxşı ki, yenidən hesabda irəli çıxa bildik. Ancaq bu zaman da üstünlüyümüzü əldən verə bilərdik. 

 

Sizcə, hakim oyunu çoxmu korladı? Rauf Cabbarov matçın ipini əldən vermişdimi?
- Heç bir penalti haqda fikir söyləyə bilmərəm. Çünki həmin epizodlardan uzaqda idim. Ancaq qırmızı vərəqəni haqlı sayıram. Rəqib futbolçu da dedi ki, oyunçumuzu vurub. Bu isə qırmızı vərəqədi.

 

Komanda hücum etsə də, müdafiəçiləriniz rəqibə hədiyyələr verməklə məşğul idi. Belə arxa xətlə uzağa getmək olarmı?
- Yox. Hər mövqedə problemimiz var. Ümumiyyətlə, heyətlə bağlı problemlərimiz çoxdu. Biz bunu yaxşı bilirik, siz də kənardan görürsünüz. Rəhbərliklə söhbətləşəcəyik. Artıq indidən qışda kimlərlə yollarımızı ayıracağımızı müəyyənləşdiririk. Artıq indidən axtarışa çıxmışıq. Qarşıda kuboku da nəzərə alsaq, 6 oyunumuz var. 

 

Həmkarınız Şahin Diniyev bildirdi ki, qırmızı vərəqə oyuna həlledici təsir göstərdi. Siz bu fikirlə razısınız?
- Bəli, tam razıyam. Qırmızı vərəqə olmasaydı, bizə daha çətin olardı. Onda nəticənin necə olacağını demək çətin olardı. Şahin müəllimə uğurlar arzulayıram

 

Yəqin ki, gələcək komandalarında uğurlar demək istədiniz. Çünki o, artıq istefa verib...
- Bunu bilmirdim. Təəssüf edirəm. Bu qərar mənim üçün gözlənilməz oldu. Mən hələ ilk dövrədə "Kəpəz"ə qalib gələndə də demişdim ki, Diniyev ən yaxşı məşqçilərimizdən biridi. "Kəpəz" onun vaxtında yaxşı oyun göstərirdi. 

 

Maraqlıdı ki, çempionatda 2-ci istefa da məhz "Səbail"lə oyundakı məğlubiyyətdən sonra reallaşdı. Birinci Elxan Abdulayevin "Neftçi"dən gedişi olmuşdu. Belə çıxır ki, siz rəqibləriniz üçün arzulolunmaz baş məşqçisiniz?
- Bu, futboldu. İstefa hər baş məşqçinin başına gələ bilər. Mən də nə vaxtsa postundan gedə bilərəm. Belə olmasını istəməzdim. Təəssüf edirəm ki, belə alındı. 

 

"Kəpəz"in futbolçuları oyunçularınızı tez-tez bilrərkdən yerə uzanaraq vaxtı uzatdıqlarından gileylənirdilər...
- Mən də razıyam ki, belə olmaz. Düzdü, Avropanın hər yerində belə hallar olur. Ancaq mən bunun tərəfdarı deyiləm. Nəticədən asılı olmayaraq, sonadək oynamaq lazımdı. Düzdü, ola bilər ki, futbolçu ciddi zədələnib. Ancaq zədə yoxdursa, bilərəkdən uzanaraq vaxtı uzatmağa qarşıyam. Gördüyünüz kimi, buna görə futbolçularıma etirazımı bildirdim.

Tarix: 18 Noyabr 19:00    Oxunub: 169    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 Dekabr 2017
15 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.