"Ələkbərovla köməkçiləri arasındakı narazılıqdan xəbərimiz var idi"

"AFFA aşağı yaş qrupları üzrə bütün komandalara lazımı şəraiti yaradıb. Bunun müqabilində, U-17 və U-19 yığmalarımızın qarşısına elit-raunda vəsiqə qazanmaq tapşırığı qoyulmuşdu. Məşqçilərin taleyi belədir, nəticə olmayanda postlarını tərk edirlər”. 


Sportinfo.az xəbər verir ki, bunu AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov müvafiq olaraq, 17 və 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmalarının baş məşqçiləri Mirbağır İsayevlə Təbriz Həsənovun istefaya göndərilməsini şərh edərkən deyib.

 

O bildirib ki, uğursuz nəticələrdən sonra məşqçilərin özlərinin istefa verməsi daha doğru olardı. V.Sadıqovun sözlərinə görə, indiki vəziyyətdə M.İsayev və T.Həsənovla əməkdaşlığın davam etdirilməməsi məntiqli qərardır.

 

Təcrübəli mütəxəssis 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinə 3 oyunluq baş məşqçi təyin edilən Samir Ələkbərovla köməkçiləri Aslan Kərimov və Cahangir Həsənzadə arasında yaşanan qalmaqala da münasibət bildirib.

 

O, məsələdən öncədən xəbərdar olduğunu deyib: “Samir Ələkbərovla köməkçiləri arasındakı narazılıqdan xəbərimiz var idi. Almaniyaya 1:6 hesablı məğlubiyyətdən sonra məşqçilərlə görüşümüz olmuşdu.

 

Səfər qarşılaşmasında Məşqçilər Komitəsini Böyükağa Hacıyev təmsil etmişdi. O, Samir Ələkbarova demişdi ki, Almaniyada kimin baş məşqçi olduğunu anlamadım. Ələkbərov həmin vaxt ciddi bir şeyin baş vermədiyini, köməkçiləri ilə yaxşı dil tapdığını söyləmişdi.

 

Əlavə etmişdi ki, bəzi nüansları öz aralarında həll ediblər. Yəni bunu problemə çevirməmişdi. Onunla yanaşı, Aslan Kərimovu da dinləmişdik. Demişdik ki, bir-birinizə dəstək olun. Kərimov da ararında ciddi problemin olmadığını vurğuladı”.

 

V.Sadıqov S.Ələkbərovun futbol təsərrufatında yer alan şəxslərin ondan yığmaya oyunçu götürməyi xahiş etmələrinə də aydınlıq gətirib. O bildirib ki, heyət seçimində son sözü baş məşqçi deyir və heç kimi məcburi yığmaya cəlb etmək mümkün deyil:

 

“Kimin nə dediyini bilmirəm. Məşqçilər Komitəsi tərəfindən heç vaxt heyət seçimi ilə bağlı baş məşqçilərə hansısa göstəriş verilməyib. Son sözü baş məşqçilər deyir. Biz sadəcə əldə olan futbolçularla bağlı müzakirələr aparıb, fikirlərimizi bölüşmüşük. Sifarişlə yığmaya oyunçu göndərməyə heç kimin səlahiyyəti çatmır”.

Tarix: 17 Noyabr 10:48    Oxunub: 260    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 Dekabr 2017
15 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.