"Qəbələ"nin legionerinə Azərbaycan vətəndaşlığı təklif olundu

 "Qəbələ"nin futbolçusu Filip Ozobiçə Azərbaycan vətəndaşlığı təklif olunub.


Sportinfo.az xəbər verir ki, bu barədə xorvatiyalı yarımmüdafiəçi yerli "24 saat" nəşrinə açıqlamasında bildirib.


26 yaşlı oyunçu belə bir ideya barədə özünün də eşitdiyini söyləyib. Lakin o, vətəndaşlıq almaq üçün Azərbaycanda 5 il yaşamasının vacibliyini vurğulayıb:

 

"Mən cəmi 2 ildir buradayam. Amma daha çox qalaraq, vətəndaşlıq almağa etiraz etməzdim. Niyə də yox? Şərait əladır. Klub da kiçik Dubayı xatırladan Bakıya köçüb. Burada xeyli neft, çoxlu yeni bina var. "Formula-1" yarışı da keçirilir.

 

10 min nəfərlik kiçik şəhər olan Qəbələyə oyundan bir gün əvvəl gedir və klubun Xorvatiyada bənzəri olmayan bazasında qalırıq. Klubun sahibi bizə jest etdi. Bakıda qalmaq Qəbələ ilə müqayisədə xeyli rahatdır".

 

"Azərbaycan Premyer Liqası Xorvatiya çempionatından bir qədər zəifdir. "Qarabağ" və "Qəbələ" "Hayduk"la Zaqreb "Dinamo"su kimidir. Qalan bütün komandalar isə aşağı səviyyəlidirlər. Lakin çempionat normaldır və burada yaxşı oyunçular çıxış edir" deyən Ozobiç Azərbaycanda Xorvatiya çempionatının da yayımlandığını və bunun inanılmaz olduğunu vurğulayıb.

 

O, səbəb kimi Robert Prosineçki amilini göstərib: "Prosineçki Azərbaycan millisinə rəhbərlik etdiyi vaxt hamı onun gördüyü işlərdən şoka düşmüşdü. Bu mütəxəssis Azərbaycan futbolu üçün əla işlər gördüyündən, onu bütün anlamlarda razı salmağa çalışırdılar. Bəli, həqiqətən də Xorvatiya çempionatı burada yayımlanırdı (gülür - red.). İnana bilmirdim".


Rəfiqəsi Niveslə birgə yeni mühitə öyrəşdiyini deyən Ozobiç Bakının tıxaclarından şikayətlənib: "Tıxaclar dəhşətlidi. Yollarla elə hərəkət edirlər ki, bunu heç yerdə görməmişəm. Onlar üçün heç bir zolaq qayda və işarə yoxdur.

 

Hamısı eyni vaxtda qaydaları pozur. Düşünmürəm ki, burada özüm maşını idarə edə bilərəm. Ona görə də çox ucuz olan taksidən yararlanıram. Bilmirəm qiymətləri necə ifadə edim. Yanacağın bir litri 3 kundursa, fikrimcə, hər şey aydındır".

 

Filip Ozobiç "Qəbələ"yə 2016-cı ilin yayında keçib. O, Xorvatiya yığmasının heyətində 2 yoldaşlıq görüşündə forma geyinib. Bir müddət zədəli olan legioner "Qəbələ" ilə yeni müqavilə bağlamasının mümkünlüyünü də açıqlayıb:


"Hazırkı müqaviləm mövsümün sonuna qədərdi. Amma artıq anlaşmanın uzadılması istiqamətində danışıqlara başlamışıq. Hesab edirəm ki, komandada qalacam".

Tarix: 17 Noyabr 09:12    Oxunub: 260    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 Dekabr 2017
15 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.