"Dedi ki, mən onu yığmaya çağırmayacam, mən də dedim, Allah canını sağ eləsin!" - Yaşar Seyidov

“Samir müəllim bütün heyəti özü müəyyənləşdirib. Valehlə bağlı dedikləri məğlubiyyətə haqq qazandırmaqdır”.
 
Sportinfo.az xəbər verir ki, bu sözləri “Bakı”nın vitse-prezidenti Yaşar Seyidov U-21 yığmasından ayrılan Samir Ələkbərovun oğlu Valeh Seyidovla bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib. O, Ələkbərovun ittihamlarına cavab verib:
 
“Birincisi, Valehi çağırmaq ondan xahiş olunmayıb. İndi də deyirəm və bəyan edirəm ki, mən Valehə görə heç kimdən heç nə xahiş etməmişəm, etməyəcəm də. O, Azərbaycan çempionatında bütün liqaların bombardiri olub.

 

Samir müəllim deyib ki, mən Valehi harasa dəvət edirdim. Heç yerə də çağırmayıb. Onun bu vaxta qədər milli komandalarda oynamamasının səbəbini özüm də bilmirəm. Valeh liqalarda bombardir olsa da, həmişə millidə onun mövqeyində milliləşdirilmiş legionerlər oynayıb.

 

Bu gün həmin futbolçuların heç biri milli komandanın heyətində yoxdur. Qurban müəllimin də qeyd etdiyi kimi bunlar düzgün strategiyanın olmamasından irəli gəlir. Lap tutaq ki, kimsə Samir müəllimə nəsə deyib. O, Valehi milliyə çağırmadı ki! Sadəcə, diqqətdə saxlamaq üçün müraciət edə bilərlər.

 

Mənə maraqlıdır ki, Samir müəllim bir neçə nəfərə görə ona müraciət olunduğunu desə də, təkcə Valehin adını çəkib. Mən onun yerinə utandım. Heç gözləməzdim. Bu gün Samir Ələkbərov Almaniyaya 0:7 hesablı məğlubiyyətə və Kosovo ilə heç-heçəyə görə cavab verməlidir.

 

Almanları başa düşdük, güclüdürlər. Bəs hələlik normal çempionatı keçirilməyən Kosovo ilə oyundakı heç-heçəyə nə ad vermək olar? Bunları niyə oyundan qabaq demirdi?”
 
Yaşar Seyidov Ələkbərovu yığmaya “lipa” futbolçuları cəlb etməkdə və oynatmaqda günahlandırıb: “İkinci ən böyük problem odur ki, Samir müəllim bunları deyir, amma millidə 3-4 yaş saxtalaşdırılmış uşaqlar haqqında danışmır.

 

O uşaqlar heç vaxt əsas milliyə gəlməyəcəklər. Hamı bilir ki, Valeh “lipa” deyil, 1996-cı il təvəllüdlüdür. Əgər Samir müəllimin cəsarəti varsa, futbolçuları necə saxtalaşdırdıqlarından və Olimpiya milisinə cəlb etdiklərindən danışsın. Bu sözləri Samir müəllimə yaraşdırmadım.

 

Ola bilər, Valehi həmin futbol adamları məsləhət görüblər, ancaq deməyiblər ki, gətir oynat. Almaniya ilə oyundan qabaq onunla yas mərasimində görüşdük. Hələ heyət açıqlanmamışdı. Valehlə bağlı danışdıq.

 

Mənə dedi ki, Antalyada təlim-məşq toplanışı olacaq, istəyirəm ora dəvət edim. Mən də dedim ki, necə istəyirsən, elə et. Sonra da dedi ki, mən onu yığmaya çağırmayacam. Mən də dedim ki, Allah canını sağ eləsin. Bu, bizim dostluğumuza, qohumluğumuza heç bir təsir göstərə bilməz. Aramızda çox gözəl münasibət olub.

 

İndi bunları mətbuata çıxarmaq nə deməkdir? Utandım onun yerinə. Ona deyiblər ki, belə bir futbolçu var, onu dəqqətdə saxla. Onun kiminsə xahişi ilə yığmaya gətirib oynadılmasına razı olmaram. Söz tapa bilmirəm, amma Samir müəllim haqqında da pis fikir yürütmək məqsədim yoxdur”.
 
Samir Ələkbərov müsahibəsində İsgəndər Cavadov, Oqtay Abdullayev və Novruz Əzimovun ona Portuqaliyanın III liqasında çıxış edən “Louletano”nun hücumçusu Valeh Seyidovu milliyə çağırmaqla bağlı təkid etdiklərini bildirib. (qol.az)

Tarix: 17 Noyabr 08:36    Oxunub: 344    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 Dekabr 2017
15 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.