Mikayıl Nərimanoğlu kimə və niyə görə hədəf götürülüb?

AFFA Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin sabiq rəhbəri Mikayıl Nərimanoğlu, axır ki, susqunluğa son verdi. 

 

“Kəpəz”in Müşahidə Şurasından geri çağırılan, ardınca AFFA-dakı postundan da göndərilən Nərimanoğlu hesab edir ki, hələlik danışmaq üçün uyğun zaman deyil:

 

“Yoxlamanın tam bitməsini gözləyək. Hər şey dəqiqləşəndən sonra bizim də deməyə sözümüz olacaq. “Kəpəz”in mühasibi Mənsurə Məmmədova nə deyibsə, sağ olsun.

 

Kiməsə cavab vermək istəmirəm. Tezliklə hər şey aydınlaşacaq. Gəncə hansısa yeyinti olmayıb. Sənədlərlə bağlı müəyyən problemlər var idi. Səhvi etiraf edirəm, amma yeyinti olmayıb”.


Maraqlı və iradəli açıqlamadı. O. bir neçə kəlmə ilə bir çox mətləblərə aydınlıq gətirib. Eyhamla olsa da. Hələ nələrinsə üstü açılmayıb, amma açılacaq. Nərimanoğlunun götürdüyü 7-10 günlük “taym-aut” kifayət etdi ki, kimin kim olması aydınlaşsın, müəyyən qüvvə/şəxslərin, əslində, hansı mənsəbə qulluq etməsi bilinsin. 

 

Bu müddətdə mediada çox şeylər yazıldı, çox iddialar irəli sürüldü, bəldə də qəsdən belə görüntü yaradıldı ki, “Kəpəz” yağ-bal içində üzüb, Nərimanoğlu isə büdcəni “silib-düpürüb”. Klubdan dışlanmış 1-2 şəxsin aranı qatmaq niyyəri ilə onu hədəf seçməsi təsadüf deyildi. Çünki Müşahidə Şurasının üzvünü bu dairə daxilində ən “zəif bənd” hesab etdilər və mətbuatın vasitəsilə üstünə “hücuma çəkdilər”.

 

Propaqanda qısa müddətdə ildırım sürətiylə elə geniş vüsət aldı ki, bütün maxinasıyaların başında Nərimanoğlunun adı hallandı, qeyrisinin bu işlərdə iştirakı nəzərdən yayındı. Düşünülmədi ki, Nərimanoğlu niyə 7-10 gün kölgəyə çəkildi, nəyi gözlədi? Və o da hesaba qatılmadı ki, bir gün danışacaq.

 

SOCAR-dan göndərilən auidit qrupunun təhqiqatının nəticələri hələ ictimaiyyətə açıqlanmayıb, ancaq Nərimanoğlu 3-4 kəlməylə bu prosesdən müqəssir çıxmayacağına əminlik ifadə edir. Çünki onun da deməyə çox sözü, masanın üstünə yatıracağı çox faktı var. 


Gül və gün kimi aydındı ki, “Kəpəz” haqda yayılan son informasiyalarda gerçək məqsəd Nərimanoğlunun vızifədən uzaqlaşdırılmasına nail olmaq deyilə gerçək məqsəd Elxan Məmmədovu AFFA-nın baş katibi kimi son vaxtlar möhkəmlənən mövqeyini sarsıtmaqdı. Ona görə qurşaqdan aşağı zərbələr təyinat verdiyi kadrd dəyir.

 

Ümumiyyətlə, hələ bilmək və demək olmaz ki, Gəncə klubundan maliyyəni kim və nə vaxt çəkib. Audit yoxalamaları başa çatmamış bir nəfərin “vurulması” üzərində ictimai rəy formalaşdırmaq nə deməkdi? Buna çalışanlar məgər bilmir ki, Nərimanoğlu soyuq çayını stəkana süzüb içəndi, çox ehtiyatlı birisidi?

 

O, 3 ilə yaxındı “Kəpəz”də ancaq bu işlərlə məşğul olsaydı, nə üçün SOCAR-ın nümayəndələrini klubu yoxlamağa özü dəvət edirdi? “Kəpəz” Premyer Liqada çıxış etməyə başlayandan neft şirkətinin auditləri maliyyə sənədlərinin təftişinə birinci burden başlayıb. Hansı gözükölgəli məmur belə eləyər?

 

Bir şey ki, aparılan yoxlamaların sonucunun onun üçün necə nəticələnəciyini öncədən bilir. Deməli ki, büdcənin Nərimanoğlu tərəfindən yağmalanması real deyil, o, sadəcə, hədəfə tuş gəlib. Başqa sözlə, qurunun oduna yaş da yanır.


Audit başa çatsın, nəticə açıqlansın, onda baxarıq ki, nə nədi, kim kimdi. Təəssüf doğuran bir məqam da odu ki, Nərimanoğlu barədə mənfi agitasiya aparan media quruluşlarının əksəriyyəti son dönəmlərədək ona yaxınlığı ilə bilinib. O, AFFA-nın sözçüsü olaraq, yaxud qeyri-rəsmi şəkildə həmin çevrəyə hərtərəfli dəstək verib, bir addım önə çəkib. Sabah üzünə necə baxacaqlar, görəsən? Nərimanoğlu AFFA-da qaldı-qalmadı, futbolda oldu-olmadı. Bakı balaca yerdi, burda hamı bir-birini tanıyır, gec-tez üz-üzə gələcəklər. 


Xəzər Hikmət

Tarix: 16 Noyabr 11:48    Oxunub: 446    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 Dekabr 2017
15 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.