Qurban Qurbanov üçün B variantı – Nə, niyə, necə edəcək?

UEFA-nın yeni layihəsi olan Millətlər Liqasının dəstələri və səbətlərinin açıqlanması Azərbaycanın potensial rəqiblərinin aslarına aydınlıq gətirib. D liqasında çıxış edəcək yığmamız qrup mərhələsində 11 mümkün rəqiblə görüşə bilər.


Liqanın ən yüksək reytinqli komandası olan millimiz yanvarın 24-də baş tutacaq püşkatmada I səbətdə yer alacaq. Digər səbətlərdən gələcək rəqiblər də komandamızın dişinə görə olmalıdı.


II səbətdə yer alan Ermənistanla qrupda düşə bilmədiyimizdən, burdan 3, digərlərindən 4 rəqiblə üzləşməyimiz mümkündü. Tarixə nəzər salıb, bu komandalarla əvvəlki oyunlarımızın nəticələrinə görə ən münasib qrupu müəyyənləşdirmək mümkündü.
 
II səbət
Ermənistan – qarşılaşmamışıq və qrupda görüşə də bilmərik. AVRO-2008-də eyni qrupda yer alan komandaların duellərinin baş tutmasında UEFA da aciz qalmış və hər iki milli tsikli 2 oyun əskik keçirməklə bitirmişdi.
 
Latviya – Sonuncu dəfə 13 il öncə - 2004-cü ildə qarşılaşdığımız Baltikyanı ölkə təmsilçisi ilə 3 oyunumuz baş tutub. Bütün görüşlər də heç-heçə başa çatıb. Əsrin əvvəllərində özündən söz etdirən rəqibimiz indi idealdan uzaq səviyyədə olduğundan bu komandadan çəkinməyə əsas yoxdu.
 
Farer adaları – Şimallılar yığmamızın tarixinə düşən komandadı. Çünki ilk böyük hesablı qələbəmizi 1996-cı ildə bu rəqib üzərində əldə etmişik – 3:0. Lakin həmin matç komandalar arasında yeganə oyun kimi qalıb. 21 ildə xeyli güclənən adalılar son tsikldə Latviyanı da arxada qoymağı bacarıb.
 
Lüksemburq
– II səbətin ən təhlükəli komandası hesab etmək olar. Yoxlama oyununda udduğumuz rəqiblə seçmə mərhələlərdəki 2 qarşılaşmada bərabərliklə kifayətlənmişik. Müqavimətini qırmaqda çətinlik çəkdiyimiz lüksemburqluların son tsikdə Fransadan da xal alması onları arzuolunmaza çevirir.
 
III səbət   
Qazaxıstan
– Ən çox qarşılaşdığımız rəqiblər arasında 2-ci olan yığma eniş dövrünü yaşayır. Millimizlə 9 matçda ümumi üstünlüyə malik olan qazaxıstanlılarla seçmə mərhələdə 4 dəfə görüşmüşük. Komandalar hərəyə 1 qələbə və 2 heç-heçəyə imza atıb. Son tsikli qələbəsiz başa vuran yığma millimiz üçün çətinlik yaratmamalıdı.
 
Moldova – Son seçmə mərhələdə qələbə görməyən tanışımız Moldovadı. 9 dəfə görüşdüyümüz bu rəqib də şəxsi oyunlarda üstünlüyə malikdi. Amma son dueldə Bakı Olimpiya Stadionunda yendiyimiz komanda indi ən zəif dövrlərindən birini yaşayır.
 
Lixtenşteyn – DÇ-2018-in seçmə mərhələsini xalsız başa vuran “cırtdanlar” istənilən rəqib üçün arzulanan komandadı. Düzdü, 5 dəfə qarşılaşdığımız bu yığma millimizə 2 dəfə - qələbə və heç-heçə ilə badalaq da vurub. Seçmə mərhələlərdə ilk böyük hesablı qələbəmizi qazandığımız komanda bizim üçün 6 xal mənbəyi də hesab edilməlidi.
 
Malta – Son tsikli 10 oyunda qazanılan 1 xalla başa vuran ada ölkəsinin yığması uzun illər millimizin qənimi olub. Böyük hesablı məğlubiyyətlər aldığımız rəqibi son illərdə “asan yem”ə çevirə bilmişik. Seçmə oyunlarında da bunu göstərdiyimiz “cırtdan”la duellər millimizə də asan gəzinti vəd edir.
 
IV səbət
Andorra
– Uzun illər Avropanın ən zəiflərindən sayılan andorralılar həmişə yığmamıza çətin rəqib olub. 5 oyundan yalnız birində məğlub etdiyimiz “cırtdan” son tsikldəki çıxışı ilə də diqqət çəkib. Ardıcıl 5 seçmə mərhələdə xal qazanmayan andorralılar bu dəfə 4 xalla əsl “uğur” qazandı.
 
Kosovo – UEFA ailəsinin ən azyaşlı sakini indiyədək yığmamızla görüşməyib. DÇ-2018-in seçmə tsiklini sonuncu pillədə başa vuran balkanlılar əslində ideal rəqib deyil. Yığmamız üçün “sirli qutu” sayılan bu komanda ilə duellərdə az da olsa büdrəmək riski də var.
 
San Marino – Seçmə mərhələlərdə ikinci böyük hesablı qələbəmizi və ən çox qol vurduğumuz komandanı istənilən azarkeş yenidən Bakıda görmək istəyər. Çünki son tsikldə 6 xal aldığımız və evdə 5:1 hesabı ilə yendiyimiz rəqib çox münasibdi. DÇ-2018-in Avropa zonasının seçmə mərhələsinin ən zəif nəticəsi də bu komandaya məxsusdu.
 
Cəbəllütariq – İndiyədək qarşılaşmadığımız azsaylı Avropa ölkələrindən biri olan “cırtdan” da son tsikldə xal qazanmayıb. Qatıldığı ikinci mərhələni də belə uğursuz keçirən bu yığmanın seçmə xalı hələ də olmayıb.

 

UEFA və FİFA Millətlər Liqasının bütün dünya üzrə keçirilməsi ilə bağlı danışıqlara başlayıb. Artıq turnirin mümkün reqlamenti də müzakirə olunur.

 

Avropa Millətlər Liqası həm də AÇ-2020-yə vəsiqə verəcək, belə ki, yarışlar 4 divizionda keçiriləcək və bu divizionlarda hərəsində 4 komanda olan 4 qrup olacaq. Hər qrupun qalibi Avropa çempionatına vəsiqə qazanacaq.

 

Bundan əlavə, həmin dörd komanda bir üst diviziona da çıxacaq. Həmin divizionda ən pis nəticə göstərəcək 4 komanda isə aşağı diviziona yuvarlanacaq (apasport.az).

 

Azərbaycanın Millətlər Liqasında autsayderlər arasından seçilmək imkanını əsas gətirənlər bəlkə də buna sevinir. Amma bu yenilik Azərbaycan futbolunu ən azı daha 4 il geri atdı.

 

 

Çünki daha sanballı rəqiblərlə oynamaq üçün daha böyük stimul qazanan kollektiv indi autsayderlər arasında daha çox özünü təsdiq etmək məcburiyyətində qalacaq. Yəni hər şeyi təzədən başlamaq lazım gələcək.

 

Buna hazırıqmı? Gələn Avropa çemionatının Azərbaycan üçün kəsb etdiyi mına bir başqadı, əvvəlkilərdən daha əhəmiyyətli və qiymətlidi. Çünki AVRO-2020-nin 4 oyunu Bakıda düzənlənəcək, istər dövlət, istərsə də AFFA rəhbərliyi millimizin də final mərhələdə iştiraka ümid edir.

 

Bu, bu gün üçün rezallıqdan kifayət qədər uzaq prespektivdə görünsə də. Bütün gümanlar Qurban Qurbanovadı. O isə eyni vaxtda bir necə cəhbədə “sılaha sarılacaq”. “Qarabağ”la Premyer Liqa və ölkə kubokundakı mübarizəni hardasa ikinci sıraya çəkmək olar, əsas avrokubioklar və Biləcəridən o yanda əldə olunacaq nəticələrdi.

 

Milliyə gəlincə, həm qitə birinciliyinin seçmə mərhələsində, həm də Millətlər Liqasında vuruşmaq lazım olacaq. Bir adam neçə yerə bölünə bilər ki? Özü də əgər söhbər məsuliyyət və vicdamn abidəsi olan bisütun şəxsdən gedirsə.

 

O, çox iş görəcək. Hər addımını yüz ölçüb, bir biçən, hansı yükün altına çiyin verməsini anlayan Qurbanov Berti Foqtsun xarabazara çevirdiyi, Robert Prosineçkinin sahmana salmağa müəyyən dərəcədə müvəffəq olduğu millini daha da dirçəldəcəyinə, müqavimətədavamlı hala gəturəcəyinə əmindi.

 

Gücünü bilir, savadına arxayındı. Publikanın dəstəyini də nə vaxtdı arxasına alıb. Bu gün üçün zaman onun lehinə irəliləyir. Ancaq sabah…  Sabah deyəndə ki, qarşıdakı 1 il. Keçid dövrü olacaq. İstər-istəməz.

 

Millinin “Qarabağ”da bazalaçması Qurbanovun işini nisbətən yüngülləşdirəcək və yəqin ki, biz tezliklə onun dilindən yeni layihə barədə xəbər eşidəcəyik. B komandasından danışırıq. Hansı ki, əsas və gənclər yığması arasında körpü rolunu oynayacaq.

 

Qurban bəy U-21-in Almaniya da Kosovo ilə ev matçlarını canlı izləyib və kifayət qədər badbin notlar üzərində qurulan müsahibələr verib. Təcrübəli mütəxəssis özündənrazı gənclərə meydan verməyəcək. Mahir Mədətov və Budaq Nəsiriv kimi 2-3 nəfər istisna olmaqla. A millsində oyum praktikası az qazanacaq futbolçuları B komandasında toplayıb, Millətlər Liqasında ələkdən keçirəcək. 

 

MUSA

Tarix: 15 Noyabr 10:12    Oxunub: 402    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Noyabr 2017
18 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.