Mingəçevir, Şabran, Qobustan, Siyəzən, İsmayıllı Regional Liqada?

AFFA-nın təşkil etmək istədiyi yarış hələlik yalnız kağız üzərində mövcuddu. Planlar cızılıb, ona tez-tez düzəlişlər olunur, lakin həyata vəsiqə qazanması reallaşmır.
 
Region Liqasında noyabrın 10-a kimi bütün iştirakçılar bəlli olmalı, sabah – ayın 15-də ilk yarış start götürməliydi. Amma, ancaq, lakin...
 
3 zona üzrə minimum 24 komandanın iştirak edəcəyi yarış ən yaxşı halda noyabrın sonu – dekabrın əvvəlində başlayacaq. Ovaxta qədər iştirakçı komandalarla bağlı problemlər yoluna qoyulmasa, turnirin taleyi də sual altına düşəcək.
 
Ötən cümə yekun iclas kimi planlaşdırılan tədbirə cəmi 7 komandanın nümayəndəsi qatılıb. Həvəskar statusu daşıyacaq yeni turnirdə iştirak etmək istəyənlərin sayı məhz bu qədər olub. Son anda “Energetik” də geri addım atıb və AFFA pis vəziyyətdə qalıb.
 
Vəziyyətə aydınlıq gətirmək üçün yarışın təşkili ilə məşğul olan İşçi Qrupun üzvü, Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqovla əlaqə saxladıq:
 
“Həqiqətən problem var, bu da komandaların maliyyə çətinliyindən qaynaqlanır. Biz onlara bir qədər də vaxt vermək qərarına gəldik. Artıq “Qobustan” da yarışa qoşulmaq qərarı verdi və iştirakçıların sayı 8-ə çatdı.
 
Ötən 2-3 gündə müəyyən danışıqlar aparmışıq və yarışın baş tutması üçün ciddi problem yoxdu. Mingəçevir nümayəndəsi lazım olarsa, 2 komanda ilə təmsil oluna biləcəklərini deyir, Aran zonasından da 4 kimanda düzəltməyə çalışırlar”.
 
Sadıqov etiraf edir ki, əsas problem məhz maddiyyatla bağlıdı: “Sanki hamı divizionda olduğu kimi, bu yarışda da iştirakçılara AFFA-nın yardım etməsini gözləyir. Lakin bu, çox çətindi, AFFA-nın yükü onsuz da ağırdı. Dünənə kimi divizionda oynamaq üçün dava edənlər, indi bu yarışa qoşulmağa çətinlik çəkir. Vəziyyəti başa düşürük, amma zonalar üzrə yarışmaq böyük vəsait tələb etmir. İstənilən halda, yarış zonalara bölünməklə və qruplarda keçiriləcək. Ola bilər, zona sayında, qrupların tərkibində sayla bağlı fərqlər olsun. O dəqiqdi ki, iştirakçılar öz bölgələrində yarışıb, sonra final mərhələsinə çıxacaq”.
 
AFFA klub sayının azlığını görüb, bölgələrdə iş aparmaq qərarına gəlib. Bəlkə də çox gecikiblər, amma heç olmasa, indi ayılıblar. Komandalara öz rayonlarında maddi dəstək tapmaq üçün İşçi Qrupun üzvləri bugündən etibarən səfərlərə çıxır. Nümayəndələr yerli icra hakimiyyəti orqanları ilə vəziyyəti müzakirə etmək üçün müxtəlif rayonlarda olacaqlar.
 
Regional Futbol Federasiyalarının prezidenti, AFFA İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov bu gün Siyəzən və Dəvəçidə icra başçıları ilə görüşmək üçün yola çıxıb. 2 gündən sonra İşçi Qrup İsmayıllıya və digər rayonlara da gedəcək. Məqsəd qısa müddətdə say düzəltmək və Region Liqasının startına nail olmaqdı.
Tarix: 14 Noyabr 16:00    Oxunub: 236    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 Noyabr 2017
24 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.