Sən futbolçuya fəhlədən az pul verirsən, oyun satmayacaq?

Gözlənilən və planlaşdırılan toplantı baş tutdu. AFFA-nın inzibati binasında birinci divizionda çıxış edən klubların nümayəndələri ilə görüş keçirildi.


Tədbridə AFFA-nın baş katibi Elxan Məmmədov, PFL-in prezidenti Ramin Musayev, İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqov iştirak ediblər.


Baş katib divizionda ötən mövsüm danışılmış oyunlarla bağlı ortaya çıxmış problemləri xatırladıb, bir neçə klub, fubolçu, hakim və inzibati işçinin sanksiyaya məruz qaldığını deyib. AFFA-nın bu məsələyə çox həssas yanaşdığını qeyd edən Elxan Məmmədov danışılmış oyunlarla əlaqədar məsələlərin gələcəkdə də hər zaman diqqət mərkəzində saxlanılacağını vurğulayıb.
AFFA-nın Hüquq və Kadr Məsələləri Şöbəsinin əməkdaşı, UEFA-nın danışılmış oyunlarla bağlı AFFA-dakı nümayəndəsi Kamran Cəbrayılov xüsusi təqdimatla çıxış edərək danışılmış oyunlar, onlarla mübarizə üsulları, FIFA və UEFA-nın, həmçinin AFFA-nın İntizam qaydalarında bu problemlə bağlı öz əksini tapmış müddəalar barədə məlumat verib.
AFFA-nın Apellyasiya və Arbitraj Tribunalının üzvü Vasib Əkbərov idman oyunlarının nəticəsinin manipulyasiyası ilə əlaqədar məsələlərlə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsində xüsusi maddələrin olduğunu deyib, bu kimi neqativ hallarla əlaqədar müvafiq məlumatlar daxil olduqda cinayət işi açıla biləcəyini, prosesin hüquq-mühafizə orqanlarının nəzarətində olacağını qeyd edib.
İndi isə keçək medalın görünməyən üzünə. AFFA-nı UEFA ayağa qaldırıb, “Şüşəbənd”in içinə sığınanları İsveçrədən gələn məktub seli əl-ayağa salıb. Avropa futbol qurumunun xəfiyyələri divizionda oyun alqı-satqılarının bu gün də davam etməsiylə bağlı Bakıya xəbərdarlıq mesajları çəkib. Biz o serkulyar məktuibların içində nə yazılmasından oxucularımızı az-çıx məlumatlandırmışıq. 
Məsələ çox şişib. AFFA oyun “alver”in önləmək, bazarı “öldürmək” imkanında deyil. Ipi və izi itiriblər. UEFA-nın şühnələndiyi klubların əksəriyyəti elə federasiyanın öz çətiri altına sığınan, onlara yaxın klublardı. Indi yuxarı baxırlar bığdı, aşağı baxırlar saqqal. SOCAR vasitəsilə maliyyələşən komandalar AFFA-da əyləşən bir qrup insanın əlavə, güclü gəlir mənbəyidi. Onlara görə hər ay neft şirkətinin büdcəsindən külli maqdarda vəsait çıxır. Kim öz ayranına turş deyər? Birtəhər ört-basdır edəcəklər.
Çanaq yenə müstəqillik bayrağını üzərindən tamamilə endirməmiş azsaylı klubların başında çatlayacaq. Bu mənada, “Binə”, MOİK və “Xəzər”in günü qara əskiyə bükülməsə yaxşıdı. Başqaları “Rəvan” və “Şərurspor “kimi arxasız bilinmir ki, AFFA onların pişiyini ağaca dırmaşdırsın, sezonun ortasında çempionatdan kənarlaşdırsın. Doğrudan da, daş qayaya rast gəlib. AFFA-nın UEFA-nın növbəti xəbərdarlıq/təhdidlərindən canını necə qurtaracağını gözləməyə dəyər.
Oyun “alver”I yalnız divizionun sərhədləri daxilində getmir. Eyni hal Premyer Liqanı da öz ağuşuna alıb. Bu, yenilik deyil, çoxdankı söhbətdi, hələ də qüvvədədi. AFFA-nın barmaq silkələməsi və “x” klubu cəzalandırması çıxış yolu ola bilməz. Vəziyyət dərindən və hərtərəfli analiz olunmalıdı. Əslində, problemin kökündə maliyyə, frazanı bir qədər də açsaq, maliyyə kasadlığı dayanır. Divizion komandalarında maaşlar çox aşağıdı. Əsasən 300-400. Maksim əməkhaqqı alan ay ərzində 600-700 manatdan çox evə pul aparmır. Aylıq qazancı 100-150 manatı keçməyənlər üstünlük təşkil edir. Bu məbləğlə kim dolana, ailə saxlaya bilər. Biz “stavka”ya qurşanan klub rəsmiləri, məşqçi və futbolçulara qətiyyən haqq vermirik, onları bu yola girişməklərinə, haram tikəyə əl uzatmaqlarına görə şiddətlə qınayır, çirkinlikdən uzaq olmağa səsləyirik. Amma bu da bir gercəklikdi ki, 300-500 manat məvaciblə özünə gün-güzaran düzəltmək, gündəlik məsrəfləri qarşılamaq müşküldü: gərək 1 gün yeyib, 3 gün ac-yalavac qalasan. Futbol dünyanın hər yerində bahalı idman növü sayılsa da, Azərbaycanda bu, belə deyil, Yolu divizona düşən futbolçu kəndiri öz boğazına keçirməyə razılıq verən günahkara çevrilir. Yeyib-içəcəyi olmayan, hər səhər evdən məşqə gəlməyə 20 qəpik tapmayan, ata-anasının, övladlarının, xanımının üzünə vaxmağa utanan o bədbəxt oyunçu, təbii ki, günlərin birində “alternativ gəlir” barədə düşünəcək. Və bu “alternativ” dünyaya baş vurandan sonra bir də ordan çıxa bilməyəcək. Qeyri-leqal bukmeyker kontorlarının caynağına keçən futbolçunun həmin “gölməçə”dən xilası qeyri-mümkündü. Bir dəfə “əlaqə”yə girdisə, bitdi! Həmişəlik ordadı, istismar son günədək davam edəcək. Daha sərt, daha amansız. 
AFFA səbəbi burda axtarmalıdı. Klubların SOCAR-ın nəzarindən çıxmasına, özünüidarərtməyə keçməsinə şərait yaratmalıdı. Neft şirkətinə ağırıiq verməklə bu zərərli və get-gedə dəhşətli hal alan “xəstəliy”I sağalatmaq olmaz. Olmaz e, olmaz! AFFA və Peşəkar Futbol Liqası mövsümün starından az əvvəl birgə komissiya yaratdı, 5 kriteriyadan ibarər şərt paketini işə saldı, “Şahdağ”, “Göyçə”, “Karvan”, “Göyəzən”, “Energetik”, “Bakılı” kimi klubları qapının arxasına qovdu. Ona gərə ki, adlarının önündə böyük sual işarəsi yatırdı, qeyri-müəyyənlik var idi. Nə oldu, çempionat ağ xalata büründümü? UEFA-dan gələn həyəcanlı xəbərlərdən görürük ki, xeyr. AFFA problemi dövlət səviyyəsində qaldırıb, bu yolla iri iş adamlarını dibiziona çəlb eməlidi ki, komandalar təmiz hava alsın, futbolmu özünü əsl futbolçu kimi hiss etsin, gözü bukmeyker kontorlarının lövhəsində, əmsallar cədvəlində ilişib qalmasın. Ya da ki, divizionun yerli-dibli ləğv etsinlər. 
ELNUR

 

Tarix: 14 Noyabr 12:24    Oxunub: 382    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 Noyabr 2017
24 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.