Deyirəm, olmaya, Şahin Diniyev də aqnostikdi?..

Gəncədən şok xəbərlər gəlməkdədi. Getdikcə "Mikayılgeytın" təfərrüatları bəlli olur, Mikayıl Nərimanoğlu ifşa olunur. Bu dəfə özümdən heç nə yazmayacam.


Görün, “Kəpəz”də mühasib vəzifəsində çalışan Mənsurə Məmmədova Futbol+ qəzetinin reportyoruna nələr danışdı! Şahin Diniyevin keçmiş patronuna hər ay 3500 manat "otkat" verməsi da rəsmən təsdiqləndi, digər kart maxinasiyaları da.


Müsahibədən da hiss olunur ki Mənsurə xanım işini bilən, vicdanlı bir mühasibdir. Məmmədova dəfələrlə Mikayıl bəydən qaranlıq məsələlərə aydınlıq gətirilməsini istəsə də, hər dəfə cavabında "Elxan Məmmədovun yaxın adamıyam, maddi məsələlər "yuxarı" ilə razılaşdırılıb kimi cavabları eşidib.


Həmin müsahibədən sitatlara siz də tanış olun:


* Şahin Diniyevin 7 min manat maaş aldığını bilirdim. Amma karta köçürülən 10 min 500 manatdan kimə nə verdiyini bilmirdim. Mənə konkret siyahı gəlirdi. O siyahıya uyğun da pulları kartlara köçürürdüm. Mikayıl müəllimin hər şeydən xəbəri olub. Cabir müəllim də iş tapşıranda bunu Nərimanoğlu ilə razılaşdırmışam. Onun klubda adı gedən, işə çıxmayıb maaş alanlardan məlumatı var idi.


* Mikayıl Nərimanoğluna nəsə sual verəndə cavabında "mən heç Elxan Məmmədova xəyanət edərəm? Mən inanılmış adam olmasaydım, baş katib məni bu vəzifəyə təyin etməzdi” cavabını eşidirdim. Onu mənə rəhbər qoyublarsa, dediklərini etməyə məcburam. Rəqəmlərdəki fərqi ona deyəndə isə əsəbi formada "Mənsurə xanım, mən sizə nə deyirəm, onu edin. Bütün məsələlər "yuxarı” ilə razılaşdırılır” dedi”.

 

* Elxan Məmmədovun qəbulunda oldum. Son olaylarla bağlı söhbətləşdik. Mənə səhvlərdən danışdı. Mən isə ona bildirdim ki, Mikayıl Nərimanoğluna inanmışam. Onu da əlavə etdim ki, həmin şəxsi də siz təyin etmisiz. Belə olan halda mən necə inanmaya bilərəm?

 

Bundan sonra əlavə şərhlərə ehtiyac duyulurmu? Qeyd edim ki AFFA rəhbərliyi bu olaylardan sonra M.Nərimanoğlunu tutduğu departament rəisi vəzifəsindən azad edərək, strukturun içində başqa bir iş verdi. Buna da şərh vermək mənasızdı, hər şey gün kimi aydındı...

 

Gəlin, kimisə fakt olmadan cinayətkar adlandırmayaq. İşimiz faktlara baxıb, məntiqli nəticə çıxartmaqdı. Sadəcə olaraq, adamın ürəyi yanır. Sabah bu fürsətçılərun hamısı çıxıb gedəcək, futbol adamları da yenə “pirojki” yeyəcək...

 

Yeri gəlmişkən, “otkat” məsələsi ilk dəfə açıqlananda Şahin Diniyev vicdanına, Allahına and içərək demişdi ki, elə şey yoxdu. Vicdan öz yerində, onsuz da, neçə ildi futboldayam, kimin kim olduğunu bilərəm. 

 

Deyirəm, olmaya, Şahin bəy də aqnostikdi?..

 

Erkin İbrahimov

Tarix: 13 Noyabr 09:12    Oxunub: 216    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 Noyabr 2017
24 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.