LAYİHƏ: U-15 Liqası: 8-ci tura yekun vuruldu

Həftəsonu «Boulevard U-15 Liqası»nda 8-ci turun oyunları keçirildi. Şənbə 3, bazar günü isə 4 oyun baş tutdu.

 

«Zirə» - «Vətən» 1:1

 

Aviasiya Akademiyasının stadionunda turun açılış oyununda, eyni zamanda mərkəzi qarşılaşmasında çempionluğa iddialı komandalar qarşılaşdı. İkinci pilləni tutan «Zirə» 3-cü yerin sahibi «Vətən»i qəbul etdi. Oyun qarşılıqlı hücumlar şəraitində keçsə də, nisbi üstünlük meydan sahiblərinin tərəfində idi. Qarşılaşmada hesab erkən açıldı. Künc zərbəsindən sonra qonaqlar qola sevindilər. 14-cü dəqiqədə isə Cəfər Hüseynovun komandası hesabda tarazlığı bərpa etdi. Elnur Mirzəyev cərimə zərbəsindən fərqləndi. Matçda qalan 56 dəqiqə ərzində qapılar qarşısında çoxsaylı təhlükəli vəziyyət yaransa da, tərəflərdən heç biri qol vura bilmədi və mərkəzi qarşılaşma 1:1 hesabı ilə başa çatdı. Əslində, bərabərlik rəqiblərdən heç birinə sərf etmirdi. Çünki itirilən 2 xal onların lider «Qəbələ»dən bir qədər də aralı düşməsinə səbəb oldu.

 

«Zaqatala» - «Turan» 2:5

 

Turnir cədvəlinin zirzəmisində qərar tutan 2 komandanın qarşılaşması kifayət qədər maraqlı alındı. Oyunda vurulan 7 qol da buna işarədir. Oyun meydan sahiblərinin üstünlüyü şəraitində başladı. Zaqatalaya çatdıqdan cəmi 40 dəqiqə sonra oyuna çıxan qonaqlarda yol yorğunluğu özünü göstərirdi. Tədricən özlərinə gələn Ruslan Abbasovun yetirmələri hissənin ortalarında Ruslan Əmiraslanovun ifasında gözəl qolla hesabı açdılar. Bundan sonra oyunda diqtə bütünlüklə «Turan»ın tərəfinə keçdi. İlk qoldan bir neçə dəqiqə sonra künc zərbəsindən ötürülən topu Rüfan Tomiyev qapıdan keçirdi. İlk hissə elə bu hesabla başa çatdı.

Fasilədən sonra Mircəlal Abbasov və Rüfan Tomiyev «Zaqatala»lı futbolçuları daha 2 dəfə məyus etdilər. Bundan sonra bir qədər arxayınlaşan tovuzlular qapılarında qol gördülər. Lakin Nadir Abbasov top fərqini yenidən 4-ə çatdırdı. Oyunun son dəqiqələrində isə meydan sahibləri prestij qolla yekun hesabı müəyyən etdilər – 2:5. Bu qələbə sayəsində «Turan» xal sayını 6-a çatdıraraq turnir cədvəinin zirzəmisindən bir qədər aralandı. «Zaqatala» isə 1 xalla həmin «zirzəmidə» qalmaqdalır.

 

İsgəndər Cavadov BFA - «Viləş» 1:1

«Bakı Baza»da keçirilən oyunda bərabərlik qeydə alındı. Təəssüf ki, bu oyun haqqında ətraflı bilgi ala bilmədik. Bu üzdən hesabı qeyd etməklə kifayətlənməli oluruq.

 

«Keşlə» - «Səbail» 5:3

Turun ən qollu oyunu bazar günü «İnter Arena»nın 4-cü meydanında baş tutdu. Qarşılaşmanın favoriti meydan sahibləri göstərilsə də, qonaqların da özlərinə görə «dişləri»nin olması istənilən hesabın qeydə alına biləcəyinə işarə verirdi. Matç gözlənildiyi kimi meydan sahiblərinin hücumları ilə başladı. İlk dəqiqələrdə müdafiəyə daha çox diqqət ayıran qonaqlar isə  rəqibi əks-hücumda cəzalandırmağı düşünürdülər. Bir neçə epizodda hər iki komanda qol vurmağa yaxın olsa da, bəxtləri gətirmədi. Hesab 6-cı dəqiqədə açıldı. Nihat Abbasovdan ötürmə alan Mustafa Əhmədzadə cərimə meydançasının içində yaxın küncü dəqiq nişan aldı. Bu qoldan sonra hücumlarını davam etdirən «Keşlə» bir daha 22-ci dəqiqədə qol vurdu. Əli Tağıyevin ötürməsindən sonra Xəyal İbrahimova topa toxunmaq qaldı ki, «Keşlə»nin heyətində debüt oyununa çıxan futbolçu rahatca boş qapıya «düşdü». 34-cü dəqiqədə Xəyal özünün solo reydindən sonra qapıçı ilə üz-üzə qaldı və fürsəti boşa vermədi – 3:0. Birinci hissənin son dəqiqəsində qonaqlar Arif Məmmədovun effektli zərbəsi ilə hesab arasındakı fərqi 2-ə endirdilər.

 

İkinci hissə başlayar-başlamaz – 44 və 49-cu dəqiqələrdə Xəyal Mustafayevin yetirmələri Nihat Abbasov və Xəyal İbrahimovdan əla ötürmələr alan Vaqif Həsənovun ifasında daha 2 qol vurdular. Bundan sonra arxayınlaşan «Keşlə» qapısında 2 qol gördü. 55-ci dəqiqədə Rauf Ağahüseynov və 65-ci dəqiqədə İkram Zülfüqarlı fərqləndi. Buraxılan son qoldan sonra daha çox müdafiəyə diqqət yetirən meydan sahibləri qalan 7-8 dəqiqəni azlıqda keçirmələrinə rəğmən (komanda bütün əvəzetmələrdən istifadə etdiyi üçün zədələnmiş futbolçunu dəyişmək mümkün olmadı – red.) qələbəni qoruya bildilər.

 

«Keşlə» indiyə kimi keçirdiyi 7 oyundan 4-də qələbə qazanıb ki, bunların da hamısı ev oyununda olub. Bu da «Keşlə»nin ev komandası olması deməkdir. Əldə olunan 3 xal «Keşlə»nin xal sayını 12-ə çatdırmasına və Xaqani Məmmədovun komandasının da 12 xalı olmasına baxmayaraq, turnir cədvəlində onları keçməsinə səbəb oldu.

 

«Kəpəz» - «Qarabağ» 1:1

Gəncə TİM-nin meydanında keçirilən qarşılaşmada 10-cu dəqiqədə meydan sahibləri hesabı açdılar. Qolun müəllifini hakimlərin protokolu AFFA-ya təqdim etməməsi üzündən dəqiqləşdirə bilmədik. Az sonra qonaqlar cərimə zərbəsindən sonra qapı qarşısında yaranan qarmaqarışıqlıqdan sonra Peyman Səmədzadə ilə hesabı bərabərləşdiriblər. Qeyd edək ki, meydanın pis durumda olması hər iki komandanın baxımlı oyun sərgiləməsinə mane oldu. Vurulan qollardan sonra tərəflərin daha bir neçə dəfə fərqlənmək imkanları olsa da, oyunda başqa qol qeydə alınmadı.

 

«Neftçi» İK İB – «Neftçi» 0:1

Lökbatan OİK-nin stadionunda keçirilən qarşılaşmada «adaşlar» üz-üzə gəldi. Oyunda ərazi üstünlüyü qonaqların tərəfində idi. Onlar bu üstünlükdən yalnız matçın sonlarına yaxın istifadə edə bildilər. 60-cı dəqiqədə Nihat Həsənzadə uzaq məsafədən gözəl qola imza atdı. Bununlada Tofiq Mustafayevin yetirmələri ardıcıl 2-ci qələbələrini qazanaraq «qara zolaq»dan çıxmış oldular.

 

İOEUGİM – «Qəbələ» 1:3

Liderin bu oyunda qələbə qazanacağı gözlənilən idi. 1 gün əvvəl «Zirə» ilə «Vətən»in heç-heçə etməsi qəbələlilərə əlavə motivasiya verirdi. Çünki qələbə sayəsində Rakif Əliyevin komandası ən yaxın izləyicisi ilə xal fərqini 3-ə çatdıracaqdı.

 

Oyunda erkən qol qeydə alındı. Nə qədər gözlənilməz olsa da, hesabı meydan sahibləri açdılar. Bu, 4-cü dəqiqədə baş verdi. Buraxılan qoldan cəmi 1 dəqiqə sonra Mehrac Baxşəliyev cavab qolunu vurmağa müvəffəq oldu. Mehrac bir daha 34-cü dəqiqədə fərqləndi. Oyunda son nöqtəni isə 58-ci dəqiqədə Kənan Qaragözov qoydu.

U-15 Liqasında 9-cu turun oyunlarının 18-19 noyabrda keçirilməsi nəzərdə tutulub: «Qarabağ» - «Neftçi» İK İB, «Qəbələ» - «Kəpəz», «Səbail» - İOEUGİM, «Viləş»- «Keşlə», «Vətən» - İsgəndər Cavadov BFA, «Turan» - «Zirə», «Sumqayıt» - «Zaqatala». Oyunların başlama vaxtı və keçiriləcəyi yerlər haqqında əlavə məlumat verəcəyik.

 

Sportinfo.az

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir. 

Tarix: 13 Noyabr 01:00    Oxunub: 176    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 Noyabr 2017
24 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.