"Qurban Qurbanov elə adamdı ki, futbolçunun haqqını verir"

"Qəbələ" milli komandaların oyunları ilə bağlı yaranmış fasilədən istifadə edib. "Qırmızı-qaralar" "Zirə" ilə matçdan 0:1 hesablı məğlubiyyətlə ayrılıblar.

 

Sportinfo.az xəbər verir ki, mövsümün ilk turlarında zədələnərək 2 ay yaşıl meydanlardan kənar qalan "Qəbələ"nin müdafiəçisi İlqar Qurbanov "Zirə"yə qarşı 45 dəqiqə oynayıb. Matçdan sonra təcrübəli futbolçu bir sıra maraqlı sualları cavablandırıb.

 

- Demək olar ki, zədəm tam sağalıb. 2 ay yarım idi ki, yaşıl meydanlardan kənarda qalmışdım. Şükürlər olsun ki,. bu gün geri döndüm. Futbol üçün darıxmışdım. İndi özümü yaxşı hiss edirəm. Milli komandaların oyunlarına görə yaranmış fasilədən maksimum istifadə etməyə çalışırıq. Bu, mənim üçün əsl fürsət oldu. 45 dəqiqə şans qazandım. Sabah da oyun keçirəcəyik. Oynasam, əla olardı. Fasilədə yaxşı hazırlaşırıq. Yoxlama oyunlarında nəticə vacib deyil. Bizi çempionatda "Neftçi" ilə çətin matç gözləyir. "Ağ-qaralar" son zamanlar formaya düşüb. Vacib qarşılaşmadır. Maraqlı görüş keçəcək. Həmişə bizimlə duelləri gərgin alınır.

 

Uzun müddət oynamadın. Bu gün özünü necə hiss edirdin?

- Ağır idi. Barmağım qırıq olsa da, məşqlərdən qalmırdım. Fitnes məşqlər edirdim.

 

Yaxşı formada olsan da, yığmaya dəvət almırdın. İndi isə Qurban Qurbanov yığmamızın baş məşqçisi təyin edilib. Bu haqda fikirlərin maraqlıdı...

- Bu, çoxdan baş verməli idi. Qurban Qurbanovun təyinatı gecikmiş qərardı. Azərbaycan futboluna xeyirli olsun. Azərbaycanlı oyunçulara da həmçinin. İnanıram ki, haqq-ədalət bərqərar ediləcək. 

 

Başqa sözlə, milliyə dəvət gözləyirsən?

- Xeyirlisi. Qurban Qurbanov elə adamdı ki, futbolçunun haqqını verir. Yaxşı oynayan kənarda qalmaz. Əgər dəvət almasam, qərarına şübhə etmərəm. Onun qərarlarına inanıram. İnanmıram ki, hansısa səbəbə görə futbolçunu kənarda saxlasın. O, ədalətli adamdı.

 

"Qəbələ" "Zirə" ilə oyunlarda əksər hallarda büdrəyir...

- Olur belə şeylər.  "Zirə"nin də haqqını yemək olmaz. Yaxşı komandadı. Yaxşı baş məşqçiləri və oyunçuları var. 

 

"Qarabağ"dan "Qəbələ"yə gəlmisən. Sabiq komandanı əlinin içi kimi tanıyırsan. Səncə, Ağdam komandası ilə "Qəbələ" çempionluq uğrunda mübarizə apara biləcək?

- Hazırda mübarizə "Qəbələ", "Zirə" və "Qarabağ" arasında gedir. "Sumqayıt"ın da adını unutmaq olmaz. Bu mübarizəyə "Neftçi" də qoşulacaq. Çempionat maraqlıdır. Ötən illərlə müqayisədə "Qarabağ" üçün daha çətin olacaq.

 

3 turdan sonra çempiontda 2 aylıq fasilə yaranacaq. Bu isə çempionatın ritmdən düşməsini şərtləndirən məqamdı...

- Bu faktor futbolçuya mənfi təsir göstərir. 12-14 komanda olsaydı, belə şey baş verməzdi. Topaz Premyer Liqası üçün 8 komanda çox azdı.

Tarix: 12 Noyabr 12:54    Oxunub: 134    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 Noyabr 2017
24 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.