Azərbaycan futbolunun ürəyi yeni nəfəslə döyünməyə başlayır – İNQİLAB!

Qurban Qurbanovun iş üslubuna və obyektivliyinə bələd olduğumuzdan, nəticəli-nəticəsiz bu təyinatın Azərbaycan futboluna xeyir verəcəyi şübhəsizdi.

 

Bu, bəlkə də gələcəyin nizamlı qərarlarının başlanğıcıdı. Amma belə «bəlkə»lərin sayı çoxdu:

 

Ən əsası, bəlkə bundan sonra Azərbaycanda futbolun özünə bir obyektiv baxış gətirilirək, həqiqi və real güclü bir mühit yarandı.

 

Bəlkə yerli futbolçuların milli komandalara yolu açıldı.

 

Bəlkə uşaq futboluna baxış dəyişdi.

 

Bəlkə klublar üzünü əsl sərmayə bazarına - yerli futbol məktəblərinin inkişafına yönəltdi.

 

Bəlkə Azərbaycan futbolunda idarəetmə prinsiplərinin yenilənməsinə başlanıldı.

 

Bəlkə futbolumuzda obyektivlik, şəffaflıq yeni mərhələyə qaldırıldı.

 

Hələ çox ehtimallardan söz açmaq olar. Eləcə də mübahisə doğura biləcək çox məqamları da açıb-ağartmaq olar. Amma zənnimcə, sadaladığım bu «bəlkə»lərə əməl olunsa, qalanları da öz növbəsini gözləyəcək.

 

Ən ümdəsi, Qurban Qurbanovun gəlişi ilə artıq skeletləşib pərçimlənmiş, bərkiyib ehkamlaşmış bəzi təsəvvürlərin dağılmasına ümid böyükdü.

 

Nəticələrdən asılı olmayaraq, bu dəfə yerli mütəxəssisə həvalə edilən milli komandanın və ümumiyyətlə, Azərbaycan futbolunun ürəyi yeni nəfəslə döyünməyə başlayır.

 

Ümid edək ki, böyük planlar açıqlayıb həyata keçirə bilməyən Şahin Diniyevdən fərqli, o, daha iradəli və qətiyyətli, sözünə-əməlinə sahib olacaq.

 

Son illərdə pis-yaxşı açıqlanmış proqramın sonuncu müəllifi olan Diniyevdən sonra ilk dəfədi yığma yenə yerli mütəxəssisə həvalə olunur və yenə də məşqçidən böyük fəaliyyət proqramı açıqlaması gözlənilir.

 

Fəqət, bütün planların bir həqiqətə çevrilməsi üçün Qurban Qurbanov müstəqilliyini, ixtiyarını, prinsipiallığını əldən verməməli, qazandığı nüfuzu qorumaq üçün hər an sınaqlar qarşısında olacaq obyektivliyini, təhlükə altında qalacaq sayıqlığını itirməməlidi.

 

BATI YAR

Tarix: 12 Noyabr 12:02    Oxunub: 372    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 Noyabr 2017
24 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.